Onlayn ictimai-siyasi qəzet
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının Xankəndidə keçirilməsi bir ilk idi. Azərbaycanın məhz Xankəndi şəhərində sammitin təşkil olunması dünya ictimaiyyətinə ciddi bir ismarış oldu. Çünki uzun illər separatizm yuvasına çevrilmiş Xankəndidə hər hansı qanuni idarəetmə olmayıb və bu səbəbdən beynəlxalq konfranslar keçirilməyib. Separatçı-xunta rejiminin mövcud olduğu dönəmdə Xankəndidə keçirilən tədbirlər isə yalnız qondarma, artıq mövcud olmayan “artsax” adı altında keçirilirdi.
İƏT-in zirvəsi isə Xankəndidə hüquqi bir dövlət quruculuğunun bərqərar olduğunu sübut etdi. Bəli, Azərbaycan 30 ildən artıq müddət Xankəndi və ətraf ərazilərdə hüquqi dövlət quruculuğuna nail ola bilməmişdi. Burada istər mülkiyyətin kadastrı, reyestrindən tutmuş digər sənədləşməyə qədər hər şey hər hansı hüquqi statusu olmayan, Ermənistanın belə müstəqilliyini tanımadığı “artsax”a aid əski parçaları sayılan sənədlər əsasında tərtib edilmişdi. Antiterror əməliyyatından sonra Xankəndi üzərindən “qara bulud”lar çəkildi və şəhər özlüyünə qayıtmağa başladı.
Uzun illər xain yuvası, terror ocağı olmuş şəhərimiz hazırda öz sahibinə qayıdıb. Baxmayaraq ki, erməni separatçılar yenə də müəyyən çağırışlar səsləndirir, lobbi və diasporası bəzi avropalı siyasətçiləri ələ alaraq müxtəlif platformalarda “artsax” çıxışları etməyə çalışır, guya ermənilərin Xankəndidən zorla çıxarıldığı iddialarını irəli sürürlər, bununla yanaşı, Xankəndi bu gün inkişafdadır, hər gün qonaqlar qarşılayır, şəhərdə quruculuq işləri aparılır, tam qanuni bir hakimiyyət və idarəetmə yaradılıb.
O baxımdan, İƏT zirvəsinin bu şəhərimizdə keçirilməsi də beynəlxalq ictimaiyyətə, ermənipərəst dairələrə sonuncu bir siqnal idi ki, Xankəndidən əllərini üzsünlər. Ən əsası, bu konfransda iştirak üçün Türkiyə, Pakistan və İran liderlərinin Xankəndinə gəlişi xüsusi və əlamətdar hadisə idi. Beləliklə, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımların möhürlənən hissəsi məhz Xankəndidə liderlərin toplaşmasıydı.
Hazırda erməni terrorçularının vaxtilə yuvası olmuş Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənd və Ağdərə ərazilərində həyat axarına qayıdır. Artıq saxta erməni toponimləri - “Stepanakert”, “Mardakert”, “Martuni”, “İvanyan” yoxdur. Hər bir şəhər əsl adına qayıdıb. Əgər dinc erməni sakinlər qalsaydılar, onlar da normal bir həyat yaşaya bilərdilər. Çünki terrorçu rejim 30 ildən çox əhalini əsarətdə saxlayıb, sərvətləri talan edib, erməni sakinlər isə ac-yalavac ömür sürüblər. Bunu münaqişədən sonra həmin əraziləri görəndə anlamaq mümkün idi. O cümlədən erməni sakinlərin güzəranına da nəzər yetirəndə məlum olurdu ki, heç də işğal dövründə xoş gün görməyiblər. Azərbaycan isə onları saxlamaq üçün yalvarmaq niyyətində deyildi. Kəsəsi, hüquqi dövlət quruculuğu prosesi Qarabağda tam təmin olunub. İƏT zirvəsi isə bu prosesə ayrıca rəng qatdı.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu “Yeni Müsavat”a bildirib ki, Xankəndidə qısa müddətdə ciddi addımlar atılıb: “Vaxtilə orada separatçıların qondarma polisi, təhlükəsizlik xidməti fəaliyyətdə idi. Azərbaycan şəhərdə hüquqi dövlət quruculuğu istiqamətində ilk addımlardan biri kimi məhz öz hüquq-mühafizə orqanlarının fəaliyyətini təmin etdi. Təbii ki, təhlükəsizlik prioritet məsələdir. İndi vətəndaşlarımız Xankəndidə azad, rahat dolaşa bilirlər. Çünki təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Bu da Qarabağda hüquqi dövlət quruculuğu üçün ən vacib amildir. Elə Xankəndidə zirvə toplantısının keçirilməsi zamanı təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması da bunu bir daha ortaya qoydu. Nəzərə alaq ki, bir sıra ölkələrin liderləri şəhərimizə təşrif buyurmuşdu. Azərbaycan dövləti sübut etdi ki, Qarabağ etibarlı əllərdədir”.
Hüquq müdafiəçisi qeyd edib ki, bundan sonra Xankəndidə müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkilini sürətləndirmək lazımdır: “Bu şəhərlə bağlı xain planları, bədxah niyyətləri olanlar bilməlidir ki, nə onlara burada konsulluq açılmasına imkan veriləcək, nə də məkrli ssenarilərini həyata keçirmək üçün 5-10 min erməninin qeyd-şərtsiz qayıdışına şərait yaradılacaq. Azərbaycan dövlətinin mövqeyi və şərtləri hər kəsə aydındır.
Bu baxımdan, Xankəndidə müxtəlif QHT tədbirləri, beynəlxalq konfranslar, müxtəlif idman yarışları keçirilməsini təklif edirəm. Bununla həm şəhərimizin dünyaya tanıdılması üçün ciddi təbliğat işləri görülmüş ola bilər, həm də, dediyim kimi, Xankəndi barədə hansısa çirkin planlar quranlar nəticə çıxararlar".
Hazırladı: Emil Salamoğlu
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ