İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir dəlilər, bir də ölülər...

Amerika nə qədər gözdən, kökdən, könüldən düşsə də, dünyanın bir nömrəli gücü olaraq qalır — Putin Rusiyasını müharibədən çəkindirə və ya etdiklərinə peşman edə biləcək güc də ABŞ-dır

Tramp Putinə verdiyi 50 günlük zamanı 1 ay önə çəkdi, indi Putin müharibəni sentyabrın 2-si yox, avqustun ilk günlərində bitirməlidir.

Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı xəbərləri yay mövsümünə görə mütəmadi izləmək imkanı yoxdur, amma Rusiyanın “ildırım sürəti ilə” Xüsusi Hərbi Əməliyyatın son işğal məntəqəsinə çatmayacağı zatən bəllidir. Tramp da bilir ki, müharibənin bitirilməsi 10 günə həll ediləcək iş deyil, ona görə Putini lap tələsdirmək, təntitmək, həyəcanlandırmaq istəyir ki, o da qaydasız döyüşdə olduğu kimi “oborotka” (qarşılıq) versin, sərt fikir işlətsin ki, Tramp bütün diqqətləri ona yönəltsin.

Bir çox mövzuda gündəlik açıqlamalar verən Kreml sözçüsü Dmitri Peskov isə hələ də 10 gün ərzində Ukraynadakı münaqişənin həlli üçün addımlar atmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək ultimatumuna şərh vermir. Demək, “dərslərinə yaxşı çalışıblar”, Trampın niyyətini “oxuyublar”. Təsadüfi deyil ki, ABŞ prezidenti bu susqunluqdan qəzəblənib, Rusiyadan 10 gün bəyanatına “heç bir cavab” almamasını biabırçılıq adlandırıb, “Putin münaqişənin davam etməsini istəyir” deyib. 

Screenshot_2.png (552 KB)

İndi dünyanın siyasətçi lotuları, döyüş azarkeşləri kimi bir ağızdan “Tramp! Tramp!” hayqırırlar. Kreml isteblişmentinin nə düşündüyü önəmli deyil, əsas Putinin qərarıdır. Onun da ölkəsində azarkeşləri çoxdur. Deyirlər ki, Putinin geri çəkilməsi simasını itirmək demək olar, bu isə qəbuledilməzdir. Bilmirsən, onlar Rusiyanın yaxşılığını istəyirlər, yoxsa daha dərin quyuya düşməsini? Ruslar bizim anlaşılan dildə onu da yazırlar ki, “dağ qayaya rast gəlib”. Hər halda “Bir ölülər, bir dəlilər fikrini dəyişmir” məsəlinə indilikdə Putinin qulaq verməsi daha məntiqlidir.

Trampın Ukrayna münaqişəsi ilə bağlı son 6 aylıq siyasi kursunu isə təkcə demokratlar pisləmir, respublikaçı “qırğılar” da ondan Rusiyaya qarşı daha sərt addımlar, o cümlədən yeni sanksiyalar tələb edirlər. Qərb mediası ABŞ rəhbərinin Putini necə cəzalandıracağı barədə ən ağlasığmaz versiyalar üzərində baş sındırır. Rusiya nəşrləri isə qorxusunu gizlədə bilmirlər. Pessimistlər isə Trampın ultimatumlarından ciddi nəticələr gözləmirlər. 

Screenshot_3.png (462 KB)

Son illər dəfələrlə ABŞ-ı dünyadakı yarıtmaz siyasətinə, elə Azərbaycana yanlış münasibətinə görə tənqid etmişik. Amma o da həqiqətdir ki, Amerika nə qədər gözdən, kökdən, könüldən düşsə də, dünyanın bir nömrəli iqtisadiyyatı, bir nömrəli silahlı gücü olaraq qalır və qəbul edilir. Putin Rusiyasını bu müharibədən çəkindirə və ya etdiklərinə peşman edə biləcək güc də ABŞ-dır. Rusiya Bayden dövründə Amerika ilə daha qəvi (qatı) düşmənçilik edirdi, amma ondan çəkinmir, ehtiyat etmirdilər. Trampın bütün sicili (xəstəliyindən xasiyyətinədək) çoxdan Kremlin otaqlarında təftiş edilib. Avropa Birliyi və NATO-ya “Rusiya ilə açıq konfrantasiyadan çəkinin” deyən, Baydeni Moskvaya qarşı sərt siyasətinə görə tənqid edən Trampın indi Putini bu qədər sıxışdırmasına səbəb nədir? Bəs o, necə Putini daha yaxşı təftiş edə bilibmi, zərbəyə boş yerlərini, zəif tərəflərini öyrənə bilibmi?

Belə görünür ki, Rusiya Baydendən sonra ilk dəfə Trampın seçilməsinə məyus olub. Çünki Trampın addımlarını proqnozlaşdırmaq çətindir. Putin belə rəqiblə dartışmağın da, savaşmağın da, hətta əl uzatmağın da riskli olduğunu hamıdan yaxşı bilir...

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR