Onlayn ictimai-siyasi qəzet
Çin alimləri nəhəng torium yataqları aşkar ediblər.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu kəşf sayəsində Çin Xalq Respublikası elektrik enerjisi istehsalında ciddi irəliləyiş əldə edə bilər.
Yataq Daxili Monqolustanda Bayan-Obo mədən kompleksində aşkar edilib. "Farmingdale Observer"in məlumatına görə, burada təxminən bir milyon ton torium – alternativ nüvə yanacağı tapılıb. Mütəxəssislərin fikrincə, bu miqdar Çin üçün min il enerji təminatı deməkdir.
“Çinin Bayan-Obo mədən kompleksində aşkarlanan torium ehtiyatları ölkənin enerji sahəsində oyun qaydalarını dəyişə biləcək gücdədir və enerji mənzərəsini köklü şəkildə dəyişə bilər. Alimlərin hesablamalarına görə, bu kəşf Çinin enerji tələbatını nəzəri olaraq 60 min il ərzində qarşılayacaq qədər yanacaq potensialına malikdir. Bu təsiredici zaman aralığı bir çox enerji analitiklərini bu resursu demək olar ki, tükənməz adlandırmağa vadar edib”, – deyə məlumatda bildirilir.
Torium yatağının dəyəri təxminən 178 milyard dollar olaraq qiymətləndirilsə də, onun əsl dəyəri enerji potensialındadır. Ənənəvi nüvə reaktorlarında istifadə edilən uranla müqayisədə toriumun nüvə yanacağı kimi bir neçə üstünlüyü var. Xüsusilə, bu element təbii şəraitdə parçalanmasa da, onu uran-232-yə çevirmək mümkündür.
“Ölkələr yüz illərdir ki, qalıq yanacaqlar uğrunda mübarizə aparır. Halbuki, tükənməyən enerji mənbəyi ayaqlarımızın altındadır”, – deyə pekinli geoloq jurnalistlərə bildirib.
Üstəlik, Çində toriumla zəngin 233-dən çox sahə aşkar edilib ki, bu da ölkədəki ümumi ehtiyatların ilkin hesablamalardan qat-qat çox olduğunu göstərir.
Toriumun ən böyük üstünlüklərindən biri, ənənəvi uran növləri ilə müqayisədə daha təhlükəsiz nüvə yanacağı profilinə malik olmasıdır. Elmi tədqiqatlara əsasən, torium əsasında fəaliyyət göstərən nüvə proseslərindən yaranan radioaktiv tullantılar cəmi bir neçə yüz il ərzində təhlükəsiz hala gəlir. Halbuki uran-235 tullantıları min illər boyu təhlükəli qalır.
“Torium yanacaq dövriyyəsi öz-özünü dəstəkləyən bir proses yaradır. Transmütasiya zamanı yaranan neytronlar daha çox toriumun çevrilməsi üçün istifadə edilə bilər ki, bu da səmərəliliyi artırır. Bu xüsusiyyət, Çində bu resursdan enerji istehsalının son dərəcə uzunömürlü olacağına dair proqnozları gücləndirir”, – deyə "Farmingdale Observer" nəşri vurğulayır.
Lakin bu qədər üstünlüklərə baxmayaraq, toriumun hasilatı ekoloqları narahat edir. Tədqiqatlar göstərib ki, mədənlərin ətraf ərazilərində atmosfer çirklənməsi və artmış radioaktiv risklər müşahidə olunur.
Məqalədə bildirilir ki, toriumun potensialı ümidverici görünsə də, tam istifadəyə verilməsi üçün hələ də mühəndislik və normativ maneələr mövcuddur.
“Nə olursa olsun, bu kəşf davamlı və uzunmüddətli enerji həlləri axtarışında mühüm mərhələdir. Bu həllər nəinki Çinə, hətta gələcəkdə bütün dünyaya fayda verə bilər”, – deyə nəşr yazır.
İqbal RZAYEV,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ