İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Orta Asiyaya “yürüşü”- 5+1 formulu

Azərbaycanın bu coğrafiyada fəal iqtisadi və siyasi aktora çevrilməsi uzunmüddətli strateji xəttin məntiqi nəticəsidir

Rəsmi Bakı artıq Orta Asiya coğrafiyasında da fəal iqtisadi və siyasi aktora çevrilməkdə olduğunu ortaya qoyur. Azərbaycan Orta Asiya ölkələrinin gələcək iqtisadi həyatında da önəmli pay sahibinə çevrilməyi hədəfləyib. 

Azərbaycan-Mərkəzi Asiya münasibətləri vahid birliyə çevrilərək 6 formatını alıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib. O qeyd edib ki, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç səfər edib - Türkmənistana, Tacikistana və Qazaxıstana: “Bu gün isə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan-Mərkəzi Asiya münasibətləri adətən 5+1 formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formul sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid 6 formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir”. 

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva  dedi ki, Azərbaycan artıq Mərkəzi Asiya üçün birmənalı olaraq açar rolunu oynayır: “Bir sözlə, Bakı Türküstan coğrafiyası üçün Rusiyadan qopma yolunda əsas nicat qapısıdır. İndi Orta Asiyadakı bütün dövlətlər, hətta Kreml də bunun fərqindədir. Bu baxımdan, 5+1 formatından 6 formatına keçid təbii haldır. Bu, 6 MDB ölkəsinin Rusiyanın təsir və təzyiqlərinə qarşı birgə hərəkəti labüdləşdirən, onun nəzəriyyədən praktikaya keçidini təmin edən incə nüansdır. Prezident İlham Əliyevin son aylarda Mərkəzi Asiya ölkələrinə uğurlu səfərləri də bunun aydın göstəricisidir. Orta Asiyadakı türk dövlətləri, eləcə də Tacikistan öz resurslarını dünyaya məhz Azərbaycan vasitəsi ilə çıxarmaqda maraqlıdır. Əslində "Bir kəmər-bir yol" layihəsi də Türküstan regionunu buna təhrik edir. İndi Azərbaycan Şərqdən Qərbə uzanan incə və perspektivli yoldur. 5+1 formatında təmsil olunan “beşlik” də bundan yararlanmaq istəyir. Azərbaycan iqtisadiyyatı Orta Asiyaya ayaq açır. Tacikistanla külək enerjisinin istismarı ilə bağlı önəmli razılaşmalar var. Özbəkistanla iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Qazaxıstan da Azərbaycanla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdır. Düşünürəm ki, yaxın illərdə bu dövlətlərlə ölkəmiz arasındakı ticarət dövriyyəsi Rusiya və İtaliyanı da keçəcək".

azer huseynov.JPG (30 KB)

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda tamamilə yeni bir siyasi və geosiyasi mərhələyə qədəm qoydu: “Bakı təkcə Cənubi Qafqazda deyil, həm də Xəzər hövzəsində, Orta Asiya istiqamətində və bütövlükdə Avrasiya məkanında özünü aparıcı aktor kimi təqdim edir. Azərbaycanın xarici siyasət fəlsəfəsində bu mərhələ "müstəqilliyin gücləndirilməsi və çoxşaxəli əməkdaşlıq" anlayışı ilə xarakterizə olunur. Türk Dövlətləri Təşkilatının son illərdəki dinamizmi, Bakı və Ankaranın təşəbbüsləri nəticəsində regional əməkdaşlığı strateji səviyyəyə qaldırdı. Bu, eyni zamanda Orta Asiya ölkələri üçün də yeni fürsətlər pəncərəsi açdı. Bakı paralel olaraq Şərq istiqamətində, yəni Orta Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrini dərinləşdirməklə öz mövqeyini Avrasiyanın qərb-şərq tranzit qovşağı kimi möhkəmləndirir. Mərkəzi Asiya regionu Azərbaycanın xarici siyasətində yeni strateji hədəflər üçün təbii tərəfdaş kimi nəzərdən keçirilir. Mərkəzi Asiya ölkələrinin Bakı üçün əhəmiyyəti son illərdə daha da artıb. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi dövlətlər öz iqtisadiyyatlarını modernləşdirmək və enerji, nəqliyyat şəbəkələrində diversifikasiya yaratmaq məqsədi daşıyırlar. Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri bu siyasətin konkret nəticəsidir. Türkmənistan, Tacikistan və Qazaxıstana dövlət səfərləri Azərbaycan diplomatiyasının istiqamətini və regional dinamikanın dəyişdiyini göstərir. Bu səfərlər təkcə protokol xarakteri daşımır, onlar iqtisadi forumlar, enerji razılaşmaları, nəqliyyat layihələri və təhlükəsizlik sahəsində konkret əməkdaşlıq mexanizmləri ilə müşayiət olunur. Qazaxıstanla Xəzər üzərindən neft ixracı, Türkmənistanla “Dostluq” yatağı layihəsi, Özbəkistanla sənaye və kənd təsərrüfatı əməkdaşlığı kimi addımlar artıq real iqtisadi nəticələr verməyə başlayıb. Bu prosesin siyasi rəmzi isə 5+1 formulunun 6 formatına çevrilməsi oldu. Əvvəllər beş Mərkəzi Asiya dövləti ilə bir tərəfdaş kimi qəbul edilən Azərbaycan indi faktiki olaraq regionun ayrılmaz hissəsinə çevrilir. Bütün bu proseslər fonunda Azərbaycanın Orta Asiyada artan rolu təkcə iqtisadi üstünlüklərlə izah edilə bilməz. Bu, həm də siyasi etimadın nəticəsidir. Mərkəzi Asiya dövlətləri Azərbaycanın müstəqil siyasət yürütmək bacarığını, balanslı diplomatiyasını və beynəlxalq təşkilatlarda fəal mövqeyini yüksək qiymətləndirir. Bakı nə Moskvanın kölgəsində qalır, nə də Qərbin təsirinə tam tabe olur. Bu müstəqil kurs Orta Asiya ölkələri üçün də nümunədir.

Azərbaycanın regionda artan nüfuzu eyni zamanda yeni məsuliyyətlər də yaradır. Bakı indi təkcə öz milli maraqlarını deyil, həm də ümumtürk məkanının sabitliyi və təhlükəsizliyini qorumağa yönəlmiş siyasət yürütməlidir. Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində koordinasiya dərinləşdikcə, regiondaxili qarşılıqlı asılılıq artacaq. Bu isə Avrasiya məkanında yeni güc balansı formalaşdıracaq.

Beləliklə, Azərbaycanın Orta Asiyaya “yürüşü” təsadüfi və ya situativ deyil, uzunmüddətli strateji xəttin məntiqi nəticəsidir. Bu xətt həm tarixi köklərə, həm də müasir reallıqlara söykənir. İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıq Bakıya yalnız regional deyil, qlobal miqyasda da daha geniş manevr imkanları açıb. 5+1-dən 6-ya keçid əslində yeni türk əsrinin başlanğıcını simvolizə edir. Azərbaycanın diplomatik çevikliyi, iqtisadi gücü və mədəni nüfuzu bu prosesi idarə edən əsas amillərdəndir. Bakı indi təkcə körpü deyil, istiqamət müəyyən edən mərkəz rolundadır - və bu, Avrasiya siyasətinin gələcək illərini formalaşdıracaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR