İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkillərlə bağlı ÖNƏMLİ TƏKLİF

Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, deputat Azay Quliyev qanuna edilən dəyişiklikləri vəkillik institutunun inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin davamı və qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından əsaslı və vacib hesab edir:

“Bununla yanaşı, qanun layihəsinin vəkillərin pensiya təminatı haqqında olan 25-ci maddəsi ilə bağlı bir sıra təkliflərimi sizinlə bölüşmək istərdim.

Məsələ burasındadır ki, 25-ci maddənin istinad etdiyi “Əmək pensiyaları haqqında” qanunda məhkəmə hakimlərinin, prokurorluq və xüsusi rütbə daşıyan digər orqanların müvafiq əməkdaşlarına tətbiq olunan güzəştli normalar vəkillərə şamil edilmir. Buna səbəb kimi deyilə bilər ki, vəkillik fəaliyyəti müstəqil peşədir, dövlət qulluğu deyil, gəlir gətirən fəaliyyətlə məşğuldur, əmək şəraiti baxımından güzəştli pensiya kateqoriyasına daxil deyil və buna görə də onlar bu imtiyazlardan faydalana bilməzlər.

Lakin qeyd etmək lazımdır ki, vəkillik institutu müstəqil olsa da, ictimai əhəmiyyətinə və daşıdığı məsuliyyətə görə hakimlik və prokurorluq fəaliyyəti kimi sosial və ictimai dəyərə malikdir, vəkillik fəaliyyəti də məhkəmə hüquq sisteminin, ədalət mühakiməsinin tərkib hissəsidir.

Onlar da çox vaxt təhlükəsizlik riski altında fəaliyyət göstərirlər, ictimai təzyiqlərlə qarşılaşır, istintaq və məhkəmə proseslərinin bütün mərhələlərində iştirak edirlər”.

AZAY.jpg (88 KB)

Deputat əlavə edib ki, digər tərəfdən, vəkilin gəliri müqavilə üzrə qonorar və az miqdarda da olsa dövlət hesabına göstərilən hüquqi yardım hesabına formalaşdığından bu gəlirlər qeyri-stabil və dəyişkəndir:

“Gəlin etiraf edək ki, belə şəraitdə vəkillərin pensiyasının yalnız fərdi hesabda yığılan kapitala görə təyin olunması onların layiqli pensiya səviyyəsinin formalaşmasına çətinlik yaradır. Bir çox Avropa ölkəsində vəkillər xüsusi sosial təminat fondlarına qoşulur və uzunmüddətli fəaliyyətinə görə dövlət tərəfindən əlavə pensiya dəstəyi alır, məsələn, Fransa, İtaliya, Polşa.

Ona görə təklif edirəm ki, “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklik edilsin və ən azı 35 il vəkillik fəaliyyəti göstərmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinə yaşa görə əmək pensiyası hüququ verilsin. Yəni digər kateqoriyalarda bu hüquq 20-25 il stajdan sonra yaranırsa, vəkillərdə belə bir hüquq heç olmasa 30-35 il stajdan sonra nəzərdə tutulsun. Bu isə faktiki olaraq çox az sayda vəkili əhatə edəcək və dövlət büdcəsinə ciddi maliyyə yükü yaratmayacaq.

Əksinə, bu addım vəkillik fəaliyyətini maddi və mənəvi baxımdan daha da stimullaşdıracaq”.

Azay Quliyev bir məsələni də qeyd edib:

“Məlum olduğu kimi, 2020-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvlərinə məcburi dövlət sosial sığorta ödənişlərində tətbiq olunan 10 faizlik güzəşt 1 yanvar 2026-cı ildə başa çatır.

Yaxşı olardı ki, vəkillik institutu tam oturuşana və maliyyə sabitliyi təmin edilənə kimi bu güzəşt növbəti 5 ilə kimi uzadılsın. Başa düşürəm ki, dövlətin gələn ildən etibarən vergi və sosial ödənişlərlə bağlı əvvəlki illərdə tətbiq etdiyi güzəşt siyasətində ciddi dəyişikliklər gözlənilir, lakin vəkillik institutunun spesifikliyini nəzərə alaraq onlara tətbiq olunan müddətin uzadılması məsələsinə baxmaq olar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR