Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, İranda Əli Xameneinin müşaviri, keçmiş Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin ailəsində baş vermiş toya dair yayılan video sosial şəbəkələri silkələyib.
Görüntülərdə Şamxaninin qızı (məlumata görə, adı Fətimə Şamxanidir) dekolteli, çiyni açıq və dərin sinə xətli ağ gəlinlikdə, baş örtüyü minimal formada, lüks toy məkanında – Tehrandakı “Espinas Palace Hotel”-də görünür.
Bu nikah mərasimi ötən il Tehranın məhz bu məşhur otelində baş tutub və “Arman Melli” qəzeti həmin vaxt “Espinas Persian hotelində toy qalmaqalı” başlıqlı məqalə dərc etmişdi. Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (təqribən 14 min 700 ABŞ dolları) olub.
Məqalə müəllifi qeyd edib ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin tələb edən hakimiyyət üçün ciddi suallar doğurur.
Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.
Sosial şəbəkələrdə paylaşılan kadrlar həm şəxsi, həm də anonim hesablar tərəfindən “ikiüzlülüyün təcəssümü” kimi dəyərləndirilib: bir tərəfdən sıravi qadınlar hicab qaydalarına əməl etmədiklərinə görə cəzalandırılır, digər tərəfdən isə rejim elitası bu qaydalardan istisna olunur.
Məşhur mühacir fəaliyyətçisi Masih Alinejad paylaşdığı tvitdə yazıb:
“Şamxaninin qızı lüks toyda çiyni açıq gəlinlikdə idi. Halbuki İranda qadınlar saçlarını göstərdikləri üçün döyülür, gənclərin çoxu isə evlənməyə belə gücü çatmır. Onlar “təvazökarlığı” təbliğ edirlər, öz qızları isə dizayner libaslarında parad edir”.
Hətta bəzi ultra-mühafizəkar siyasətçilər belə bu hadisəyə münasibət bildirib. Məsələn, tanınmış sərt xətt tərəfdarı Əli Əkbər Raeifipur sosial şəbəkədə yazıb:
“Bu qədər ağır sanksiyalar altında camaatı səbrə çağırırıq - amma oliqarxın qızı ölkənin ən bahalı otelində toya gedirsə, bu, necə başa düşülməlidir?”
Bəzi siyasi şərhçilər bu toyu yalnız sosial-mədəni qalmaqal kimi deyil, həm də rejimin daxili çürüməsinin və ideoloji iflasının simptomu kimi dəyərləndirirlər. Onların fikrincə, hökumət sıravi vətəndaşlara hicab və əxlaq qaydaları tətbiq etdiyi halda, elita bu qaydalardan faktiki azaddır. Bu isə dövlətin normativ sisteminə və legitimliyinə ciddi zərbə vurur. İran iqtisadi cəhətdən ağır vəziyyətdədir - inflyasiya, işsizlik və sanksiyalar gənclərin evlənməsini çətinləşdirir. Belə bir şəraitdə bu cür dəbdəbəli toylara dair görüntülərin yayılması ictimai narazılığı daha da gücləndirir.
Rejim “dəyişməz dəyərlər” və “əxlaqi nizam” təbliğ etsə də, belə hadisələr göstərir ki, bu diskurs artıq cəmiyyət üçün inandırıcılığını itirib.
Cəmiyyətdə “Qaydalar sadə xalq üçündür, elita üçün deyil” düşüncəsi güclənir.
Beləliklə, təhlilçilər bu molla rejiminin ideoloji sütunlarının çatladığını göstərən siqnal kimi qiymətləndirirlər.
Qeyd etmək lazımdır ki, rəsmi İran mediası və rejim strukturları videonun yayılmasına qarşı sərt reaksiya veriblər. Bəzi rəsmilər bu görüntüləri “xəfiyyə fəaliyyəti” adlandıraraq, “xarici düşmənlərin sızdırması” kimi təqdim ediblər.
Bununla belə, çoxsaylı siyasi müşahidəçilər hesab edirlər ki, Şamxani ailəsinin toy qalmaqalı molla rejiminin çöküş prosesinin simvolik göstəricisidir.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:
“Məsud Pezeşkian prezident seçildikdən sonra şəxsən məndə ümidlər yarandı ki, İranda müəyyən islahatlar olacaq, xüsusən də qadınlara və ayrı-ayrı millətlərə münasibətdə. Məsud Pezeşkian buna həvəslidir, meyillidir və xüsusən də Azərbaycan Respublikası ilə münasibətlərin düzəlməsinə maraqlıdır. Lakin molla rejimi buna imkan vermir. Onlar din və məzhəb məsələlərini hər şeyin üstündə tutub hər şeyi onun altında basdırmaq istəyirlər. Görünür, bu görüntülərin bir il sonra ortaya çıxması onunla bağlıdır. Yəni əslində İran dövlətinin rəhbərliyindəki zirvədəkilərin bir çoxu belədir - onlar öz aralarında normal, sivil şəkildə geyinirlər. Çünki əvvəllər də belə görüntülər görmüşdük. Doğrudur, ümumi səviyyədə deyil, amma müəyyən məmurların ailə üzvləri barədə belə hallar olub. Görünür, indi kimlərsə ali dini rəhbərliyə xatırlatmaq istəyir ki, əgər hicabsızlıq günahdırsa, günahdırsa, bəs sonda niyə sizin ailələrinizdə belə hallar yoxdur? Yəni demək istəyirlər ki, gəlin bu məsələni kökündən həll edək.
Bu günlərdə məlum oldu ki, İranda hicab qadağasının aradan qaldırılması ilə bağlı məlumatlar yayıldı. Mən də bu məsələ ilə bağlı şərh verərkən bildirmişdim ki, hələlik rəsmi təsdiq yoxdur, amma ortalıqda informasiya manipulyasiyası gedir. Görünür Məsud Pezeşkianın tərəfdarları belə bir informasiya yaymışdılar ki, cəmiyyəti hərəkətə gətirsinlər və ali dini rəhbərlik üzərində təsir gücü yaransın. Ali dini rəhbərlik isə dirəniş göstərdi. Buna görə də həmin görüntüləri çıxarıb ortaya atıblar, yəni mollanın dediyi ilə gündəlik həyat arasındakı ziddiyyəti göstərmək məqsədilə.
Onlar deyirlər ki, hicabsızlıq günahdır, din belədir, məzhəb belədir, amma özlərinə gələndə bu qaydalar yox olur. Bəs sizə olmazsa, başqasına niyə olsun?”
A.Həsrət qeyd edib ki, nəinki molla rejimi, bütövlükdə İran çökməkdədir:
“Çünki 21-ci əsrdə insan hüquqlarını belə ayaqlar altına almaq olmaz. Orada 40 milyon türkdür və sən onun dilində məktəb açmağa icazə vermirsənsə, çökməlisən. Başqa çıxış yolu yoxdur.
Bundan başqa, hər gün edam hökmünün icrası ilə bağlı xəbərlər yayılır; hətta qadınlara qarşı edam cəzasının tətbiqi barədə məlumatlar çatdırılır. Eyni zamanda ayrı-ayrı etnik qruplara aid insanların öldürülməsi, polis və təhlükəsizlik orqanlarının zorakılığı ilə bağlı məlumatlar yayılır. İnsanlar acdır, sosial vəziyyət həqiqətən faciəvidir, dünya ilə qapılar bağlıdır, sanksiyalar altındadırlar - nə qədər davam edə bilərlər? Təbii ki, belə yaşamaq olmaz, sistem daxildən çökməyə məhkumdur. Ona görə də onlar xırda məsələlərlə insanları diqqətdən yayındırmağa, hicab, din mövzularında müxtəlif nağıllarla onları qapatmağa çalışırlar. Nağıllarla 21-ci əsrdə hara qədər getmək olar?”
Xalidə Gəray
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ