İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzurun patron”u Azərbaycan olur - sensasion gəlişmə

Dəhlizin açılmasının qarşısını almaqla öyünən İranın İsraillə müharibəyə sürüklənməsi Ermənistanda panika yaradıb

İsrail-İran arasında davam edən qarşılıqlı raket zərbələrindən regionda ən çox qorxuya düşən Ermənistandır. Belə ki, erməni mediasında xüsusi panika hiss edilməkdədir. “Yeni Müsavat”ın xəbərinə görə, yazılarda əsas narahatlıq Zəngəzur dəhlizi ətrafında hiss edilir. 

Bildirilir ki, İran rəsmilərinin son açıqlamalarında Zəngəzur dəhlizi mövzusunun gündəmdən çıxarıldığına müəyyən ümidlər yaranmışdı, lakin hadisələrin sürətlə inkişafı, xüsusən də İranın İsraillə hərbi münaqişəyə cəlb olunması regionun sabitləşməsi perspektivlərini şübhə altına alır.

“Əvvəllər İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə hesab etdiyi Zəngəzur dəhlizi ideyasının irəli sürülməsinin əsas əleyhdarlarından biri olub. İran bu ideyanın həyata keçirilməsinə fəal şəkildə mane olan azsaylı dövlətlərdən biri idi. Lakin İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edən İran Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistanla bağlı məsələlərə təsir etmək imkanını itirir”, - deyə Ermənistanın Yekramas.org saytı təhlilində yazır. O da qeyd edilir ki, hərbi qarşıdurma şəraitində İranın diqqəti daxili və xarici təhdidlərə yönəldiyi bir vaxtda onun Türkiyə və Azərbaycanın təzyiqlərinə tab gətirmək qabiliyyəti də xeyli zəifləyir.

“Bu, Ermənistan tərəfi üçün potensial təhlükələr yaradır. İran-İsrail qarşıdurması ilə yanaşı, Rusiya-Ukrayna münaqişəsi də regiondakı vəziyyətə təsir edən mühüm amil olaraq qalır.

Ənənəvi olaraq Cənubi Qafqaz regionunda təhlükəsizliyin təminatçısı rolunu oynayan Rusiyanın diqqəti də hazırda Ukrayna probleminə yönəlib. Bu vəziyyət Rusiyanın regionda sabitliyi qorumaq imkanlarını zəiflədir və digər oyunçuların bundan istifadə etməyə çalışacaqları təhlükəsizlik boşluğu yarada bilər. Xüsusən də Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, regionda fəaliyyətlərini gücləndirə bilərlər" - deyə, həmin analizdə bildirilir. İddia olunur ki, guya yaranmış gərginlikdən istifadə edən Bakı və Ankara Zəngəzur dəhlizinin yaradılmasına çalışa bilər: “Bu da öz növbəsində Ermənistanın vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Bu dəhlizin reallaşması təkcə regionun geosiyasi xəritəsini dəyişməyəcək, həm də mürəkkəb beynəlxalq vəziyyətdə Ermənistanın manevr imkanlarını xeyli azaldacaq. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin milli maraqlara xəyanət etməsi Ermənistanın vəziyyətinə nikbinlik qatmır”.

Təhlükəsizlik üzrə ekspert Georgiy Qobronidze isə “Exo Kavkaza” deyib ki, İranın mövqeləri dərhal deyil, tədricən zəifləyəcək. Xüsusilə də hesab edir ki, bu, İranın Azərbaycanla, İranın Ermənistanla, İranın Gürcüstanla münasibətlərini dəyişəcək. Gürcü analitikin fikrincə, əgər İranın Cənubi Qafqazdakı vəziyyətə daha fəal müdaxilə etmək üçün resursları yoxdursa, bu, o deməkdir ki, Azərbaycanın fəaliyyət üçün daha geniş imkanları var. Sitat: “Azərbaycanın Zəngəzur dəhlizinə iddialar irəli sürməsi hələlik hipotetik olsa da, artıq bütün regionun təhlükəsizliyinə təsir edə bilər”.

Politoloq Sergey Melkonyan isə hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl İranın mövqeyindən narazılığını bildirərək, Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsinə mane olanın Tehran olduğunu bəyan etmişdi. Daha sonra buna cavab olaraq İranın ruhani liderinin ən yaxın məsləhətçilərindən biri Əli Əkbər Vilayəti geniş müsahibəsində demişdi ki, İranın Zəngəzur dəhlizində qəti mövqeyinin əhəmiyyətli təsiri olub. “İran konkret addımlar atdı və buna nail oldu. Amma genişmiqyaslı müharibə başlayarsa, bu imkanlar çox güman ki, xeyli zəifləyəcək”, - Melkonyan yekunlaşdırıb.

Göründüyü kimi, təhlillərdə əsas vurğu Azərbaycanın bölgədə liderelik rolunun daha da artacağı proqnozlaşdırılır.

Bəs səslənən iddialar hazırkı geosiyasi burulğanda nə dərəcədə realdır? İranın müharibəyə sürüklənməsi Zəngəzur dəhlizinin işə düşməsi imkanlarını sürətləndirirmi?

Türkiyə və İsrail arasındakı gərginlik, əslində bir mətbuat əməliyyatıdır”- Qədir  Aslan | news365.az

Qədir Aslan

Siyasi analitik Qədir Aslanın sözlərinə görə, İran-İsrail müharibəsi kontekstində beynəlxalq ticarət yolları mövzusu yenidən aktivləşir: “İranın düşdüyü bu vəziyyətdə Zəngəzur dəhlizi ilə bağlı fürsətimiz yaranır. Son dövrlərdə İrana şans verilmişdi ki, Tehran ticarət yollarında güzəştə getsə, ona bəzi imkanlar yaradıla bilər. Ancaq İran rəsmiləri Zəngəzur dəhlizinin əleyhinə bəyanatları dayandırmadı. Biz bilirik ki, bu koridor əslində Orta dəhliz deməkdir. Deməli, Tehran beynəlxalq maraq doğuran bir layihəyə qarşı çıxırdı, təhdid edirdi. Üstəlik, bu dəhlizin İrandan keçməsi absurd olardı. Sanksiya altında olan dövlətə niyə bu imkanı yaratsınlar? Ona görə də məqsəd oradakı rejimi dəyişməkdir. Yəni İran Orta dəhlizlə bağlı belə sərt mövqedə dayanmasaydı, İsrailin əməliyyatı bu dərəcədə güclü olmazdı. Çünki Orta dəhlizə beynəlxalq korporasiyalar nəzarət edəcək”.

Q.Aslan yada salır ki, Şimal-Cənub yolundan isə Rusiya və İran istifadə etməkdədir: “Kim zəmanət verə bilər ki, bir gün İranın, yaxud Rusiyanın raketi gəlib həmin beynəlxalq korporasiyaların daşıdığı yükə düşməyəcək? Odur ki, bu beynəlxalq ticarət yolunun açılması üçün həm də rejimlər dəyişməlidir”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qısa replika verib: “Müharibə başladı - bu, pis xəbərdir. Zəngəzur mövzusu artıq İran üçün aktuallığını itirib - bu, yaxşı xəbərdir”.

Hikmət Hacıyev: Ermənistan və Azərbaycan dünyanı təəccübləndirməyi bacarıb  | Modern.az

Hikmət Hacıyev

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025" çərçivəsində keçirilən "Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti" paneli zamanı bu mövzuya toxunub, İrəvana çağırış edib. H.Hacıyevin sözlərinə görə, münaqişənin həll olunduğu bir vaxtda hesab edirik ki, “Şərq-Qərb” nəqliyyat dəhlizinin vacib komponentlərindən biri də ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsidir: “Bu, həmin dəhlizin tam miqyasda və effektiv fəaliyyəti üçün zəruridir. Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan regionda aparılan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər. Bu, mümkündür. Bizim də təbii ki, Ermənistandan gözləntilərimiz var. 30 ildir Ermənistan Naxçıvanı blokada şəraitində saxlayıb. İndi isə biz onlardan ilk vacib addımı atmasını, yəni Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik. "Dəhliz" sözü Ermənistandakı həmkarlarımda qıcıq yaradır. Qoy buna nə istəyirlər desinlər. Lakin biz ilk olaraq Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvanla əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR