İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı deputat təzyiqlərə tab gətirmədi: Xalid Tağızadə istefa verdi

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) azərbaycanlı deputat Xalid Tağızadə qalmaqallı çıxışının doğurduğu təzyiqlərə tab gətirməyərək vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, onun istefası rəsmi olaraq dairə Duması tərəfindən qəbul olunub.

İstefa qərarı bir neçə ay öncə yaşanmış və ictimai rezonans doğurmuş insidentin davamı kimi qiymətləndirilir. Belə ki, deputat Xalid Tağızadə parlament iclaslarından birində Yuqranın (XMAO) və Tümen vilayətinin bir hissəsinin türklərin tarixi vətəni olduğunu demişdi.

Bu açıqlama Rusiya ictimaiyyətində kəskin etirazla qarşılanmış, azərbaycanlı deputatın üzərinə dəhşətli basqı həyata keçirilmişdi.

Təzyiqlərə tab gətirməyən deputat sonradan açıqlama verərək sözlərinin yanlış anlaşıldığını bildirmişdi:

“Yuqranın miqrantlar üçün cəlbedici olmasının mümkün səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyil, sadəcə fərziyyə idi. Təəssüf ki, sözlərim birmənalı qarşılanmadı. Bunun üçün dərin təəssüf hissi keçirir və üzr istəyirəm".

Qeyd edək ki, deputat parlamentdə belə demişdi:

“Miqrantlar müxtəlif olur. Məsələn, özbəklərlə bağlı… Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına aid olub. Məlumdur ki, sonuncu hökmdar Xan Küçüm idi. Bu isə Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsidir. Ola bilsin ki, miqrantlar bu ərazilərə özlərinin tarixi vətəni kimi gəlirlər.”

Məsələ qısa zamanda federal səviyyəyə yüksəldi. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov məsələyə sərt reaksiya verərək, o zaman belə demişdi:

“Onu süpürgə ilə qovmaq lazımdır.”

Bundan sonra Tağızadə “xalq düşməni” elan edilərək ictimai şəkildə üzr istəməyə məcbur edilmişdi. Xüsusi olaraq təşkil edilmiş Dumada çıxış edən deputat, səsini titrədərək və kobud psixoloji təzyiq altında, “sözlərimin kimlərisə incitdiyini görürəm” deyə üzr istədiyini bildirmişdi. Bu hadisə həm rus, həm də azərbaycanlı diaspor fəalları tərəfindən təhqiredici addım kimi qiymətləndirilmişdi.

Rusiya siyasi sistemi Tağızadəyə qarşı mənəvi terror mühiti yaratdı. Rusiya Prokurorluğu Tağızadənin fikirlərində ekstremizm əlaməti aşkarlamasa da, onun cəzalandırılması və ictimai təzyiqlə susdurulması davam etdi.

Musavat.com-un əldə etdiyi son məlumata görə, Xalid Tağızadə Duma rəhbərliyinə rəsmi istefa ərizəsi təqdim edib. İstefasının əsas səbəbi kimi ona qarşı tətbiq edilən haqsız cəzalar, ictimai təzyiqlər və şikayətlərinin nəticəsiz qalması göstərilir.

Qeyd edək ki, Xalid Tağızadə Rusiyada yaşayan azərbaycanlılar arasında ictimai-siyasi proseslərdə fəallığı ilə seçilən azsaylı şəxslərdən biri idi. Onun məcburi üzr istəməsi və istefası Azərbaycan diasporunda narazılıqla qarşılanıb. Ekspertlər bu hadisəni Rusiyada milli azlıqlara qarşı tətbiq edilən siyasi basqı mexanizmlərinin bir nümunəsi kimi dəyərləndirirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR