İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayəti kimi ünsürlərin sıfırlanması fonunda İran Prezidenti Pezeşkiana isti yanaşma...  

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi intervü çox mühüm məsələlərlə bağlı diplomatik ibarələrdən uzaq, açıq yanaşmanın sərgiləndiyi və bir sıra hallarda bəzilərini qıcıqlandıracaq fikirlərlə zəngin olduğundan heç şübhəsiz ki, geniş beynəlxalq reaksiya doğuracaq.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib. Deputat burada ilk növbədə Vaşinqtonda üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi halda, Ermənistanın nə ilə üzləşə biləcəyi haqda deyilənləri, özünü adekvatlıqdan uzaq aparan Rusiyanın hərəkətlərinə verilən qiyməti, Vilayəti kimi ünsürlərin hədələrinin heçə endirilməsi, sıfırlanması fonunda İran Prezidenti Pezeşkiana isti yanaşmanın olduğunun və bunun səbəbinin gizlədilməməsini, Yaxın Şərqlə bağlı planları nəzərdə tutduğunu xüsusi vurğulayıb.

Deputat “Əl-Ərəbiyyə” telekanalının əməkdaşının Azərbaycanın sünni və şiələr arasında yaxşı əlaqələrin qurulmasında hansı addımları ata biləcəyi haqda sualını cavablandırarkən cənab Prezidentin dediklərinə diqqət çəkib. Sitat: “Mən belə fikirləşirəm ki, ikinci Qarabağ savaşındakı zəfər qarışıq bizim bütün uğurlarımızda onun bəhs etdiyi reallığın çox mühüm rolu var: “Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər”.

S.Aliyevin fikrincə, Azərbaycan Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi intervüdə ilk dəfədir ki, Ermənistanla sülh haqda bu dərəcədə nikbin danışıb və nikbinliyinin səbəblərini də göstərib: “Səbəblərdən biri avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh yonündə atılan çox mühüm addımı “dünyanın bir nömrəli ofisi”nin dəstəkləməsidir. Yəni hakimiyyət dəyişikliyi, yaxud da hər hansı başqa bir səbəbdən Ermənistan 8 avqust razılaşmasından imtina edəcəyi təqdirdə cənab Prezidentin də vurğuladığı kimi ABŞ ilə əlaqələri pisləşəcək. Çünki onun özü də bildirdi, bu, cənab İlham Əliyevlə Nikol Paşinyan yox, Azərbaycanla Ermənistan arasında imzalanan sənəddir. Üstəlik, həmən razlaşmanı səmimi dəstəkləyən dövlətlərin də buna necə reaksiya verəcəkləri unudulmamalıdır. Demək, 8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir. Həm də ona görə ki, “Regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıq xarakterli bu açıqlmasının nə demək olduğunu xəstə cəmiyyətin ən radikal ünsürləri, yəni revanşistlər qarışıq Ermənistanda yəqin hər kəs anlayır. Onun Zəngəzur dəhlizi haqda bu açıqlaması da həmən cəmiyyətin müəyyən dərəcədə ayılmasına məncə, təsirsiz ötüşməyəcək: “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

İranda Vilayəti kimi ünsürlərin bu dəhlizin açılmasına imkan verməyəcəkləri haqda hədələrinə dövlət başçımızın yanaşmasına gəldikdə, S.Alıyev vurğulayıb ki, çox düşündürücü və o hədəni səsləndirənlər üçün sarsıdıcı idi: “Doğrudan da, Pezeşkianı İran xalqı seçdiyindən ölkəsinin mövqeyi haqda onun dedikləri əsas götürülməlidir. Legitimliyi sual altında olanların yox! Məhz bu səbəbdən onların sərgilədikləri mövqenin cənab İlham Əliyevin təbirincə desək, “Bizim üçün əhəmiyyəti sıfırdır!” Burada sual oluna bilər ki, birdən İrandakı həmən çevrələr hədələrini reallaşdırmaq istəsələr, onda necə olacaq? Heç nə, belədə qarşılarında ilk növbədə onlara 12 günlük savaş zamanı “qələbə” yaşadan dövləti - ABŞ-ni görəcəklər. Təbii ki, İrandakı rejimə həlledici son zərbəni endirmək üçün yaranmış fürsətdən İsrail də necə lazımdır faydalanmağa çalışacaq. Və Azərbaycan bu dəfə baş verənləri sadəcə izləməyəcək, yaxud da həmən savaş günləri bildirildiyi kimi bunu qəbuledilməz adlandırmayacaq. Əksinə, bizə düşməncəsinə yanaşanların, yaratdığımız geosiyasi reallıqla barışmaq istəməyənlərin siyasi səhnədən rədd olub getmələri üçün əlindən gələni əsirgəməyəcək”.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR