İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” muğam qrupunun Sarayevo zəfəri - FOTOLAR

Oktyabrın 21-22-də müqəddəs “Qarabağ” torpağının adını daşıyan iki adlı-sanlı kollektivimiz Avropanın iki ölkəsində Azərbaycanı layiqincə təmsil etdi. Təəssüf ki, Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” komandası iki güclü komanda üzərində parlaq qələbədən sonra İspaniyanın məşhur “Atletik” futbol klubu ilə oyuna rəqib qapısına qol vurmaqla başlasa da, üstünlüyü axıra qədər qoruyub saxlaya bilmədi. Amma idmançılarımız sonadək layiqli müqavimət göstərdilər. Hətta matçın başa çatmasına bir neçə dəqiqə qalmış hesabı bərabərləşdirmək üçün real imkan da qazandılar. Əslində bu, qələbəyə bərabər məğlubiyyət idi. Çünki ən azı “Qarabağ” “Atletik”in qapısına oyununun 1-ci dəqiqəsində qol vurmaqla öz adını Avropa futbol tarixinə həkk etdi.

Bir gün əvvəl isə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun qurucusu və bədii rəhbəri olduğu “Qarabağ” muğam qrupu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində tarixi Zəfər gününün 5 illiyi münasibəti ilə möhtəşəm konsert proqramı ilə çıxış etdi.

Azərbaycanın bu ölkədəki Səfirliyinin təşkil etdiyi bayram konserti Sarayevonun ikinci ən böyük teatr zalında – Gənc Tamaşaçılar Teatrında baş tutdu. Tədbirdə Bosniya və Herseqovina Federasiyasının mədəniyyət və idman naziri, Sarayevo şəhərinin meri, BvH müdafiə nazirinin müavini, hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, müxtəlif səfirliklərin hərbi attaşeləri, tam tərkibdə EUFOR tərkibində xidmət keçən türk batalyonunun əsgər və zabitləri, Bosniya və Herseqovina ictimaiyyətinin üzvləri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Böyük maraq və coşqunluqla izlənən konsert anşlaqla keçib. Hətta konserti sona qədər ayaq üstdə dinləyənlər də olub.

Açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev qonaqları salamlayaraq tarixi Zəfər gününün təməlinin 5 il bundan əvvəl, sentyabrın 27-də qoyulduğunu, Azərbaycan xalqının 44 gün ərzində yüzlərlə şəhid verərək bu Zəfərə doğru addım-addım irəlilədiyini xatırladıb. O bildirib ki, Zəfər bayramı ölkəmizdə rəsmən noyabrın 8-də qeyd edilsə də, doğma torpaqların erməni işğalından azad edilməsi uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin hər günü yeni-yeni yaşayış məntəqələri, kənd və şəhərləri azad etməklə böyük Zəfərə aparan qələbələrə imza atıb. Ordumuz tək torpaqları işğaldan azad etməyib, həm də Cənubi Qafqaz regionuna sülh, sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma gətirib, gələcək iqtisadi tərəqqi və dinc yanaşı yaşayış üçün möhkəm zəmin yaradıb. Azərbaycan Ordusu Vətən torpağını son qarışına qədər işğaldan azad etməklə bir sırada həm də erməni xalqının xilaskarı missiyasını da uğurla yerinə yetirib. Tarixi qonşumuzu milli müstəsnalıq duyğuları, milli ədavət və qisas əhval-ruhiyyəsi təbliğ edən şovinist, revanşist “liderlərin” hakimiyyətindən qurtarıb. İndi 30 ilə yaxın işğal altında qalan, özü boyda xarabazarlığa çevrilən Qafqazda böyük bərpa-quruculuq işlərinin görüldüyünü yada salan səfir Azərbaycanın təkcə müharibə meydanında deyil, dinc həyatda, sülh uğrunda mübarizədə də Zəfər qazandığını yada salıb.

Qarabağın Azərbaycan mədəniyyətinin, xüsusilə də zəngin musiqi mədəniyyətimizin beşiyi olduğunu tamaşaçıların diqqətinə çatdıran səfir Vilayət Quliyev Zəfər bayramını tarixi torpaqlarımızın adını daşıyan “Qarabağ” muğam qrupunun konsert proqramı ilə qeyd edilməsinin çox rəmzi məna daşıdığını bildirib. Bu konsertin həm də Azərbaycan musiqisinin, xüsusən zəngin ənənələrə malik muğam sənətimizin təbliğinə həsr edildiyini xatırladaraq deyib: “Qarabağdan pərvazlanan muğam – xalqımızın ruhunun, tarixinin və emosional dərinliyinin musiqi ilə ifadəsidir. UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş bu sənət forması bu gün də bizi birləşdirir və dünyaya təqdim edir”.

Tədbirin bədii hissəsində “Qarabağ” Muğam Qrupu zəngin və rəngarəng konsert proqramı ilə çıxış edib. Tamaşaçılara Azərbaycanın qədim muğam ənənəsinin incəliklərini əks etdirən unudulmaz musiqi axşamı bəxş edilib. Xalq artisti Mənsum İbrahimovun böyük coşqu və yüksək ustalıqla ifa etdiyi mahnı və muğamlar tamaşaçıların bitib-tükənmək bilməyən alqışları ilə müşayiət olunub. Hətta bəzi populyar xalq mahnılarının ifası zamanı azərbaycanlı və türk  tamaşaçılar da xanəndəyə qoşulmaqdan özlərini saxlaya bilməyiblər.

Mənsum İbrahimovu Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər – Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Onlar həm də instrumental muğamlardan nümunələr səsləndiriblər. Tamaşaçılar Azərbaycan musiqiçilərinin professional məharətini yüksək qiymətləndirərək konsertin Sarayevonun mədəni həyatında mühüm hadisə olduğunu qeyd ediblər. Beləliklə, Zəfər gününə həsr olunmuş bayram konserti həm də Azərbaycan mədəniyyətinin Zəfərinə çevrilib. Konsertdən sonra Mənsum İbrahimov və muğam qrupunun digər üzvləri ilə şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərin böyük bir növbəsi yaranıb. “Qarabağ” muğam qrupunun Sarayevoya və ölkənin digər şəhərlərinə qastrol səfərinə dəvət olunması ilə bağlı təkliflər səsləndirilib.

“525”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR