Onlayn ictimai-siyasi qəzet
“Tramp Nobel mükafatı almaq istəyir və bunun üçün müəyyən sülh olmalıdır. 12 günlük İran-İsrail müharibəsi bir yana, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp heç nəyə nail ola bilmədi. Dövlət katibi Rubio ilə görüşündə isə o, Ermənistan-Azərbaycan probleminin sülh müqaviləsi yolu ilə həllinə əsasların olduğunu bildirdi”. Bu sözləri erməni politoloq Stepan Danielyan deyib.
Zəngəzur dəhlizindən və bu məsələdə ABŞ-ın rolundan danışan Danielyan ardınca qeyd edib: “Çoxları Sünik yolunu (Zəngəzur dəhlizi - red.) Süveyş kanalı ilə müqayisə edir. Yəni o, hansısa fundamental yola çevrilə bilər və böyük dövriyyəyə malikdir. Aydındır ki, söhbət Çindən gedir. ABŞ-ın siyasəti isə Çinin bütün mümkün yollarını bağlamaqdır. Çin yeni yollar tikir. Onlardan biri Pakistandan keçərək İrana uzanır. Pekin ora külli miqdarda pul yatırıb və yeni dəmir yolu çəkir, tikinti artıq başlayıb. Yol Qırğızıstana, Özbəkistana, Türkmənistana gedir, oradan da şaxələnməyə başlamalı, biri İrandan keçərək Bəndərabas limanına, digəri Türkmənistan limanına gedəcək, bundan sonra Bakıya və Sünik (Zəngəzur) dəhlizi ilə davam etməlidir”.
Erməni politoloq daha sonra vurğulayır ki, Azərbaycanın Çinlə strateji əlaqələri var, Gürcüstanın da analoji sazişi var, Ermənistanın isə yoxdur: “Əgər bu yol Sünikdən (Qərbi Zəngəzur - red.) keçərsə, Azərbaycanın ona nəzarət etməsi lazım gələcək. Bakı deyir: mən müharibədə qalib gəlmişəm, bu yol mənim olsun. Bakının Rusiya və İranla münasibətlərinin gərginləşdiyi vaxtda ABŞ fürsətdən istifadə edir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin bitəcəyi səbəbilə çox az vaxtı var. Hazırda fürsət pəncərəsi açılıb və o üzdən Bakı yolun ABŞ-ın nəzarətində olmasına razılıq verə bilər. Belə olan halda isə ABŞ istədiyi vaxt yolu açıb bağlaya biləcək”.
Erməni ekspert nə dərəcədə haqlı? Doğrudanmı dəhlizin təhlükəsizliyi ABŞ-a tapşırılsa, o öz maraqları naminə istədiyi vaxt yolu açıb-bağlaya bilər?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan sülh danışıqlarının predmetindən çıxarılsa da, görünür, onu bu prosesdə nəzərə almamaq mümkün deyil: “Əslində belə bir görüntü yaranıb ki, Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olur. Hazırda dəhlizə nəzarət uğrunda bir mübarizə gedir. Rusiya, İran, ABŞ, Fransa və onun timsalında Avropa İttifaqı güzəştsiz mövqe sərgiləməkdədir. Zəngəzur dəhlizində Çinin də böyük marağı var. Bizim üçün Zəngəzur dəhlizinin açılması və Azərbaycana xüsusi status verilməsi maraqlıdır. Çünki Naxçıvanla maneəsiz əlaqələrin yaradılması bu dəhliz vasitəsilə həyata keçiriləcək”. Onun fikrincə, ABŞ Zəngəzur dəhlizi üzərində Karnegi Fondunun nəzarət etməsini təklif edir: “Rusiya isə 8 noyabr 2020-ci il razılaşmasına əsasən dəhliz uzərində yalnız özünün nəzarət etməli olduğunu bildirir. İran isə ümumiyyətlə bu dəhlizə beynəlxalq status verilməsinin əleyhinədir. Avropa İttifaqı Zəngəzur dəhlizinə özünün enerji təhlükəsizliyinin bir hissəsi kimi baxdığından, onun uzərində nəzarət hüququnu itirmək niyyətində deyil. Belə mürəkkəb bir situasiyada "fürsət pəncərəsi" açılmasından danışmaq tezdir".
M.Rəhimlinin sözlərinə görə, Ermənistanın isə imkanı var ki, heç olmasa dövlətçilik tarixində bir dəfə də olsa iradə nümayiş etdirsin: “Zəngəzur dəhlizi onun ərazisindən keçdiyinə görə, söz sahibi olduğundan qəti qərar vermək də Ermənistanın üzərinə düşür. Ermənistan dəhliz üzərində nəzarəti öz əlinə almalı və regiona kənar qüvvələri cəlb etməməlidir. Təəssüf ki, Ermənistan yenə də ənənəsinə sadiq qalaraq kiminsə forpostu rolunu ifa etməkdən imtina edə bilmir. Bu isə regiona sabitlik və sülh vəd etmir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ