Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı olduqca sərt və hədə dolu açıqlama verib.
Senator açıq şəkildə bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, “gedib Ayətulladan soruşsunlar.”
Musavat.com -a görə, Qrem bununla əslində çox açıq bir mesaj verib: xatırladaq ki, Tramp administrasiyası vaxtilə İrana da eyni ilə 50 günlük vaxt vermiş və 51-ci gün İran bombalanmışdı. Senatorun sözləri bu baxımdan birbaşa Putinə ünvanlanmış xəbərdarlıqdır ki, o, İrandan nəticə çıxarsın. Bu, təkcə bir senatorun mövqeyi deyil — Qremin sözləri əslində ABŞ dövlətinin ümumi mesajıdır və artıq bu mesaj Rusiyaya rəsmi şəkildə çatdırılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO vasitəsilə Ukraynaya ABŞ istehsalı olan silahların göndəriləcəyini və bu prosesin Avropalı tərəfdaşlar tərəfindən maliyyələşdirildiyini açıqlayıb. Eyni zamanda Tramp bəyan edib ki, əgər 50 gün ərzində döyüşlər dayandırılmasa, Putinin müharibəsini maliyyələşdirən ölkələr — yəni Rusiyanın ucuz neftini alan dövlətlər — 100%-ə qədər tariflərlə üzləşəcəklər. Bu addımın məqsədi Kremlə onun ən həssas nöqtəsindən zərbə vurmaqdır.
Senator Lindsi Qrem isə bu qərarı tam dəstəkləyərək bildirib:
“Əgər Putin və digərləri 51-ci gün nə baş verəcəyini düşünürlərsə, mən onlara məsləhət görərdim ki, Ayətullaha zəng etsinlər”.
Təbii ki, burada "Ayətullah" ünvanı birbaşa İranın dini rəhbəri Seyid Əli Xameneidir.
Senator əlavə edib ki, əgər özü hansısa dövlət olsaydı və ucuz Rusiya nefti alaraq Putinin müharibə maşınına dəstək verirdisə, Trampın bu sözlərini çox ciddi qəbul edərdi. Senatorun sözlərinə görə, Vaşinqton bu dəfə geri çəkilməyəcək və əgər Moskva atəşkəsə getməsə, çox ağır nəticələr qaçılmaz olacaq.
Musavat.com
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ