Onlayn ictimai-siyasi qəzet
“Maşa və ayı” – son illər rusların bütün dünyaya özlərini ən yaxşı ifadə etdikləri bir cizgi film nümunəsi. Hər şeyi həyasızcasına tələb edən Maşa və onun zülmlərinə boyun əyən ayı... Amma ayı da rus ayısıdır və o da müəyyən məqamlarda ən az Maşa qədər həyasızlıq etməyi bacarır. Bax, indi bütün dünya o “həyasız Maşa ilə ayının” əlində əsir-yesir qalıb. Ətrafdakı hər kəsə zülm edirlər, incidirlər, həyasız tələblər irəli sürürlər.
“Rusiyasız dünya nəyə lazımdır?” zehniyyəti ilə yaşayan bir ölkə rəhbərliyi var qarşımızda. Qanunsuzluq, vəhşilik və aqressiyada sərhəd tanımayan Rusiyanın son hədəfi yenə o ölkədə yaşayan azərbaycanlılardır. Bəli, vətəndaşlarımızı öldürdülər, yaraladılar, türmələrə saldılar. Adını da qoydular ki, 2001-ci ildəki hansısa cinayətə görə əməliyyat keçiriblər. Buna əməliyyat deməyə milyon şahid lazım. Bu, əməliyyat yox, dövlətin sui-qəsdi idi. Rus OMON-çusu azərbaycanlılara palçıq yedizdirdi, bədəninə tok verdi, gözünü göyərtdi, qabırğasını sındırdı... Bütün bunları edəndən sonra da hücum etdiyi kafenin azərbaycanlı işçisinə dedi ki, mənə Azərbaycan kababı bişir. Bu, Putinsayağı bir həyasızlıqdır. Bütün bu əməlləri həyata keçirəndən sonra isə Azərbaycanın rəsmi etirazına “sizə lazımi cavabı vermişik” deyib, məsələnin üstünü örtməyə çalışırlar. Zaxarova deyir, artıq cavab verdik, Bastrıkin deyir, araşdıracağıq. Sanki uşaq yola verirlər, uşaq başı aldadırlar. Dekabrdan bəri Azərbaycana münasibətdə artan o aqressiya sərhəd tanımır. Biz geri çəkilmədikcə, onlar üzərimizə gəlirlər. Həm də həyasızcasına...
Biz Rusiyanın mahiyyətini hər zaman demişik. Ukraynaya vəhşicəsinə soxulan gündən həm də. Elə o vaxt da, sonrakı günlərdə də aramızda bu dövlətin siyasətini müdafiə edən kölə təfəkkürlülər var. “Qaqa, Rusiya nəhəng dövlətdi eee!” deyib, az qala onların Azərbaycana etdiklərinə haqq qazandıranlar tez-tez “banlayırdı”. Rus dilini ana dilindən üstün tutanlar, yenicə dil açan uşaqlarını rusdilli məktəblərə qoyanlar, bizimlə rusun ağzı ilə danışanlar. “Rus güclüdür və Ukrayna da gücsüz olduğunu görüb, müharibəyə getməməli idi” kimi çürük bir arqumenti müdafiə edənlər var, var idi, bəlkə də olacaq. Bəzən də bunu sıravi vətəndaş yox, özünü siyasətçi, politoloq, partiya sədri adlandıranlar deyirdi. Həmin məntiqlə sabah bir qoluzorlu, arxalı-dayaqlı, imkanlı qonşunuzun sizin evinizə, maşınınıza....gözü düşsə və “ver onları mənə” desə, verməlisiz? Torpaq da ev deyilmi, ev də vətən deyilmi? Bu, nə zehniyyət?
Rusiya erməninin əli ilə 30 ildən artıq bizi işğalda saxladı, ermənini Qarabağdan çıxardıq, özü əsgəri ilə soxuldu, həmin müddətdə erməniyə hər cür dəstək verdi, silah verdi, təxribat etdi. Özünü ordan rədd etdik, başladı başqa təxribatlara. Təyyarəmizi vurdu, deputatımızı sərhəddən qovdu, millətimizin nümayəndələrinə təzyiq etdi... Nələr-nələr... Hamısını sadalasam, bu, köşə olmaqdan çıxıb, xronologiya yazısı olacaq. Putin diş göstərir, güc göstərir, əzələ göstərir... Özü də təkcə bizə yox, yanında-yörəsində nə qədər ölkə varsa, hamısına... “Ukrayna ilə müharibəni bitirim, gör sizin başınıza nə oyun açacam?” – hədə budur! Gücü çatanı incidir, çatmayana dolayısı ilə pislik edir...
Belə məqamda iş bizim üzərimizə düşür. İqtidarlı-müxalifətli, jurnalistli-ziyalılı... hamımız bir olmağı bacarmalıyıq. Hökumət Rusiyada yaşayan azərbaycanlılarla bağlı bir proqram qəbul etməli, onların ölkədə fəaliyyəti üçün konsepsiya hazırlamalı, jurnalistika bu sahədə hər kəsi maarifləndirməli, ziyalılar da öz sözünü deməlidir. 44 günlük savaşda olduğu kimi... Bu gün 2 milyondan artıq azərbaycanlı iş dalınca Rusiyanın çöllərinə üz tutubsa, vardır bunda bizim də suçumuz. O qoçaq, bacarıqlı insanlar Rusiyanın çöllərində biznes qurub, özləri ilə paralel yüzlərlə insana da iş yeri yaradıblarsa, üstəgəl, Rusiyanın iqtisadiyyatını da dirçəldiblərsə, deməli potensialları var. Deməli, eyni performansı öz vətənlərində də göstərə bilərlər. Artıq Azərbaycanın ərazisi 5 il əvvəllə müqayisədə 20 faiz daha artıqdır. Qarabağda yenidənqurma işləri, tikintilər gedir, iş yerləri açılır... Bu prosesə imkanlı azərbaycanlı iş adamlarını da cəlb etmək lazımdır. Şəffaf biznes mühiti, rəqabətli şərtlər, monopoliyasız fəaliyyət. Bunlar olduqdan sonra heç kim rus çöllərində, rus OMON-çusunun təpiyi altında bir tikə çörək qazanmağa getməz.
Onların bizi şantaj etdiyi məsələləri onların özünə qarşı silaha çevirmək lazımdır. Miqrantlar olmadan əmək bazarı çökəcək olan Rusiya hər fürsətdə bunu bizə qarşı istifadə edə bilməz, etməməlidir! Biz onları öz “silahları” ilə vurmalı, Azərbaycanın kim olduğunu onların nəzərinə bir daha çatdırmalıyıq!
Amma bütün bunlara çatana qədər işimizi içəridə görməliyik. Rusun burda nə qədər agenti, sevdalısı, iti-pişiyi varsa, onlarla haqq-hesabı çürütməliyik. Özü də bütün sahələrdə. Rusiyanın “5-ci kolonu”nun bütün köklərini çıxarıb atmasaq, bu işin axırına çıxa bilməyəcəyik. Sağ-solumuzdakı rusbaşlara da zor gücü ilə yox, məntiqlə qəbul etdirməliyik ki, bunlardan bizə dost olmaz. Təyyarə vuran, oğullarımızı döyüb öldürən, torpağımızı işğal edən, düşmənimizi silahlandırana heç vaxt dost deyə bilmərik. Başa düşdüz, ey rusbaşlar? Rus əsgərinin çəkməsinin öpməyə hazır olan manqurtlar, bildiz söhbət nədən gedir? Çətin...
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ