Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov vilayətinin Müdafiə Şurası iclasda Şevçenkovka icmasının 7 yaşayış məntəqəsindən məcburi təxliyə ilə bağlı qərar qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbov öz "Telegram" kanalında məlumat verib.
Qərara əsasən, köçürmə Buranovka, Beryozovka, Novonikolaevka, Spodobovka, Staroverovka, Duvanka və Fedorovka kəndlərinə şamil olunur.
Sinequbovun sözlərinə görə, qərar Rusiyanın gücləndirilmiş hücumları səbəbindən verilib. Son iki ay ərzində Rusiya ordusunun top, reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları (PUA) ilə hücumları nəticəsində icmada iki nəfər həlak olub, beş nəfər yaralanıb, 87 fərdi və 27 çoxmənzilli ev ziyan çəkib.
Ümumilikdə, təhlükəsiz ərazilərə 181 uşağın köçürülməsi planlaşdırılır.
O qeyd edib ki, köçürülən hər kəs müvəqqəti yaşayış yerləri, daxili məcburi köçkün statusunun verilməsi, sosial yardımlar və humanitar dəstək əldə edəcək.
İqbal RZAYEV,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ