Onlayn ictimai-siyasi qəzet
Xatırlayırsınız yəqin, bu ilin 17 yanvarında Moskvada Rusiya və İran arasında yüksək səviyyədə danışıqlardan sonra prezidentlər Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzaladılar. İmzalanmadan sonra keçirilən brifinqdə prezident Vladimir Putin xarici siyasətin əksər məsələləri üzrə Rusiya və İranın mövqelərinin üst-üstə düşdüyünü söylədi. Üstəlik, Rusiya və İran arasında yeni sazişin qarşısına iddialı məqsədlər qoyulduğunu vurğulayaraq, “bu, iki ölkənin və bütün regionun sabit inkişafı üçün sıçrayışlı sənəddir”, dedi. Eyni zamanda “Bizim ikitərəfli münasibətlərimiz bərabərlik, hörmət və qarşılıqlı yardım prinsipləri üzərində qurulur”, - söyləyən Rusiya prezidentinin digər bəyanatları da oldu.
20 il müddətinə imzalanan saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edirdi. Aprel ayında Rusiya Dövlət Duması, may ayında isə İran parlamenti tərəfindən ratifikasiya edilən sazişin mürəkkəbi qurumamış İranın başına müsibətlər gəldi. Söhbət İsraillə İran arasında 12 günlük müharibədən gedir. Paytaxt Tehran başda olmaqla İranın müxtəlif şəhərləri İsrailin, daha sonra isə ABŞ-nin nöqtəli zərbələrinə tuş gəldi, generaları öldürüldü, xeyli sayda mülki sakin həlak oldu. Hələ nüvə obyektləri, hərbi və mülki arsenala vurulan ağır zərbələr bir yana. Hərtərəfli Strateji Tərəfdaşlıq sazişinin digər tərəfi Rusiya bu müharibə dövründə necə davrandı? Hamımız müşahidə etdik. Rusiya rəhbərlik bildirdi ki, sözügedən müqavilədə hərbi yardımla bağlı bənd yoxdur, yəni Rusiya İrana hərbi yardıma getmək öhdəliyini üzərinə götürməyib. Maraqlıdır, bəs belə olduğu halda sazişin harası “hərtərəfli” oldu?
O zaman “Kommersant” qəzetində dərc olunan rusiyalı politoloq Andrey Kortunovun fikirləri diqqət çəkirdi.
“Reallıq budur ki, Rusiya beş ay əvvəl strateji tərəfdaşlıq sazişi imzaladığı bir ölkəyə qarşı İsrailin genişmiqyaslı hücumunun qarşısını ala bilmədi... Moskvanın İsraili qınayan siyasi açıqlamalardan kənara çıxmağa hazır olmadığı, İranı hərbi cəhətdən dəstəkləmək niyyətində olmadığı aydındır”. Açıq etiraf idi və sadəcə bir ekspertin mövqeyi deyildi. Düzdür, Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkianın yanvarda imzaladığı Rusiya-İran strateji tərəfdaşlıq sazişi hərbi ittifaq deyildi və bu saziş Moskvanı Tehranı müdafiə etməyə məcbur etmirdi. Ancaq imzalanan zaman Kreml bu sazişin əhəmiyyətini xüsusi olaraq vurğulamışdı. XİN başçısı Sergey Lavrov Ria Novosti xəbər agentliyinə demişdi ki, bu saziş “regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin olunması üçün koordinasiyanın gücləndirilməsinə xüsusi əhəmiyyət verir və Moskva ilə Tehran arasında təhlükəsizlik və müdafiə sahələrində daha sıx əməkdaşlıq istəyini əks etdirir”.
Amma İsrail İranın başına od ələyəndə, üstəlik, İsrailin agentura şəbəkəsi İranın daxilində hərəkətə keçəndə, paralel qaydada Tehran və digər şəhərlərin hava məkanını bombardmançılar aşsüzənə döndərəndə Rusiya tamaşaçı qisimində qaldı. Belə görünür ki, İranla hərtərəfli saziş imzalamaq Rusiyanın özünə, onu Ukrayna ilə müharibədə qorumaq, yaxud İrandan hərbi dəstəyi davamlı şəkildə almaqdan ötrü lazım imiş. Necə ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarını almaqla Rusiya cəbhədə xeyli dönüş əldə etmişdi. İran çətinə düşəndə isə Rusiya prosesə aktiv müdaxilə etməkdən yayındı. İstsisna deyil ki, İsrail-İran müharibəsi digər dövlətlərin, xüsusilə də Rusiyanın savaşa cəlb olunması, Moskvaya qarşı növbəti ağır cəbhənin açılması üçün də cızılmış ssenarinin tərkib hissəsi idi.Bu, Rusiya üçün fəlakətli perspektivlər yarada bilərdi. Amma bəs, müttəfiqlik, imzalanan sazişlər, verilən bəyanatlar?
Budur, Xəzər dənizində Rusiya və İran Hərbi Dəniz Qüvvələri birgə “Xəzər dənizi-2025” (CASAREX 2025) dəniz hərbi xilasetmə təlimləri keçirir. “Mehr” agentliyinin xəbərinə görə, Rusiya hərbi gəmisi artıq birgə təlimlərin ümumi ərazisinə daxil olub. Mövcud məlumata görə, Rusiyanın “SB738” gəmisini İran Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb. Bu gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının bir hissəsidir. Rəsmi məlumata görə, təlimlər iyulun 21-də Xəzər dənizində başlayıb və üç gün davam edəcək. Tədbir İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının bazasında “Təhlükəsiz və etibarlı Xəzər dənizi naminə birlikdə” devizi altında keçirilir.
Heç şübhəsiz ki, bu hərbi təlimlərin regionda baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur. Ənənəvi qaydada bu kimi hərbi təlimlər aylar öncə planlaşdırılır və razılaşdırılır. İstisna deyil ki, Rusiya birgə təlimlərlə İranın həm də “könlünü almaq” istəyir, çünki İsrail-İran müharibəsi zamanı Kreml Tehranın “”bərk xətrinə dəymişdi”. Bu barədə açıq-aşkar narazılıq ifadə olunmasa da, hər halda cənub qonşumuzun Rusiyadan gözləntiləri var idi. Odur ki, İsrail-İran müharibəsindən sonra Rusiya-İran münasibətlərinin pisləşməsi təbii qəbul olunmalıdır. Eskalasiya zamanı Rusiyanın İrana elementar dəstək verməməsi, İsraili çəkindirəcək hansısa addım atmaması, üstəlik, ABŞ-nin İranı bombalamasına da reaksiyasız qalması Tehran üçün şok effekti verdi. Təsəvvür edin, hərtərəfli strateji saziş imzaladığın ölkənin dini lideri həftələrlə bunkerlərdən çıxa bilmir, ölkə üçün çox əhəmiyyətli hərbi və siyasiy fiqurlar zərərsizləşdirilir, amma müttəfiq durub kənardan baxır. Yeri gəlmişkən, o günlərdə Azərbaycan baxmayaraq ki, İsraillə dostluq münasibətləri var, amma İrana zərbələr endirilməsinə, həmçinin mülki insanların həlak olmasına azı iki dəfə açıq etirazını bildirdi, qətiyyətli mövqe qoydu. Həmçinin İrandakı azərbaycanlıların hədəfə alınmaması üçün də İsrailə ismarıclarını çatdırdı. Baxmayaraq ki, İrandan ayrı-ayrı rəsmilər, həmçinin digər çevrələr səviyyəsində Azərbaycana qarşı şər-böhtan komapaniyası davam etdirilirdi, bu günədək də kəsilməyib. Rusiya isə İranın ağır günlərində 17 yanvar sazişini sanki unutdu, həmçinin İranın Ukraynadakı işğalçı müharibədə Kremlə göstərdiyi hərbi yardımı. Tehran çox ümidli idi ki, Rusiya təyyarə, raket sistemləri və s. ilə İrana dəstək olacaq. Lakin Rusiya daha çox İsrailin xeyrinə oyun qurdu və İrana real dəstək olmadı.
Belə olduğu təqdirdə əminliklə söyləmək olar: faktiki olaraq İran-Rusiya arasında imzalanmış hərtərəfli strateji əməkdaşlıq barədə sənəd yalnız bir kağız parçasıdır. Əgər o sənədin hər hansı maddəsi işlək deyilsə, yalnız masada qalıbsa, ağır gündə köməyə çatmayacaqsa, onun olması ilə olmamasının fərqi varmı?
Yeri gəlmişkən, ötən il Suriya məsələsində də Rusiya faktiki İsraillə sövdələşməyə getmişdi. Yəqin yadınızdadır, Kreml yalnız Bəşər Əsədi sərvətləri ilə birlikdə Suriyadan qaçırmaqla bu ölkəyə “yardım” etmiş oldu. Suriyada iki hərbi bazaya malik Rusiya məlum planlara reaksiyasız qaldı və nəticədə İran Suriyada mövqelərini itirdi. Mütəxəssislərin bəziləri əminliklə söyləyierlər ki, o zaman Rusiya istəsəydi, Suriyada iranmeyilli silahlı qruplara aviasiya dəstəyi verə, proseslərin axarını fərqli istiqamətə çevirə bilərdi. “Müttəfiq” İranın Suriyada itirdiklərinə tamaşaçı gözü ilə baxan Rusiyanın İsrailin və ABŞ-nin İrana qarşı hava zərbələrini seyr etməsi də Tehranda unudulmayacaq. Bu mənada tam mübaliğəsiz söyləmək olar ki, hazırda Rusiya-İran münasibətləri pisləşməyə doğru gedir, nəinki normallaşmaya doğru. Xəzərdə keçirilən birgə təlimlər isə zorən müttəfiqlikdən doğur. Reallıq budur ki, Qərb dünyası həm Rusiyanı Ukraynaya görə, həm də İranı nüvə iddiası səbəbindən sanksiyalar girdabında sıxır, fürsət düşən kimi hər iki ölkəyə qarşı ən müxtəlif, o cümlədən hərbi zərbələr endirməyə çalışır. ABŞ-nin Britaniyada nüvə başlıqları yerləşdirməsi Rusiyaya qarşı nöqtəli zərbələr planını da gündəmə gətirə bilər. Eyni zamanda İranla da məsələlər bitməyib. Qərb paytaxtları Rusiya və İranı ayrı-ayrılıqda əzməyə çalışır, həmçinin onların bir yerdə olmaması üçün əlindən gələni edir. Xəzərdəki, hərbi təlimlər isə süni şəkildə guya “iki ölkə arasında hərbi-təhlükəsizlik sahəsində sıx əməkdaşlığın” nümayişidir. Amma bununla heç kimi aldada bilməyəcəklər…
Konkretləşdirsək, bu, Xəzərdə sınaqdan çıxmayan hərtərəfli tərəfdaşlıqdan sonra “zorən müttəfqlik” şosudur. Şair Məmməd İsmayıl sanki bu prosesləri nəzərə alaraq yazıb: “Kimi aldadırsan, a zalım oğlu”?
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ