İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaraba qalsa da, İsrail Taitiyə köçəsi deyil – “Yer üzündən silinməmək” üçün savaşacaq

İranla qonşu olan dövlətlərin İsrail-İran savaşında apardıqları siyasətə, diplomatik fəaliyyətə baxanda onların nə dərəcədə səmimi olduqlarını təsbit etmək olmur.

Düzdür, ortada qonşuluq münasibətləri, böyük ticarət ortaqlığı, din mənsubluğu, sərhədin o tay-bu tayında yaşayan xalqların qohumluğu və sair amillər var və heç kəs istəməz ki, qonşusunun evinə od düşsün, amma yenə də, prinsipcə, heç bir dövlət öz böyük qonşusunun üstəlik kütləvi qırğın silahına malik olmasını istəməməlidir.

Tarixə baxanda aşkar görünür ki, böyük müharibələrin 99 faizi məhz qonşu dövlətlərin arasında olub. Zamanın hansısa kəsiyində bir-birilə vuruşmayan, əsrlər boyunca müharibə şəraitində, intriqa içində yaşamayan dövlət və xalq yoxdur.

Tarixdə çox olub: dinc-yanaşı yaşayan, eyni hərbi gücdə olan iki dövlətin biri hansısa səbəbdən (əsasən də güclü şəxsiyyətin dövlət başına keçməsi ilə) güclənməyə başlayıb və o, öz tərəqqisinin pikinə çatanda ilk olaraq vaxtilə özünə bab olan dövlətə hücum edib. Əgər aqressor dövlət o hərbi kampaniyada uğur qazanıbsa, gücünə güc qatdığı üçün cənuba, şimala, qərbə, şərqə doğru genişlənib, nəticədə ortaya qüdrətli bir imperiya çıxıb.

Məsələyə sırf bu kontekstdən yanaşsaq, İranın nüvə silahı əldə etməsinin ilk növbədə onunla həmsərhəd ölkələrə zərərli olduğu, onların dövlət maraqlarına ziddiyyət təşkil etdiyi ortaya çıxar.

Bu dövlətlər hansılardır? Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Ərəb\Fars körfəzi ölkələri. Sırada Ermənistan da ola bilərdi, ancaq fakt budur ki, İranın nüvə dövləti olmasının Ermənistan üçün təhlükəsi yoxdur. Tehran bu dövləti öz kiçik qardaşı sayır və erməni xalqına əlahiddə imtiyazlar tanıyır.
Ancaq İranın yuxarıda adı çəkilən dövlətlərlə müəyyən intriqaları var. İranın nüvə silahı əldə edərək regionun lider dövlətinə çevrilməsi halında öz qonşuluq siyasətini necə dəyişəcəyi çox da qəliz məsələ deyil.

Aydındır ki, elə bir silah əldə etsə, İran ötkəm və iştahlı olacaq, qonşularına qarşı tələblər irəli sürəcək, xüsusi hüquqlar tələb edəcək, münaqişələrə girməkdən çəkinməyəcək və sair və ilaxır.

Hazırda İranın nüvə dövləti olmasına qarşı əsasən İsrailin çıxmasının səbəbi hər kəsə tam aydındır. 1979-cu ilə qədər müttəfiq olan, bütün sahələrdə əməkdaşlıq edən İran və İsrail məhz həmin tarixdən sonra düşmənə çevriliblər və bu, İranda hakimiyyətə gəlmiş teokratik qüvvələrin təşəbbüsü ilə olub. İran İslam Respublikasının rəhbərliyi İsraili siyasi mənada “üzdəniraq” elan edib, belə bir dövlətin nəinki regionda, hətta dünyada mövcud olma haqqının olmadığını israrla təkrarlayıb, onu “Yer üzündən siləcəyi”nə dair vəd verib.

İndi tutaq ki, İsrail deyil, başqa bir dövlətdir, kim “Yer üzündən silinmək” təhdidinin qarşısında əlini-qolunu sallayıb oturar? Yəqin ki, heç bir dövlət bu aqibətlə barışmaq istəməz. Bugünkü İsrail-İran müharibəsinin başlıca səbəbi budur.

Ərazicə çox kiçik, əhalisinə görə isə ortaboylu ölkələrdən olan İsrailin dövlətçilik tarixi baxımından qısa müddətdə nüvə silahı əldə etməsi, ordusunu dünyanın öndə gələn ölkələrinin silahlı qüvvələri qədər gücləndirməsinin səbəbi də məhz mürəkkəb regionda öz mövcudluq haqqını müdafiə etmək idi.

Hazırda İsrailin belə bir gücü var. Üstəlik, bu dövlət Qərb dünyasında ciddi arxa-dayağa da malikdir. Ona görə də İsrail təhlükə gözlədiyi bütün ölkələrlə düşmənçilik etməyə hazırdır.

Bəzən hesab edirlər ki, İsrailin bu sayaq aqressiv hərbi siyasət yeritməsi Benyamin Netanyahunun şəxsiyyəti ilə bağlıdır. Elə deyil. İsrail öz qurucu lideri David Ben Qurionun dönəmində də belə olub, Qolda Meir, Ariel Şaron, Şimon Peres və digər baş nazirlərin dövründə də özünü əfəl göstərməyib. Bu gün Netanyahunun kreslosunda İsrailin ən humanist və mülayim siyasətçisi otursaydı da, dövlət bu cür hərəkət edəcəkdi. Çünki bu, yəhudi xalqının ölüm-qalım məsələsidir.

Regionda sülhün bərqərar olmasının yeganə yolu dövlətlərin bir-birinin mövcudluq haqqını tanıması, heç kimin o birini “Yer üzündən silmək”lə hədələməməsindən keçir. Sonda dinc, yanaşı yaşamaq mümkün olmalıdır. İsrail oğulları yenidən öz ölkələrini düşmənə buraxıb uzaq adalara – Taitiyə, Vanuatuya köçəsi deyil.

İsrail bu regionunun qədim xalqlarından biri olsa da, dövlət olaraq kimsəsi olmayan, “yetim” dövlətdir, amma o özünü qorumaq üçün hər şeyə hazırdır. Ancaq o özü də Fələstin xalqının regionda mövcudluq və milli dövlətə malik olmaq haqqını tanımalıdır. Fələstin xalqı da Kabo-Verdeyə köçməyəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR