İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi rejiminin "qara kassası" hakim qarşısında

Bakı Məhkəmə Kompleksində Azərbaycan tarixinin ən səs-küylü məhkəmə proseslərindən biri davam edir. Hakim qarşısına çıxarılan uzun illər Xankəndidə qurulan qondarma rejimin maliyyə sütunu, separatçıların baş sponsoru, milyarder Ruben Vardanyandır.

Musavat.com xəbər verir ki, Ruben Vardanyan xalqımıza qarşı müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, işgəncə, muzdluluq, müharibə cinayətləri, qanunsuz silahlı birləşmələr yaratma və digər ağır maddələri ilə təqsirləndirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə keçirilən prosesdə hakimlər Anar Rzayev və Camal Ramazanov iştirak edir.

Proses açıqdır, məhkəmə zalında zərərçəkmiş azərbaycanlılar ifadə verir. Onların dedikləri isə insanın qanını dondurur: işgəncələr, qətliamlar, evlərin yandırılması, mülki əhalinin zorla köçürülməsi…

Ruben Vardanyan məhkəmədə susmaq hüququndan istifadə edir. İfadə verməkdən, dövlət ittihamçılarının suallarını cavablandırmaqdan imtina edir. O susur, onun keçmiş cinayətlərini əhatə edən sənədlər, sübutlar, faktlar, ekspertiza rəyləri “danışır”.

Hazırda məhkəmə işinin ən kritik mərhələsidir. Məhkəmədə zərərçəkmişlərin ifadələrinə dinlənilir. Hər bir zərərçəkmiş Azərbaycan torpaqlarının işğalının və Ruben Vardanyanın maliyyələşdirdiyi separatçı dəstələrin qurbanıdır. Proses açıq keçirilir, beynəlxalq müşahidəçilər və yerli media nümayəndələri zaldadır. Bu məhkəmə təkcə Ruben Vardanyana qarşı deyil, Xankəndidə qurulan qanunsuz rejimə, Azərbaycan xalqına qarşı aparılmış cinayətlərin mühakiməsidir.

İttiham aktı Baş prokuror tərəfindən təsdiqlənib və iş Bakı Hərbi Məhkəməsinə göndərilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR