Onlayn ictimai-siyasi qəzet
Dünyanın əsas iki supergücünün liderləri - Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Ankara və ya İstanbulda tarixi görüş baş tuta bilər. Qardaş ölkənin Rusiya-Ukrayna savaşını bitirmək şansları kifayət qədər yüksək qiymətləndirilir. Türkiyə ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-ABŞ sammitinin keçirilməsi üçün öz platformasını təklif edir.
“Sülh prosesində Türkiyə və ya İstanbulun sülh baxışının əhəmiyyəti burada bir daha meydana çıxdı. İstənilən vaxt belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Kaş görüş Budapeştdə keçirilsə idi. İnanırıq ki, istənilən dialoq bu müharibənin bitməsinə töhfə verəcək. Biz bu fikri lap əvvəldən müdafiə etmişik, bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər ikisinin etimadını qazanmışıq”, - Ərdoğan Rusiya və ABŞ liderlərininin Budapeştdə təxirə salınan görüşünə və belə bir görüşün Türkiyədə keçirilməsinin mümkünlüyünə münasibət bildirərkən deyib.
![]()
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında görüş yeri kimi Azərbaycanın da adını çəkib:
“Rusiya və Ukrayna arasındakı sülh danışıqlarının keçiriləcəyi iki mümkün məkan var. Bunlardan biri İstanbul, digəri Budapeştdir. Ukrayna tərəfi Türkiyəni, Rusiya isə Macarıstanı görüş üçün məqbul sayır. Rəsmi Kiyev düşünür ki, Türkiyə NATO ölkəsidir, üstəlik, Ərdoğanla Putin arasında müəyyən münasibətlər mövcuddur.
Kreml isə Ankaradan bəzi strateji məsələlərdə maraq toqquşması yaşayır. Bu, əsasən Suriya məsələsi ilə bağlıdır. Ona görə də Rusiya sülh danışıqları üçün Macarıstan variantı üzərində dayanır. Düşünürlər ki, Macarıstan da TDT ölkəsidir və bizimlə mənəvi bağları mövcuddur.
Fikrimcə, sülh danışıqları üçün Azərbaycan variantı da istisna edilməməlidir. Azərbaycan Prezidenti Ukrayna və Rusiya prezidentlərinə hər zaman məsafəli dayanıb. İstənilən halda Rusiya israr edərsə, gələcəkdə görüş Macarıstanda baş tuta bilər. Əgər Ankara ilə Moskva arasında müəyyən razılaşmalar yaranarsa, İstanbul və Ankara variantı da istisna edilməməlidir”.
Cavanşir ABBASLI
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ