Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Musavat.com-un xəbərinə görə, spiker son xarici səfərləri və görüşləri haqda həmkarlarını məlumatlandırıb.
S.Qafarova deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub:
“Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək idi. Oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparıldı.
Çıxışımda tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verdim.
Qeyd etdim ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlanıb. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiq olmasının sübutudur.
Bildirdim ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib. Son 5 ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılıb”.
Sahibə Qafarova bildirib ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış edib:
“Onu da deyim ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə xatırladım ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Cenevrədə mənim sədrliyimlə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirildi.
Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verdim. Qeyd etdim ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürüb.
Təşkilatın sıraları genişləndirilib, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılıb.
Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunub, onun bürosunun fəaliyyəti daha da canlandırılıb.
Hörmətli həmkarlar!
Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirildi.
Bununla əlaqədar möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirildi, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıldı”.
S.Qafarova erməni həmkarı ilə görüş barədə bunları söyləyib:
“Oktyabrın 21-də mənim Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüm keçirildi. Bu, Parlamentlərarası İttifaq çərçivəsində üçüncü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi.
Bu barədə Milli Məclisin mətbuat üçün məlumatı yayılıb”.
Spiker qeyd edib ki, Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirilib:
“Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis Aparatının rəhbəri iştirak və çıxış edib.
Hörmətli həmkarlar!
Hesab edirəm, Cenevrəyə işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, sabah Qubadlı şəhəri günü qeyd olunacaq. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir”.
E.Paşasoy,
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ