Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Azərbaycan arasında diqqətçəkən ritorika yaşanır. Moskva son günlər həm diplomatik, həm də ideoloji səviyyədə Bakı ilə bağlı sərt açıqlamalar verir.
Musavat.com Minval.az-a istinadən xəbər verir ki, bu açıqlamaların mərkəzində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dayanır.
Zaxarova Xankəndində keçirilən forumda ukraynalı jurnalist Dmitri Qordonun iştirakına qəzəblə reaksiya verib. O, brifinq zamanı “ekstremist cücə” ifadəsi ilə çıxış edərək bildirib:
“Bu ekstremistin orada peyda olması Qərbə ümid bağlayanlar üçün qara ləkədir. Bu, bizim sülh məkanımızdakı sabitlik papağına güclü xəbərdarlıq işığıdır”.
Zaxarovanın bu reaksiyası həm ritorika baxımından, həm də diplomatik çərçivələrin pozulması baxımından tənqidlərə yol açıb. Analitiklər hesab edirlər ki, Azərbaycanın hansı xarici şəxsi tədbirə dəvət edib-etməməkdə tam müstəqil olduğu, Rusiya tərəfindən diktə edilə bilməyəcəyi açıq-aydın göstərilməlidir.
Bununla yanaşı, Moskvadan gələn təzyiqlər yalnız fərdi şəxslərlə bağlı deyil. Rusiya Dövlət Duması MDB məkanında dərsliklərə nəzarət mexanizmi formalaşdırmağa çalışır. Belə ki, Rusiya Təhsil Nazirliyi MDB ölkələrinin dərsliklərində Rusiyanın tez-tez “mənfi kontekstdə” göstərilməsindən narahatdır. Qeyd olunur ki, dərsliklərdə Rusiya haqqında 800-ə yaxın istinad müəyyən edilib, onlardan 280-də isə “müstəmləkəçi diskurs” hiss olunur.
Bu narahatlıq fonunda Rusiya Dövlət Dumasının deputatları MDB ölkələri ilə “ikitərəfli tarixi komissiyalar”ın yaradılmasını təklif edir. Məqsəd, guya, “obyektiv tarixi qiymətləndirmə” aparmaqdır.
Bu təşəbbüslər Azərbaycanda narazılıqla qarşılanır. Xüsusilə də rusiyalı tarixçi Aleksandr Dyukovun Azərbaycan dərsliklərində 1990-cı ilin Qara Yanvar faciəsi ilə bağlı yazılara qarşı çıxması diqqət çəkir. Dyukovu narahat edən cümlələr arasında “Bakının qan içində boğulması qərara alındı”, “Sovet hərbçiləri Azərbaycan xalqını kütləvi şəkildə qırmağa hazırlaşırdı” və “şəhərin küçələri günahsız insanların qanı ilə sulandı” kimi ifadələr var.
Bundan əlavə, 11-ci sinif dərsliyində Krımın ilhaqı və Rusiyanın aqressiv siyasəti barədə yazılanlar Dyukovu açıq isterikaya salıb. Rusiya tərəfinin təklif etdiyi "tarixi harmonizasiya"nın arxasında isə, Azərbaycanın tarixinin yenidən yazılması istəyi dayanır.
Tarixçilər və ictimaiyyət nümayəndələri qeyd edir ki, Azərbaycanın tarixini Azərbaycan özü yazır və bu prosesə xarici müdaxilə yolverilməzdir. Analitiklər xatırladır ki, Rusiya XİN 2023-cü ildə Ordubad və Naxçıvanla bağlı sərgidə Azərbaycanın ərazilərini “Şərqi Ermənistan” kimi təqdim etmişdi və bu, Bakıda sərt etirazla qarşılanmışdı.
Sonda ekspertlər ironiya ilə bildirirlər ki, SSRİ xəritədə 30 ildən çoxdur yoxdur, amma görünür, Kreml dairələri bu gerçəyi hələ də qəbul etmək istəmirlər.
Tövsiyə: Xanım Zaxarova və Dövlət Dumasının digər üzvləri üçün ən yaxşı başlanğıc BMT-nin rəsmi xəritələri ilə tanış olmaq ola bilər – Azərbaycanın harada başladığını və harada bitdiyini dəqiq başa düşmək üçün...
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ