İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski tarixi seçim qarşısında: müqavimət, yoxsa kapitulyasiya?  

ABŞ prezidenti Donald Tramp Putinlə görüşdən sonra Fox News-a müsahibəsində Ukrayna məsələsinə dair qalmaqallı açıqlama verib. O bildirib ki, bundan sonra proseslərin taleyi Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyindən asılıdır.

Jurnalistin “Zelenskiyə hansı məsləhəti verərdiniz?” sualına cavabında Tramp belə deyib:

“Razılaşma bağlayın, siz buna məcbur olacaqsınız. Rusiya çox böyük ölkədir, Ukrayna isə deyil.”

Tramp hər hansı konkret şərtləri açıqlamasa da, “hər hansı razılaşma yalnız saziş əldə olunandan sonra mümkün ola bilər” fikrini vurğulayıb.

Trampın dediyi kimi, Ukraynanın yeganə çıxış yolu razılaşmadırmı, yoxsa başqa alternativlər də var? Zelenski bu cür çağırışlara necə reaksiya verə bilər? Onun mövqeyində dəyişiklik gözlənilirmi?

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloq qeyd edir ki, Vladimir Zelenskinin razılaşmalı olduğu məsələ, Trampın nöqteyi-nəzərinə görə desək, hazırkı situasiyada torpaqların əldən verilməsidir:

"Yəni faktiki olaraq Rusiyanın şərtlərini qəbul edərək kapitulyasiyaya oturmaqdır. Burada əsas məsələ Krımı Rusiyanın ərazisi kimi tanımaq, Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərini heç olmasa de-yure olmasa da de-fakto Rusiyanın ərazisi kimi qəbul etməkdir. Bu isə Ukrayna tərəfinə sərf etmir. İlk növbədə, bu, faktiki şəkildə müharibədə məğlub olmağı etiraf etmək deməkdir ki, mən Zelenskinin bu yöndə hansısa razılaşmaya gedəcəyinə inanmıram. Çünki bu, faktiki olaraq Ukraynanın öz suverenliyindən imtina etməsi anlamına gəlir.

Nəzərə alaq ki, Zelenski müharibə lideridir və bu müddətdə müharibə aparan şəxs kimi tarixə keçib. Yəni ən azından Ukraynada müqavimətin lideridir. Beləliklə, onun bu razılaşmaya boyun əyəcəyinə çox da ehtimal etmirəm".

Politoloq qeyd edir ki, digər bir məsələ  Avropa ölkələrinin bu məsələyə olan sərt reaksiyasıdır. Məhz Avropa ölkələri bu müharibənin davam etməsində maraqlıdır və Ukrayna tərəfini buna yönəldən açıqlamalar verirlər:

"Nəzərə alaq ki, Ukraynadakı müharibəyə Avropa ölkələri milyardlarla dollar xərcləyib. Belə olan halda müharibənin məhz Ukraynanın ziyanına başa çatmasını qəbul edə bilməzlər. Bununla bağlı hətta avropalı siyasətçilər öz ölkələrində ciddi şəkildə tənqid edilirlər. Əgər Rusiya bu müharibədən qalib kimi ayrılarsa, bu, Avropa ölkələrinin gələcəyi üçün ciddi təhlükə yaradır. İlk növbədə Avropa Birliyinin müdafiə təhlükəsizliyi üçün ciddi təhlükə formalaşır və faktiki olaraq Avropa Birliyinin ABŞ-ın qarşısına atacağı məsələdir. Yəni, artıq qoca qitə ABŞ-ın qarşısında öz müdafiəsini Rusiya qarşısında gücləndirmək üçün Ukrayna müharibəsinin davam etməsinə daha çox ehtiyac duyacaq. Xüsusilə bu müharibə Balkan dövlətlərini çox ciddi şəkildə təhdid edir, əgər Rusiya müharibədə qalib gələrsə. Ona görə də Avropa Birliyi maksimum şəkildə çalışacaq ki, gələcəkdə bu kimi problemlərə məruz qalmamaq üçün Ukraynada Rusiya qüvvələrini zəiflətsin və Rusiya Ukrayna müharibəsindən istədiyi kimi ayrıla bilməsin".

Zeynal Əmrəliyevin fikrincə, ABŞ-ın təzyiqlərinin bu mərhələdə işə yarayacağını düşünmürəm:

"Yəni Ukrayna bu məsələ ilə bağlı razılaşmayacaq. Ən yaxşı halda, atəşkəs müqaviləsi imzalana bilər ki, Rusiya tərəfi də açıq-aşkar bildirir ki, bunu istəmir. Rusiya tərəfi istəyir ki, sülh müqaviləsi imzalansın və müharibəyə son qoyulsun. Lakin indiki şəraitdə sülh müqaviləsi imzalamaq Ukraynaya qəti şəkildə sərf etmir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR