İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin geyiminə kükrəyənlər bin Salmanın çəkələyinə göz yumdular– Paradoksun beləsi

Diqqətli oxucular fikir vermiş olarlar: qüdrətli dövlətlərin rəhbərləri ikitərəfli görüşlər keçirəndə çox zaman kostyumları eyni rəngdə olur, qalstuklarını həmrəng seçirlər: ya boz, ya tünd göy, ya da tünd qırmızı
Bu, təsadüfi şey deyil. Rəhbərlərin köməkçiləri, protokol məmurları bu xırda incələyi öncədən razılaşdırırlar. Yəqin ki, hansısa mənası da var – yəni liderlərin hər ikisi uzlaşma, razılaşma, bir-biriylə anlaşma tərəfdarıdırlar.

trazelen.JPG (36 KB)

Bu ilin fevral ayının sonlarında ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evin oval otağında baş tutan görüşməsinin qalmaqalla bitməsi, əslində protokol pozuntusu üzündən deyildi, bu, bəhanələrdən biri oldu. ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutdular, o da lazımi cavabı verdi, ancaq Tramp da, onun müavini Ceyms Devid Vens də isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçladı.

vens-mens.jpg (48 KB)

Bu, yuxarıda deyildiyi kimi, bəhanəydi. Əsas məsələ Zelenskini, kriminal jarqonla desək, “sındırmaq”, Rusiyaya təslim olmağa vadar etmək idi. Tramp və Vens bunu bacarmadılar, nəticədə bu hadisə dünya mediasına “dress-kod qalmaqalı” kimi çıxdı. Ayrıca həmin görüşdə Tramp da, Vens də özlərini “kriminal avtoritet” kimi aparmışdılar. Bu, dialoqun tonundan və görüşdən çəkilmiş şəkillərdən aydınca sezilirdi.

tr-sal.jpg (30 KB)

Budur, Trampın Səudiyyə Ərəbistanında vəliəhd şahzadə (faktiki dövlət başçısı) Məhəmməd bin Salmanla keçirdiyi görüşdə şahzadə dünyanın baş dövlətinin qarşısında əynindəki milli əba və yalın ayağındakı çəkələklə oturub. Başqa ölkələrdə bu geyimi adətən hovuz kənarında, saunada geyinirlər. Ancaq Trampın protokol xidməti, nə ağ, nə qara, bu “dress-kod”a hər hansı bir irad bildirməyib. Ona görə ki, ortalıqda çoxmilyardlıq mənfəət sövddələşməsi var, “dress-kod” vaxtı deyil.

tr-mod.JPG (31 KB)

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi də Donald Trampla görüşündə qalstuksuz, milli hind paltarı geyərək qatılmışdı və bu, yenə də hər hansı bir irada səbəb olmamışdı. Hətta Tramp özü boynuna Modinin şərfinin eynisini atmışdı.

Görünür, Ağ Evdə protokol qaydalarına baxanlar anlayırlar ki, hər ölkənin, xalqın öz iqliminə və adət-ənənəsinə uyğun geyimi var və onlar Vaşinqtonda, ya da öz paytaxtlarında ABŞ prezidenti ilə görüşdükləri üçün Avropasayağı kostyum geyməyə məcbur deyillər.

xamney.jpg (47 KB)

Məsələn, heç bir mühüm, taleyüklü görüş və ya möhtərəm həmsöhbət İranın ali dini lideri ayətullah Xamneyinin ənənəvi əbadan imtina edərək kostyum geyməsinə səbəb ola bilməz. Mümkün deyil.

msvat-2.jpg (226 KB)

İran lideri Esvatininin kralı III Msvati deyil ki, başqa vaxt, öz xalqının qarşısında, el şənliklərində yarıçılpaq gəzsin, amma ABŞ və Avropa dövlətlərinin rəsmi şəxsləri ilə görüşəndə şıq kostyum geysin və adi və ya kəpənək qalstuk taxsın.

msvat.jpeg (162 KB)

Ukrayna prezidenti Zelenskinin isə haqqını vermək lazımdır. O, “dress-kod” təzyiqinə məruz qalsa da, Trampla ikinci görüşündə bu “səhv”ini düzəltməyə cəhd etmədi, yenə də görüşə xaki rəngli jemperlə qatıldı.
Bu, liderin xarakterinin göstəricisi olmaqla yanaşı, Ukraynanın heç kəsə təslim olmaq fikrində olmadığının siqnalıdır.

trputt.jpg (17 KB)

İndilərdə Trampın qalstukunun rəngi Putinun qalstukunun rənginə uyğundur. Nə vaxtsa görüşsələr, onların geyiminin uyğunluğu gözə çarpacaq. Tramp və komandası arada özünü “sülh danışıqları üzrə konstruktiv mövqe tutmayan Putin”ə hiddətlənmiş göstərsə də, heç iki gün keçmir, Ukraynaya zərbə olacaq bəyanat verir, qərar qəbul edirlər.

Trampın Qətərdən “hədiyyə olaraq” 400 milyon dollarlıq təyyarə alması isə onun özünün və hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur. Qədimlərdə belə aktların adı “güclü dövlətin zəif dövlətdən bac-xərac alması” olub, indi “hədiyyə” deyirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR