Onlayn ictimai-siyasi qəzet
Hər dəfə efirdə Rusiya haqqında, Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi haqda danışanda bir dəstə “həssas” azərbaycanlı peyda olur. Yazırlar ki:“Bəs siz danışmasaydınız, Putin azərbaycanlılara qarşı belə eləməzdi”. Bizi, biz jurnalistləri guya prosesləri qızışdırmaqda, dövlətlərarası gərginliyi artırmaqda, hətta və hətta Putini qıcıqlandırmaqda ittiham edirlər. Ay aman biz nəymişik? O gün biri şəklimi paylaşıb, altından da yazıb ki, “bunun ucbatından mənim anam gecələr yata bilmir”. Axtardım sosial şəbəkədə, tapdım o adamı və yazdım ki, “yanlış anlama, amma ananı gecələr yatmağa qoymayan Putindir!” Vladimir Vladimiroviç olan, o Rusiya diktatoru, o slavyan qardaşının qanını usanmadan, 3 il yarımdır tökən Volodya. Azərbaycana, azərbaycanlılara gəlincə isə, onun taktikası, arzusu bəllidir. Balıq yaddaşlı olmayın, bu aşağıdakıları yaddan çıxarmayın, ay anası gecələr yata bilməyənlər...
2020-ci ilin 27 sentyabrında müharibə başlayanda “sülhməramlı” adıyla Qarabağa yerləşən kim idi? Rusiya.
2021-ci ilin noyabrında Rusiya hava məkanında uçan Azərbaycan hərbi təyyarəsini vurdu? Bəli, yenə Rusiya.
Xocalı soyqırımının təşkilində kimlərin əli var? – General Lebed və Rusiya qoşunları.
20 Yanvarın tanklarını Bakıya kim yeritdi? – M.Qorbaçov və SSRİ ordusu, yəni bugünkü Rusiyanın atası.
2024-cü ilin dekabrında təyyarəmizi qəsdən vuran, buna görə üzr istəmək əvəzinə bizi şantaj edən də Rusiyadır. Son bir neçə ayın gərginliyi də elə bu olaydan sonra başlayıb. Rusiya əsgərini Qarabağdan qovandan sonra onsuz da bizim əlimizdən zəncir çeynəyən Putin “qisas qiyamətə qalmaz” deyib, günahsız insanlarımızı öldürdü....
Amma bunları deməyə cəsarəti çatmayanlar, qorxudan nəfəsini belə içində alanlar, gəlib zəhərini bizə qusur. Sizcə, Putin səhər efiri açıb, TV Müsavatın efirində mənə baxır və dərhal qəzəblənir ki, “ay aman, Sevinc Telmanovna danışdı, məni qəzəbləndirdi. Mən də gedib onun acığına azərbaycanlılara divan tutum?” Bu qədər gülməli olmayın, bu iddianı səsləndirənlərin bunca cahil olmasına inanmaq istəmirəm. Putin Azərbaycan efirinə baxmadan da kimə nə edəcəyini çox yaxşı bilir. Slavyan qardaşının qanını “uf demədən” tökən Putindən ordakı miqrant azərbaycanlılara qarşı mərhəmət, ədalət gözləyirsiz? Ay hay...
Bəziləri də həddən artıq müdrik aparır özünü. Məsələn, xəbər yazırıq və ya o xəbəri efirdən oxuyuruq. Dərhal “peçat vururlar”: “Yalan danışırsan, Moskvada belə şey yoxdur, mən burda yaşayıram. Olsa bilərdim”. Qardaş, sən 14 milyonluq şəhərdə yaşayırsan, KQB-sayağı qurulan sistemin hər hücrəsini necə bilə bilərsən? Sənə göstərilməyənləri biz görürük, səsləndiririk. Ən azı bir azərbaycanlı qadının efirdə təkbaşına sistemə qarşı danışmağa cəsarəti çatır! Sən isə orda, mətbəxində, evində Putin rejiminə “can sağlığı” arzulayıb, gəlib mənə deyirsən: “Sən sus!” Niyə susum? Mənim susmağımla Putin səndən əl çəkəcək, dayandıracaq aqressiya maşınını? Susanda nə oldu? Xocalı oldu. 20 Yanvar oldu. Qarabağ 30 il işğal altında qaldı. Biz susduq, onlar güldü.
Axı niyə unudursuz ki, biz illər uzunu erməni ilə savaşmamışıq, Rusiya ilə savaşmışıq. Nə zaman ki, Rusiya aradan çəkildi, biz Qarabağımıza qovuşduq. Bəli, 2020-ci ildə siyasi situasiya elə gətirdi ki, Rusiya ordumuzun və Türkiyənin, arxamızdakı dəstəyin gücündən Qarabağda geriləməli oldu. Erməninin atxasında çəkilən kimi isə haqq öz yerini tutdu. Bunu da unutmusuz bəziləriniz?
İndi də Rusiya hakimiyyəti azərbaycanlıları bir-birinə qarşı qoyur: Rusiyadakılarla burdakıları. Ordakılar burdakını, burdakılar ordakını suçlayır. Putin deyir: “Mən güzgünü sındırmıram, sadəcə sizə özünüzü göstərirəm.” Bizimkilər isə gedib o güzgünü döyür ki, “niyə mənə çirkli olduğumu göstərdin?” Putindən qorxan danışmır. Danışanları isə Putinlə eyni yerə qoyur.
Sizin öz dogma evinizi, elinizi, doğmalarınızı atıb, Rusiyanın çöllərində nə zülmlə pul qazandığınızın fərqindəyik, əziz soydaşlarımız. Könül istərdi ki, əmək miqrantlarımız bu qədər Rusiyaya səpələnməsin. Qeyri-rəsmi mənbələrə görə, onların sayı 3 milyona yaxındır. Kaş ki, ölkədə sizə iş yerləri, biznesinizi qurmaq üçün əlverişli şərait yaradılaydı və siz hansısa İvanın, Matveyin qəfil qalxan qəzəbli qaşının güdazına getməyəydiz. Buna görə də hökumətimizdən gözləntilərimiz var. Ordakı qoçaq, bacarıqlı, daşdan pul çıxaran azərbaycanlıların ölkəmizə gəlməsinə, burda biznes qurmasına şərait yaradılsın. Daşı sıxsa su çıxara bilən qoçaq soydaşlarımız eyni performansı öz ölkəsində göstərsin, rusun evində yox. Həm onların iqtisadiyyatına, əmək bazarına xeyir verib, həm də hər kritik situasiyada şantaj nöqtəsi olmaq ağrıdıcıdır. Bunu biz adımızla, ünvanımızla, özümüzü Rusiya kimi bir terrorist ölkənin hədəfinə çıxarmaqla deyirik. Sizin kimi “yalnız canavar”, “İvan İvanoviç” adlı saxta niklər altında ona-buna söyüş söyüb, ləyaqətlərini alçaltmırıq. Mən yolum Rusiyaya düşsə, həbs olunacağımı, ən yaxşı halda isə deportasiya olunacağımı bilə-bilə bunu açıq şəkildə efirdən söyləyirəm. Çünki terrorçunun adını, ünvanını olduğu kimi demək lazımdır. Tağı Əhmədov demişkən, burcutmadan...
Amma bilin ki, bu efirdə danışanlar heç vaxt susmayacaq. Çünki susan, susduğuna görə cavab verəcək. Və sizin ananızı gecələr yatmağa qoymayan bizim sözümüz, verdiyimiz xəbərlər yox, Putinin əlinin kölgəsidir!
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ