Onlayn ictimai-siyasi qəzet
Hamınızı təbrik edirəm, siz də məni təbrik edin. Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaradılmış yeni ictimai çimərlikləri təqdim edib. Onlar mövsümün əvvəlindən quruma daxil olmuş çoxsaylı müraciətlərdən sonra təşkil edilib. Monitorinqlər zamanı bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin, infrastrukturun, təmizlik qaydalarına əməl olunmasının və tullantıların idarə edilməsinin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, Şüvəlanda 3 çimərlikdə ödənişsiz ictimai məkanlar yaradılıb. Pilot layihə 15,3 hektar sahəni əhatə edir.
Burada taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaq əyləncə zonaları, söhbətgahlar, günəşdən mühafizə çətirləri və digər zəruri avadanlıqlar quraşdırılıb.
Hələ dayanın, xəbərin davamına baxın. “Yay mövsümü Azərbaycanda daxili və gəlmə turizmin ən yüksək aktivlik dövrü hesab olunur. Bu müddətdə ölkəyə gələn əcnəbi turistlərin 32 %-i məhz yay aylarında səyahət edir. Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropadan gələn turistlərin sayı üstünlük təşkil edir. MDB ölkələrindən gələnlər arasında isə çimərlik turizminə maraq daha çox müşahidə olunur. Son illərin göstəricilərinə əsasən, yerli turistlərin il ərzində həyata keçirdiyi 20 milyondan çox səfərin 40 %-i yay aylarının payına düşür. Bu dövrdə həm regionlara səfərlərin sayında artım qeydə alınır, həm də regionlardan Bakıya, xüsusilə çimərliklərə gediş-gəliş intensivləşir.Hazırda ölkə üzrə 200-dən çox çimərlik fəaliyyət göstərir. Onların 80 %-i Bakı və Abşeron yarımadasında yerləşir. Bu ərazidə ümumilikdə 17 çimərlik zonası mövcuddur”.
Bacılar, qardaşlar, analar, atalar, romalılar! Bu xəbər bu gün yayılıb, avqustun 31-də. Yay mövsümü bitir, camaat məzuniyyətdən qayıdıb, istirahət dönəmi arxada qalıb və sair və ilaxır. Bizim Dövlət Turizm Agentliyi isə deyir ki, yay sizin üçün ölüb, bizim üçün hələ də sağdır. Biz təzə çimərlik açmışıq, canınız çıxsın, soyuqlar da düşsə, gedin, girin dənizə... Həqiqətən də nə yeyib, nə içirlər bunlar? Bakı əhli mövsüm boyu ödənişli çimərliklərin çoxluğundan bezara gəldi, pulu olanlar acıq verə-verə yeni açılmış çimərliklərə getdi-gəldi, kasıb hasarlanmış Xəzərin sahilində özünə çətinliklə çimərlik tapdı. Hara gedirdi, qapının ağzında özəl çimərliyin mühafizəçisi deyirdi, çantanı aç görüm, içində pendir-çörək gizlətmisənmi? İndi bunlar da sanki camaata acıq verirlər, mövsüm bitəndə pulsuz çimərlik istifadəyə verirlər, mediatur təşkil edirlər. Bir az tez olmadımı? Gözləyəydiz, dekabrda ilk qar yağanda edəydiz də açılışını. Bakı camaatı bunlar üçün morj-zaddır ki, payızda dənizə girsin? Yoxsa, silmə əməliyyatıdır, sadəcə vaxtında çatdırmayıblar?
Hər işimiz kəllə-mayallaqdır, Allaha and olsun. Məsələn, Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib.
Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.
Yay bitir e, cənablar. Bağ mövsümü ilə bağlı bağına köç edən sakinlərin yay boyu o yolda gününü qara elədiz. Bir tərəfi bağladız, o biri tərəfi açdız. Labirint kimi... Sürücü bilmədi, yola hardan girib, hardan çıxsın. Enli yol qəflətən bir tərəfdən bağlanır, əyləci basırsan, sonra keçir dar yola, qəfil yol genişlənir... 3 ay bunu yaşadıq. İndi də nəymiş? Layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri... Bizim ömrümüzə döşənən bu plansız işləri kim həll edəcək? Qışda deyirlər dənizə gedin, yayda deyirlər, evdə oturun, susuz qalın. Yayda açmalı olduqları yolu qışda açırlar, təmir etməli olduqları vaxt istifadəyə verirlər. İstifadəyə verməli olduqları zaman da təmir edirlər.... Allaha and olsun, sağ əlimizlə sol qulağımızı qaşıyırıq...
Bayaq da bir xəbər oxudum. Deyir, bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min 648 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 23 min turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil. Bundan başqa, 18 min 579 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 16 min 481 turist taksi xidmətindən, 11 min 276 turist bələdçi xidmətlərindən, 10 min 143 turist yerləşmə xidmətindən, 8 min 112 turist isə metro xidmətindən narazılıq edib.
Rəhmətliyin nəvələri, sizin narazı qaldığınız məsələlər bizim həyat normamıza çevrilib. Bunlar bizim yaşadıqlarımızın yanında toya getməlidir. Heç sizinçün qışda çimərlik açıblar? Yoox! Gedin, Allahınıza şükr edin...
21 Sentyabr 2025
31 Avqust 2025
03 Avqust 2025
27 Iyul 2025
20 Iyul 2025
29 Iyun 2025
30 Mart 2025
29 Mart 2025
27 Mart 2025
22 Mart 2025
02 Mart 2025
23 Fevral 2025
16 Fevral 2025
09 Fevral 2025
26 Yanvar 2025
25 Yanvar 2025
18 Yanvar 2025
22 Dekabr 2024
11 Avqust 2024
25 May 2024
12 Aprel 2024
ŞƏRHLƏRŞƏRH YAZ