Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Gümrü şəhərinin meri Vardan Qukasyanın saxlanılması ilə bağlı vəziyyəti şərh edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin sualına cavab olaraq XİN-in həftəlik brifinqində danışıb.
Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə baş verən hadisələri diqqətlə izləyir. Məhz bu şəhərdə Rusiyanın 102-ci hərbi bazası, Rusiya Baş Konsulluğu və “Rossotrudniçestvo”nun filialı yerləşir. Diplomat əlavə edib ki, şəhər rəhbərliyi müxtəlif Rusiya regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bundan başqa, Gümrüdə “Şərəf təpəsi” memorialı da var — o, rus-türk müharibələri zamanı həlak olmuş rus zabitlərinin xatirəsinə ucaldılıb.
Zaxarova həmçinin xatırladıb ki, bu ilin avqustunda MDB Dövlət Başçıları Şurası Gümrüyə “1941–1945-ci illərin əmək şöhrəti şəhəri” fəxri adını verib.
“Biz, təbii ki, Rusiya–Ermənistan münasibətlərinə həssas yanaşırıq və ənənəvi yaxın əlaqələri dəstəkləyən hər kəsi qətiyyətlə dəstəkləyirik. Şəhər merinin saxlanılması məsələsinə gəlincə — bu, şübhəsiz ki, Ermənistanın daxili işidir. Bununla yanaşı, qeyd etməliyik ki, daha əvvəl Vanadzor, Berd, Goris və digər icmaların rəhbərlərinə qarşı da cinayət işləri açılıb, bəziləri həbs edilib. Ümidvarıq ki, bu proseslər məhkəmə hakimiyyətinin xalqdan uzaqlaşmasına və ona olan etimadın azalmasına gətirib çıxarmayacaq. Baş nazir Paşinyan da Ermənistan Demokratiya Forumunda eyni mövzuya toxunmuşdu”, — deyə Zaxarova bildirib.
Diplomat əlavə edib ki, bu məsələ xüsusilə aktuallaşır, çünki Ermənistan yeni seçki mərhələsinə qədəm qoyur — ölkədə növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ