İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı qışdan və böhrandan çıxaracaq TƏK ölkə - O, Rusiya deyil, Rusiya çarə bilsəydi...

Ağlı başında olan ermənilər Bakının Ermənistana tranzit yüklərlə bağlı qərarını alqışlamağa davam edirlər. Mədəni səviyyəsi bir azca yüksək olanlar üstəlik, təşəkkür bildirirlər. Çünki təmənnasız yaxşılığa heç olmasa, quru sözlə minnətdarlıq etmək gərəkir...

“Azərbaycanın bu addımı təqdirəlayiqdir. Bu, alternativə malik olacağımız deməkdir”.

Erməni kartoqraf Ruben Qalçyan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən belə söyləyib (Teleqraf).

Ardınca o, məhdudiyyətlərin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayraq deyib: “Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan - Larsdan (Gürcüstandan Rusiyaya gedən dağlıq yol - red.) asılı idi”.

Qalçyan Zəngəzur dəhlizinin (TRİPP) açılması məsələsinə də toxunub: “TRİPP həyata keçsə, dünyaya açılacağıq. Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Moskvanın maraqları kontekstində çıxış etdiyinə görə TRİPP-dən şikayətlənir”...

Gerçəkdən də belədir. Təsadüfi deyil ki, Moskvaya bağlı radikal-revanşist qüvvələr Bakının İrəvana böyük barışığa yönəlik tarixi qərarına dərhal siyasi don geydirməyə, ona neqativ rəng verməyə çalışır. Guya hədəf erməni xalqının rifahı yox, qarşıdakı seçkilərdə hakim partiyanın mövqeyini gücləndirməkdir.

Amma əgər buna Paşinyan hökuməti nail ola bilibsə, bunu bacarıbsa, niyə də ictimai reytinqi artmasın? Axı söhbət sülh sənədi imzalanmadan əldə olunan ciddi güzəştdən gedir. Xunta rejiminə də vaxtilə rəsmi Bakı, konkret olaraq Azərbaycan Prezidenti sülh anlaşması və iki xalqın barışığı naminə bənzər təkliflər verib. Həmçinin Qarabağdakı ermənilərə ən yüksək muxtariyyət statusu vəd olunmuşdu.

Nədən Ermənistanın eks-prezidentləri həmin təkliflərə ciddi yanaşmayıb, barmaqarası baxıb? Nə üçün Nikol Paşinyanın sələfləri, özəlliklə “Qarabağ klanı” faktiki öz xalqına qənim kəsilib və bunun daha bir acı nəticəsi kimi Ermənistanın Rusiyadan asılılığını ilbəil güclənib? Rusiya hansı xalqı xoşbəxt edib ki? Eləsəydi, 30-35 ildə erməni xalqını, lap elə öz cəmiyyətini ağ günə çıxarardı da...

Söz düşmüşkən, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin yerli mediaya son açıqlamasında növbəti dəfə Zəngəzur məsələsini (Tramp yolu) “qurdalayıb”, ikibaşlı danışıb, “Rusiya amili”ni nəzərə almağın vacibliyinə işarə edib. Sitat: “Biz “Tramp marşrutu” adlandırılan yolun fəaliyyəti ilə bağlı detallar və mexanizmlər barədə daha konkret məlumat gözləyirik. Gəlin öncə bunun konkret nədən ibarət olduğunu anlayaq, sonra danışaq”.

Ən böyük problem də elə dəhlizin keçəcəyi sərhəd boyu rus hərbçilərinin dayanmasıdır. Gümrüdəki 102 saylı bazanın varlığını da bura əlavə eləsək, Moskvanın əsas ümidi sözsüz ki, Ermənistandakı hərbi mövcudluğunadır. Çünki tarixi təcrübədən bəllidir ki, Rusiya kreativ üsullarla deyil, “balta” ilə işləməyə vərdişkardır...

Bu mənada qonşu ölkəyə ən böyük təhlükə Rusiya hərbi birləşmələrindən gəlir, nəinki Azərbaycan və Türkiyədən. Rusiyanın total hərbi-siyasi, iqtisadi-ticari və energetik asılılığından qurtuluş da yenə məhz iki əsas qonşu ilə normal münasibətlər qurmaqdan keçir. Ermənistanda hansı qüvvə hakimiyyətdə olur-olsun, bu reallıq dəyişməyəcək.

Kapitulyant ölkəni bu qışdan, ümumiyyətlə, böhran və yeni fəlakətdən çıxaracaq ölkənin adı bəlli – Azərbaycan. İqtidarlı-müxalifətli, cəmiyyətli ermənilərin əlinə belə şans bir daha düşməyəcək. Odur ki, məsləhətdir sülh müqaviləsini gecikdirməsinlər, tələssinlər və hələ ki, yeganə doğru yolu göstərən Paşinyanın arxasında möhkəm dayansınlar. Lazım gələndə onu qorusunlar...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR