İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da siyasi-ictimai böhran dərinləşir: Trampa qarşı qiyam təhlükəsi artır

Ağ Ev sahibi Donald Trampın prezidentliyi ABŞ cəmiyyətində sosial, etnik və siyasi çatları üzə çıxararaq, daha da dərinləşdirib... ABŞ yalnız siyasi qüvvələr deyil, sosial təbəqələr arasında da daha geniş və təhlükəli toqquşmaların məkanına çevrilə bilər...

Prezident Donald Trampın ilk hakimiyyət dönəmi ABŞ tarixində ən çox müzakirə olunan və cəmiyyəti ən dərin şəkildə qütbləşdirən dövrlərdən biri olmuşdu. Ağ Ev sahibinin mühafizəkar, populist və bəzən qeyri-ənənəvi idarəetmə tərzi ölkə daxilində ciddi narazılıqlara, iğtişaşlara, sosial qarşıdurmalara yol açmışdı. Və prezident Donald Trampın bu dəfəki hakimiyyət dönəmi də özündən əvvəlkindən o qədər də çox fərqlənmir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Kaliforniya başda olmaqla, bir sıra ştatlarda baş verən genişmiqyaslı etiraz dalğası, federal qüvvələrin səfərbər olunması və s. əslində, ABŞ cəmiyyətindəki dərin struktur problemlərini ortaya çıxartmış oldu. Üstəlik, prezident Donald Trampın bu problemləri daha da kəskinləşdirən siyasi qərarları ABŞ-da sosial böhran təhlükəsinə real görüntülər verdi. Və Ağ Ev sahibinin ABŞ sərhədlərini bağlamağa yönəlmiş sərt immiqrasiya siyasəti, xüsusilə də Meksika ilə sərhəddə divar tikmək təşəbbüsü, ailələrin ayrılmasına səbəb olacaq addımları kütləvi etiraz dalğasına əlavə intensivlik qazandırdı.

hq72110.jpg (105 KB)

Məsələ ondadır ki, ABŞ-ın indiki ölkədaxili problemlərinin bəziləri, xüsusilə də, İrqçilik və sosial ədalətsizliklə bağlı olan ziddiyyətlərin əsası elə prezident Donald Trampın ilk hakimiyyət dönəmində qoyulub. Belə ki, “Black Lives Matter” hərəkatı çərçivəsində 2020-ci ildə milyonlarla insan irqçiliyə və polis zorakılığına etiraz etmişdi. Prezident Donald Trampın bu hərəkatı “qanun pozuculuğu” kimi dəyərləndirməsi isə ABŞ cəmiyyətinin böyük hissəsində qəzəblə qarşılanmışdı.

Digər tərəfdən, prezident Donald Tramp ilk hakimiyyətinin sonlarında ABŞ-ın demokratik institutlarına inamsızlıq yaratmağı da bacarmışdı. Belə ki, o dövrdə ABŞ demokratlarını dəstəkləyən mətbuat qurumlarıns, məhkəmə sisteminə qarşı ittihamlar və 2020-ci ildə seçkilərin nəticələrinin tanınmaması hətta 2021-ci ilin əvvəlində Kapitoliya hücumuna səbəb olmuşdu, ölkənin demokratik əsaslarını təhdid altına salmışdı.

Hazırda Tramp adminstrasiyasına qarşı etiraz dalğasının əsas hərəkətverici mərkəzi hesab olunan Kaliforniya ştatı liberal dəyərlərin və çoxmədəniyyətli cəmiyyətin əsas qalası sayılır. Tramp administrasiyasının bu ştata qarşı sərt ritorikası, iqlim siyasəti və immiqrasiya məsələlərində ziddiyyətli davranışları bu ştatda etirazların artmasına səbəb olub. Bu qarşıdurmalar həm də ölkədə federal-ştat münasibətlərinin zəifləməsinin və ABŞ federativ sisteminin sınaqdan keçdiyinin real əlaməti kimi də qəbul oluna bilər.

8ed77ca6-d02c-4545-8bb0-d3280fe3e00c-1024x585.jpg (66 KB)

Təbii ki, Tramp adminstrasiyasına etiraz dalğası fonunda Kaliforniya ştatında baş verənlər ABŞ üçün ortaya çıxmaqda olan kifayət qədər ciddi təhlükələri təxmin etməyə də imkan yaradır. Əsas problem dünyada hegemon mövqeyə malik olan ABŞ-da siyasi sabitliyin zəifləməsi ilə birbaşa bağlıdır. Hər halda, son dövrlərdə prezident Donald Trampa qarşı başladılan impiçment prosesi, seçki saxtakarlığı barədə iddialar və dövlət qurumlarına güvənsizlik ABŞ-ın siyasi institutlarının dayanıqlığını sarsıtmaqdadır.

Belə vəziyyət isə sosial parçalanmaya və cəmiyyətdə etimadsızlığa münbit şərait yaradır. Ona görə də, hazırda ABŞ cəmiyyətində irq, etnik mənsubiyyət və siyasi baxışlara görə ciddi qütbləşmə meyilləri müşahidə olunur. Bu isə ilk növbədə vətəndaş həmrəyliyini ciddi şəkildə zəiflədir. Və bütün bunlara paralel olaraq, həm sağ, həm də sol spektrdə radikal qrupların təşkilatlanması, silahlı aksiyalar potensialı, hətta “vətəndaş müharibəsi” ehtimalını ifadə edən siyasi-ictimai ritorika yaxınlaşan daha böyük təhlükənin siqnalıdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın belə təhlükələrə müqavimət potensialının, sabitliyi qoruya biləcək mexanizmlərinin olmadığını düşünmək də sadəlövhlük olardı. Hər halda, bu superdövlətin birbaşa Konstitusiyaya əsaslanan güclü siyasi idarəetmə sistemi mövcuddur. Bu sırada müstəqil məhkəmə sistemi, media qurumları, aktiv vətəndaş cəmiyyəti, demokratik etiraz mədəniyyəti, federalizm prinsipləri, ştatların hüquqi muxtariyyəti, ordunun və təhlükəsizlik strukturlarının siyasi neytrallığı kimi önəmli faktorlar yer alır. Və bu faktorlar ABŞ-ın siyasi-ictimai böhran təhlükəsinə qarşı müqavimət qabiliyyətini qorumaqda hələ də həlledici rol oynayır.

8f88d5b54bce53b2bac26bcc710fb13b.jpg (155 KB)

Ancaq bununla belə, prezident Donald Trampın ilk hakimiyyəti dönəmində başlayıb, indi daha da dərinləşən problemlər ABŞ-ın gələcək taleyi baxımından, bəzi önəmli ssenariləri də ön plana çıxarır. Daha pozitiv ssenari demokratik stabilliyin bərpası və möhkəmləndirilməsi ilə bağlıdır. Əgər, Tramp adminstrasiyasından sonra hakimiyyətə gələcək siyasi qüvvələr indikindən daha birləşdirici mövqe tutarsa, sosial ədalət sistemi gücləndirilərsə, ABŞ öz demokratik sabitliyini qoruyaraq, mövcud böhrandan çıxış yolu tapa bilər.

Ancaq Tramp adminstrasiyasının indiki siyasi kursu arzuolunmaz ssenariləri də aktual hesab etmək məcburiyyəti yaradır. Hər halda, Tramp adminstrasiyasının davranışları ABŞ-da siyasi qütbləşməyə və qarşıdurmalara səbəb olub. Əgər prezident Donald Tramp və onun yaxın ətrafındakı populist siyasətçilər yenidən gündəmə gələrsə, seçki saxtakarlığı ritorikası davam etdirilərsə, ABŞ daha da qütbləşmiş və parçalanmış bir cəmiyyətə çevrilə bilər. Və bu haldasa, radikal qruplar güclənər, demokratik institutlar tam etibarsızlaşar, sabitliyin pozulması isə ABŞ-da sistemli böhrana yol aça bilər.

Belə anlaşılır ki, Ağ Ev sahibi Donald Trampın prezidentliyi ABŞ cəmiyyətində sosial, etnik və siyasi çatları üzə çıxararaq, daha da dərinləşdirib. Hazırda ABŞ həm ölkə daxilində, həm də beynəlxalq məkanda demokratiyanın davamlılığı ilə bağlı ciddi sınaqlarla üz-üzədir. Tramp adminstrasiyası bu gərginliyi dialoq, islahat və birlik yolu ilə həll etməyə çalışarsa, qiyam təhlükəsindən yayınmağa nail olarsa, bu, ABŞ-ın sabit gələcəyi üçün həlledici olacaq. Əks təqdirdə, ABŞ yalnız siyasi qüvvələr deyil, həm də ümumiyyətlə, vətəndaşlar arasında da daha geniş və təhlükəli toqquşmaların məkanına çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR