Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıb.
Bu ilin yayında isə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib. 2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar.
2019-cu ildə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb.

Elə həmin il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev də həbsdə olarkən vəfat edən icra başçılarındandır. 9 il müddətində azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə koronavirusdan ölüb.
İcra başçılarının həbsi 2020-ci ildə də davam edib. Həmin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin, ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub. Həbs edilən icra başçıları arasında cəzasını bütövlükdə çəkərək azadlığa çıxan icra başçıları da var. Bu 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur.
Həbs dalğası həmçinin 2021-ci ildə də davam edib. Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona 11 il 6 ay həbs cəzası verilib, daha sonra onu cəzası 10 ilə endirilib.
İcra başçılarının həbsi yerli idarəetmə sistemində hansı dəyişikliklərə səbəb olur? Bu həbslər bir daha İH-lərin ləğvinin zəruri olduğunu deməyə əsas vermirmi?
:1200.jpg)
Elşad Musayev
Mövzu ilə bağlı millət vəkili Elşad Musayev “Yeni Müsavat”a danışıb:
“Doğrudan da xeyli müddətdir ki, icra hakimiyyəti sistemində ayrı-ayrı dövrlərdə aparılan yoxlamaların şahidi oluruq və əksər hallarda ciddi korrupsiya halları ilə üzləşirik. Haqlı sualdır: bəs niyə digərləri bundan bir nəticə çıxarmır? Axı bir çox icra başçısı həbs olunub, lakin vəziyyət dəyişməyib”.
Millət vəkili qeyd edib ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakı icra hakimiyyətlərində də keçirilməlidir:
“Digər suallardan biri də budur ki, niyə daha çox bölgələrdəki icra başçıları yoxlanılır, amma Bakı şəhərində yoxlamalar aparılmır? Hesab edirəm ki, Bakı şəhərində də bu cür yoxlamalar olmalıdır və görünür ki, nəhayət, bu yoxlamalar Bakıya da çatacaq. Çünki eyni əməlləri törədən icra başçıları paytaxtda da mövcuddur. Amma, təbii ki, öz işinə məsuliyyətlə yanaşan, vicdanla çalışan icra başçıları da var”.

Millət vəkili hesab edir ki, bu halların yaranma səbəblərindən biri yerli icraetmə ilə bağlı olan idarəetmə sistemindədir:
“Çünki bizdə icra hakimiyyətləri haqqında əsasnamə hələ 1992-ci ildə, Mütəllibovun dövründə qəbul edilmiş sənəddir. O vaxtdan bəri dövr, zaman, idarəetmə tələbləri dəyişib, amma həmin əsasnamə və struktur demək olar ki, eyni qalıb. Bu insanlar 15-20 il vəzifədə qalır, amma onların fəaliyyətinə düzgün nəzarət mexanizmi yoxdur. Nəzarət edən orqanlar da ya şikayətləri araşdırmır, ya da yetərincə reaksiya vermir. Ona görə düşünürəm ki, yerlərdə icraçılıq forması dəyişməli, hesabatlılıq prinsipi tətbiq olunmalıdır. Daha çox səlahiyyət bələdiyyələrə verilməli, eyni zamanda, bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanlar da işini düzgün qurmalıdır. O şəxslər də öz növbəsində fəaliyyətlərinə görə hesabat verməlidirlər.
Yəni ölkədə müxtəlif sahələrdə islahatlar aparılmalıdır, xüsusilə də idarəetmə sistemində, yerli idarəetmə səviyyəsində ciddi islahatlara böyük ehtiyac var. Bir tərəfdən onlar üzərlərinə düşən nəzarəti hiss etmirlər, digər tərəfdən isə yaranmış fürsətdən istifadə edərək şəxsi maraqlarını təmin edirlər.
Başqa bir məsələ də odur ki, bəzi icra başçıları özlərinə müəyyən “arxa-dayaq” tapırlar və həmin dayaqların sayəsində manipulyasiyalar edərək çirkin əməllərlə məşğul olurlar. Gəlin baxaq, onlar icra başçısı təyin olunmazdan əvvəl hansı vəziyyətdə olublar? Rayonlarda vəziyyət bərbad, problemlər çoxdur, amma həmin icra başçılarının şəxsi durumu sürətlə yaxşılaşır, çünki əllərinə külli miqdarda vəsait keçir.
Eləcə də ölkədə bələdiyyələr məsələsi var. Bələdiyyələrin əksəriyyəti borc içərisindədir, fəaliyyət imkanları məhduddur, amma paradoks ondadır ki, bələdiyyənin başında duran şəxslərin heç bir borcu yoxdur, əksinə, onların maddi vəziyyəti getdikcə yaxşılaşır.
Ona görə də hesab edirəm ki, bu sahədə ciddi tədbirlər görməyin vaxtıdır - həm icra hakimiyyətlərində, həm də bələdiyyə sistemində şəffaflıq, hesabatlılıq və real nəzarət mexanizmləri formalaşdırılmalıdır".
Elşad Musayevin fikrincə, külli miqdarda dövlətin malını, əmlakını mənimsəyən adamlar həmin vəsaiti büdcəyə qaytarmalıdırlar:
“Büdcə vəsaitini dağıdanlar, ölkənin iqtisadiyyatına zərbə vuranlar var. Bunlara qarşı sərt tədbirlər görülməlidir ki, iqtisadiyyatımızı inkişaf etdirə bilək, əmək məhsuldarlığımızı artıraq. Büdcənin 41%-ni sosial məsələlərə yönəltmişik. İndi bunun miqdarını artırmaq lazımdır. Bunu edə bilməməyimizin bir çox səbəbi var. O səbəblərdən biri də yerlərdə belə dağıdıcılıq, gəmiricilik işləri ilə məşğul olan adamlardır. Faktiki olaraq, bunlar ölkənin inkişafını inkişafdan dayandırırlar”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ