Onlayn ictimai-siyasi qəzet
TASS-ın “Stepanakert” tərbiyəsizliyi gözlənildiyi kimi, erməni separatçı-revanşistlərin qurumuş gözlərinə su çilədi. Sən demə, mifik “artsax”ın “mədəniyyət nazirliyi” də varmış və o, hətta İrəvanda “fəaliyyət” də göstərir (“Qarabağ Azərbaycandır” deyən Paşinyan hara baxır?).
Həmin bu üzdəniraq “nazirlik” Bakının sərt xəbərdarlığı qarşılığında dərhal təkzib verən TASS-a “züy” tutaraq, absurd anti-Azərbaycan bəyanatı yayıb. Əslində isə bizi haqlı çıxarıb, Qarabağda erməni separatizminin kökünü kəsməkdə nə qədər haqlı olduğumuzu növbəti dəfə təsdiqləyib.
Səbrimizi basıb sitata diqqət edək: “Aivazovskinin abidəsi 2021-ci ildə “artsax respublikası”nın (dırnaqlar bizimdir – Z.S) “dövlət orqanları”, “artsax”ın rus icması və Rusiya sülhməramlı missiyasının birgə təşəbbüsü ilə ucaldılıb. Müstəqil “artsax respublikası” öz qərarlarını tam suveren hüquqlar əsasında qəbul edirdi və qonşu dövlətdən (Azərbaycan nəzərdə tutulur! – Z.S.) heç bir icazə almağa borclu deyildi”.
Sırtıqlığın bu qədəri. Hansı “müstəqil artsax dövləti”? Bakıda cinayətkar rəhbərlərinə məhkəmə qurulan mifik “artsaxı”mı deyirsiniz? Onu dünyada kimsə tanımışdımı ki, verdiyi qərarlar da beynəlxalq hüquqa uyğun surətdə legitim və qanuni sayılsın?! Hətta heç Ermənistan da tanımaya cəsarət eləməmışdı.
Odur ki, separatçı dələduzlar danışdıqca özlərini bir az da rəzil və rüsvay eləmək istəyirlərsə, etirazımız yox...
İkincisi, Qarabağda nə vaxt rus icması olub ki, o, hələ kiminsə heykəlinin qoyuluşuna razılıq da verə? Əlbəttə, rus icması ilə bağlı uydurma Moskvanın başqa bir məkrli oyunu idi. Allaha şükür, yarımçıq qaldı. Məqsəd keçmiş Dağlıq Qarabağın Azərbaycana, onun məsuliyyət zonasına aid olmadığını göstərmək, bölgədə əbədiyyən qalmaq idi.
Nə yaxşı ki, planları başlarında çatladı. Separatçı-quldur birləşmələri ilə birgə onların 1 nömrəli havadarı - rus hərbi kontingenti də torpaqlarımızdan cəhənnəm olub getdi. İndi bir daha aydın oldumu ki, Azərbaycan öz ərazisini separatçılardan və “sülhməramlılar”dan təmizləməklə hansı möhtəşəm və savab işi görüb?..
Sonra. Üzdəniraq “mədəniyyət nazirlityi”nin iddiasına görə, Xankəndinə “Stepanakert adını 1923-cü ildə, yəni DQMV yaradılarkən “Bakı rəhbərliyi tərəfindən erməni inqilabçısı, Bakı komissarlarının rəhbəri Stepan Şaumyanın şərəfinə verilib”.
Tarixçilər məsələni daha dəqiq şərh edər, ancaq bildiyimiz qədər Pənahəli Xanın şəhərinə quldur və cani Stepanın adını Bakı yox, Moskva verib. Yaxud verdirib.
Lap tutaq, o vaxtkı Azərbaycan bolşevikləri də səslərini çıxarmayıb. Yaxşılıq-zad qanmayan nankor ermənilərə Qərbi Zəngəzuru peşkəş eləməyin ardınca belə bir bağışlanmaz səhvə də yol veriblər. Amma o zaman da indiki kimi “Dağlıq Qarabağ” Azərbaycanın ayrılmaz tərkib hissəsi idi. 1991-ci ilin noyabrında (müstəqilliyin elanından az sonra) isə Azərbaycan Ali Soveti həm DQMV-ni ləğv edib, həm də Xankəndinin tarixi adını özünə qaytarıb. Yerdə nə qaldı?
Təbii ki, geri dönüş olmayacaq! Yeni reallıqla Rusiya və erməni separatçıları da ya barışacaqlar ya da... barışacaqlar və nida işarəsi!
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ