Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Yaponiya idxalına tətbiq edilən tarifləri 25%-dən 15%-ə endirməyə razılaşıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunun qarşılığında Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb və Amerikaya avtomobil, yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları idxal etməyə icazə verib.
Bildirilir ki, müqavilə Yaponiyanın baş naziri Şiqeru İşibanın işinə yarayıb. Amma Liberal Demokrat Partiyasının (LDP) parlamentin yuxarı palatasına seçkilərdəki uğursuzluğundan sonra onun reytinqi aşağı düşüb və LDP-də hökumət başçısının istefası ilə bağlı çağırışlar var.
Bu arada, CBS News kanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Yaponiya ilə “külli miqdarda” müqavilə bağladığını bildirib. Tariflər həqiqətən də 15%-ə endirilib. Lakin Amerikanın ən böyük investoru olan Yaponiya 550 milyard dollar sərmayə qoymağı öhdəsinə götürməklə yanaşı, özü üçün daha bir mənfi addım atıb. Bu investisiyalardan əldə edilən gəlirin 90%-i ABŞ-da qalacaq.
“Truth Social” platformasında Tramp yazıb: “Bu, ABŞ üçün həyəcanverici vaxtdır, xüsusən ona görə ki, bizim Yaponiya ilə həmişə əla münasibətimiz olacaq”.
Bununla belə, ABŞ hakimiyyətinin açıqladığı statistika Trampın Yaponiya ilə sərt sövdələşmədə haqlı olduğunu göstərir. Ötən il Yaponiya ABŞ-dan 79,7 milyard dollarlıq mal alıb, 142,8 milyard dollarlıq idxal edib. Yaponiya Amerikanın beşinci ən böyük ticarət tərəfdaşıdır. Üstəlik, Yaponiya avtomobil nəhəngləri Amerika avtomobil sənayesi üzərində üstünlük təşkil edir. Ötən il Yaponiyanın ABŞ-a ixracının üçdə birindən çoxunu avtomobillər və onlar üçün ehtiyat hissələri təşkil edib. Vaşinqtonun tarifi 15%-ə endirməsi dərhal Yaponiya avtomobil şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb olub.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ