Onlayn ictimai-siyasi qəzet
Naxçıvana gələn turistlərlə bağlı rəsmi statistika açıqlanıb. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib - bu, ötən ilin eyni dövrünə nisbətən 24,3% azdır.
Hesabat dövründə Naxçıvanda 27 355 nəfər xarici turist özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05% azdır.

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli sosial media hesabında sual edib ki, Naxçıvanda xarici turistlərin özünə aid mənzilləri və ya ailə üzvlərinin mənzilləri varsa, bunun harası turist oldu və ya Naxçıvanda turist kimə deyilir: “Lap maraqlı detal: qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6% azdır. Ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb - cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6% azdır. Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə təxminən 5 nəfər turist düşür. Digər gələnlər isə Türkiyə, Rusiya və s. ölkə pasportu almış naxçıvanlılardır, onlara da "turist" deyirlər. Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır, amma turist sayında kəskin azalma var. Normal PR və yol quruculuğu olsa, bir tək Əshabi-Kəhf mağarasına ildə on minlərlə turist cəlb etmək olar".
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə çəkilən xərclərin ümumi həcmi 2 milyard 526,8 milyon manat olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% çoxdur. Xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb - 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb. Bununla yanaşı, daxili turistlər digər xərclərə 201,1 milyon manat, idman-əyləncə xidmətlərinə 104,3 milyon manat, yanacağa 39,5 milyon manat, mədəniyyət xərclərinə isə 35,4 milyon manat yönəldiblər. Avtomobil və digər nəqliyyat vasitələrinin icarəsi 23,2 milyon manat, turizm zərflərinin alınması - 18,3 milyon manat təşkil edib.

Ceyhun Aşurov
Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycana gələn əcnəbi turistlərin sayında 2 faiz azalma olub. Onun sözlərinə görə, turistlərin daha çox səfər etdiyi yay mövsümündə regiondakı gərginliklərlə əlaqəli olaraq səfərlərin sayında azalma daha çox idi: “Hotellərdə qonaqlama 30 faiz aşağı düşmüşdü. Bununla yanaşı, yerli əhalinin turist kimi bölgələrə səfərləri daha çox oldu. Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələdə quru sərhədlərin bağlı olması, gediş-gəlişin ancaq hava yolu ilə mümkün olması əsas maneələrdən biridir. Əvvəllər İrandan, Türkiyədən gələn əcnəbilər Naxçıvana səfər edirdilər, ən azı bir gün qalıb digər bölgələrə səfər edə bilirdilər. Hazırda isə məhdudiyyət çoxdur. Naxçıvanda hazırda müxtəlif islahatlar aparılır. Bu yaxınlarda Naxçıvan Turizm İdarəsi yaradıldı. Bu, turizm siyasətinin koordinasiyasını həyata keçirən sayca 9-cu turizm idarəsidir. Lakin bu, kifayət deyil. Naxçıvanda turizmin inkişafı üçün müxtəlif tədbirlərin görülməsinə ehtiyac var, irimiqyaslı tədbirlərin, festivalların keçirilməsi məqsədəuyğun olar. Naxçıvanın turizm potensialını nəzərə alsaq, bu bölgəyə gəliş-gedişin artacağı gözlənilir. Həm sərhədlər açıldıqdan sonra, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılması, ticarət əlaqələrinin inkişaf etməsi ilə təkcə Naxçıvana yox, bütövlükdə Azərbaycana turist səfərlərinin sayının artması mümkün ola bilər”.
Ekspert hesab edir ki, ölkəmizdə turizm sahəsində inkişafa nail olmaq üçün turistlər üçün gediş-gəlişi rahatlaşdırmaq lazımdır: “Azərbaycanda hazırda qonaqlamanın, o cümlədən restoranlarda qidalanmanın qiymətləri qonşu ölkələrlə müqayisədə o qədər də baha deyil, kifayət qədər rəqabətqabiliyyətlidir. Hazırda əcnəbilər Azərbaycana yalnız təyyarə ilə səfər edə bilirlər. Buna görə də hava limanlarını daha cəlbedici vəziyyətə gətirməliyik. Beynəlxalq hava limanlarımızın səmərəli və effektiv çalışmasını təmin etmək lazımdır. Turizm paketlərində nəqliyyat xərcləri xüsusi paya malikdir. Nəqliyyat xərcləri daha əlverişli olarsa, turistlər üçün bu, ciddi təsiredici amilə çevrilər”.

Elgün Cavadov
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov bugünlərdə mediaya açıqlamasında bildirib ki, gələcəkdə Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndlərində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır: “Naxçıvanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb. Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ