Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların YUNESKO-dan çıxması barədə qərar verib. Musavat.com xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Açıqlamada bildirilir ki, Tramp ABŞ-ın YUNESKO-dan çıxmasına qərar verib, çünki təşkilat “ədavət doğuran mədəni və sosial məqsədləri dəstəkləyir” və bu məqsədlər “amerikalıların noyabrda səs verdiyi sağlam siyasi yanaşmalara tamamilə ziddir”.
Bu fikirləri “New York Post” qəzetinə açıqlamasında Ağ Evin sədr müavini Anna Kelli deyib. Qeyd olunub ki, hələ fevral ayında Tramp ABŞ-ın bu təşkilatda iştirakını yenidən dəyərləndirməyi tapşırıb.
Qeyd edək ki, YUNESKO-nun təsisçilərindən biri məhz ABŞ olub (1945). Hazırda mənzil-qərargahı Parisdə yerləşən və rəhbəri fransız antitürkçü Odri Azule olan qurumdan Azərbaycan da narazıdır. Rəsmi Bakının dəfələrlə etdiyi müraciətlərə srəğmən, təşkilat işğal altındakı ərazilərimizdə ermənilərin mədəni-tarixi, dini irsimizə qarşı törətdiyi vandallıqları qeydə almaqdan imtina edib. Əvəzində həyasızcasına işğaldan sonra mifik erməni “mədəni irsi”nin vəziyyətini öyrənmək üçün Azərbaycana nümayəndə heyəti gondərmək istəyini bəyan edib.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunu “Yeni Müsavat”a şərh etdi. Deputat hesab edir ki, prosesi ciddi təhlil etdikdə bu cür qurumların fəaliyyətinə ehtiyacın olduğu görünür: “YUNESKO kimi qurumlar təsadüfdən yaradılmayıb, müəyyən məqsədlər və hədəflər var idi. Bir çox beynəlxalq qurumun yaradılmasının ciddi əsasları olub. Əgər bu strukturlar normal fəaliyyət göstərərlərsə, o zaman effektiv nəticə görə bilərik. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar bəzi qurumların fəaliyyətində ciddi problemlər müşahidə olunmaqdadır. Bəzi qurumların bir sıra dövlətlərin əlində alətə çevrildiyini görürük. Azərbaycan da bu məsələdən uzun müddət əziyyət çəkib, ölkəmizə qarşı ədalətsizliyin, ikili standartların şahidi olmuşuq. Nəticədə Azərbaycan qətiyyətli mövqe nümayiş etdirdi. Əgər bu qurumlar normal fəaliyyət göstərərsə, qarşıya qoyulan məqsəd və hədəfləri düzgün yerinə yetirərsə, onlara ehtiyac var. Amma hazırda bu qurumlar öz missiyasını yerinə yetirmədiyinə görə onların mövcudluğuna ehtiyac qalmır. Belə olan halda bu qurumlar lazımsız struktura çevrilir. Hazırda bu qurumların fəaliyyəti iflic vəziyyətində olduğu üçün onların mövcudluğuna ehtiyac olub-olmaması sual altındadır. Hesab edirəm ki, ABŞ bunu nəzərə alaraq belə bir qərar verib. Yeni dünya nizamı ərəfəsində proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Amma getdikcə biz daha ağır və mürəkkəb proseslərin şahidi olacağıq. Bu da ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirilməlidir”.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı Hikmət Babaoğlu da “Yeni Müsavat”a şərhində qeyd etdi ki, YUNESKO mühüm məqsədlər üçün yaradılmışdı və dünya mədəni irsinin həm qorunması, həm də qeydə alınması kimi mühüm vəzifəni yetirə yetirməlidir: “Lakin təəssüf ki, YUNESKO-nun baş ofisinin Fransada yerləşməsi qurumu Fransa Xarici İşlər Nazirliyinin şöbəsinə çevirib. Sanki bəşər sivilizasiyasının əldə etdiyi bütün maddi və mənəvi dəyərləri sadəcə fransızlar qiymətləndirə bilərlər. BMT-nin struktur tərkibinə daxil olan təşkilatın bu şəkildə istismar olunması əlbəttə ki, YUNESKO-nun missiyasını gözdən salır. Bütün bunlara baxmayaraq, Azərbaycan YUNESKO ilə əməkdaşlığı davam etdirir. Azərbaycanın xeyli sayda maddi və mədəni irs nümunələri YUNESKO-da qeydiyyatdan keçirilib. Xatırlatmaq lazımdır ki, bir çox halda buna nail ola bilməmişik. Onu da vurğulamaq lazımdır ki, dəfələrlə müraciət edilsə də, işğal altında olan torpaqlarımızda maddi mədəniyyət nümunələrinin talan edilməsi ilə bağlı YUNESKO komissiya yaradaraq faktaraşdırıcı missiya göndərməyib. Eyni zamanda Qərbi Azərbaycanda mövcud olan mədəniyyət nümunələrimizin vəziyyətinin öyrənilməsi və hesabatın hazırlanması ilə bağlı Qərbi Azərbaycan İcması YUNESKO-ya müraciət etsə də, cavab ala bilməmişik. Bu baxımdan hesab edirəm ki, sözügedən təşkilat yenidən yaradılmalı, özünü ölkənin XİN şöbəsi statusundan çıxarmalı, sözün əsl mənasında BMT-nin struktur tərkibi kimi fəaliyyət göstərməlidir. Əgər bu cür davam edərsə, Fransa xarici siyasətinin subyekti olacaqsa, belə bir təşkilatın mövcudluğuna ehtiyac qalmayacaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ