Onlayn ictimai-siyasi qəzet
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən beş il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Artıq üçüncü ildir ki, qubadlılılar bu günü böyük təntənə ilə qeyd edirlər. Dövləti başçımızın sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 min 189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu fikirləri Qubadlı Şəhəri Günü ilə əlaqədar fikirlərini Musavat.com-la bölüşərkən deyib.
![]()
Hüquq müdafiəçisi 1993-cü il avqustun 31-də Qubadlının Ermənistan tərəfindən işğal olunmasını tariximizin ən acı səhifələrindən biri adlandırıb. Deyib ki, Qubadlı Şərqi Zəngəzurun təbii sərvətlərlə ən zəngin rayonlarından biri idi:
“Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. O zaman ermənilər Qubadlıya həm Ermənistandan, həm Laçın, həm də Şuşa istiqamətlərindən hücum etdilər. İşğal dövründə barbarlıq və vandalizmə məruz qalan rayonun bütün sosial infrastruktur dağıdılmış, kommunikasiya xəttləri məhv edilmişdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq xaricdəki erməniləri orada məskunlaşdırmışdı. Bu da Cenevrə konvensiyasının tələblərinin kobud şəkildə pozulması demək idi. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu”.
Tanınmış hüquqşünas bildirib ki, İkinci Qarabağ müharibəsi şanlı Qələbə ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərlər edərək yenidənqurma, bərpa-tikinti işlərinə start verilib:
“Postmüharibə dövründə dövlət başçısı 4 dəfə Qubadlıya səfər etmiş və səfərlər mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalıb. Hazırda Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib”.
Çingiz Qənizadə hazırda Qubadlıda aparılan bərpa-quruculuq işlərindən də söhbət açaraq deyib ki, Qubadlının yeni inkişaf tarixi başlanıb:
“Rayon ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı: “Hazırda Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir. Prezident İlham Əliyevin “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı rayonun inkişafında mühüm rol oynayacaq”.
Hüquq müdafiəçisi vurğulayıb ki, Qubadlının Baş planında rayonun təbiəti, tarixi, memarlıq üslubu, o cümlədən 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alınıb:
“İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək. Qubadlı yenidən Azərbaycanın iqtisadi baxımdan ən əhəmiyyətli rayonlarından birinə çevriləcək”.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ