Onlayn ictimai-siyasi qəzet
1 avqust 2025-ci il tarixindən etibarən Rusiyanın Yekaterinburq şəhərində “Exo Moskvı” radiosunun ləğv edilmiş tezliyi üzərindən artıq “Sputnik Radio” yayımlanır.
Musavat.com xəbər verir ki, Bu dəyişiklik, təkcə Rusiyada media məkanının daha da daraldılması deyil, həm də Ural bölgəsində, xüsusilə Yekaterinburqda yaşayan azərbaycanlı diasporaya qarşı paralel informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu verilişlər arasında “Stas razberyotsa” (Stas araşdıracaq) və “Pjatnitsa, Vecherom!” (Cümə, axşam!) adlı maarifləndirici yox, ideoloji manipulyativ kontentə əsaslanan proqramlar da yayımlanır.
Musavat.com -a görə Yekaterinburq təkcə Uralın sənaye mərkəzi deyil, Rusiyada Azərbaycan diasporasının sıx yaşadığı və son aylarda Rusiya hüquq-mühafizə orqanlarının ardıcıl təzyiqlərinə məruz qaldığı episentr şəhərdir. Musavat.com-un daha əvvəl verdiyi məlumatlara görə, burada Azərbaycan əsilli bir sıra iş adamları, diaspor liderləri və onların ailələri həbs olunub və ya təqibə məruz qalıb. Onların bizneslərinə “çökülüb”, evləri axtarılıb, mallarına əl qoyulub. Öldürülən və həbs olunanlar var.
İndi isə həmin məkanda, “Exo Moskvı” kimi nisbi plüralist bir platformanın yerinə “Sputnik” kimi açıq təbliğat maşını yerləşdirilir.
Bu, əslində yalnız informasiya məkanında deyil, milli azlıqlara və xüsusilə də azərbaycanlılara qarşı psixoloji təzyiqlərin genişlənməsi kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, Sputnik Media Holdinqi, o cümlədən “Sputnik Radio” ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyanın dezinformasiya və psixoloji müharibə aləti kimi tanınıb və bir sıra Qərb ölkələrində fəaliyyətinə qadağalar qoyulub. Onun rəhbəri erməni əsilli Putinçi Marqarita Simonyandır.
İndi bu qurum, Yekaterinburqda “Exo Moskvı”nın boşaltdığı yerə yerləşdirilərək, bölgədəki Azərbaycanlılar da daxil olmaqla, etnik azlıqlara qarşı bir ideoloji basqı rıçağı kimi istifadə olunmağa başlanır.
Bu hadisə göstərir ki, Rusiya təkcə fiziki və hüquqi təzyiqlərlə deyil, informasiya mühiti vasitəsilə də azərbaycanlıların yaşadığı bölgələrdə atmosferi dəyişməyə, onların təhlükəsizlik və rahatlıq hissini sarsıtmağa çalışır.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ