İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran danışıqları: Trampın gizli hədəfi və Türkiyənin qazanc şansı

Anadolu Agentliyinin Farsca Xəbərlər redaktoru Oğuz Akkar ABŞ ilə İran arasında aparılan danışıqların əsas məqsədini və bu prosesdə Türkiyənin əldə edə biləcəyi üstünlükləri AA Analiz üçün qələmə alıb.

Musavat.com mövzunun Azərbaycan auditoriyası üçün aktuallığını nəzərə alaraq, onu öz oxucularına təqdim edir.

İran və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında nüvə danışıqları 12 aprel tarixində Oman Sultanlığında yenidən başladı. ABŞ tərəfdə Prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra İrana maksimum təzyiq göstəriləcəyi, hətta nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçiriləcəyi gözlənilirdisə, əksinə, danışıqların başlanması və sürətlə irəliləməsi müşahidəçiləri təəccübləndirdi.

Çünki Qüds Gücü Komandanı Qasım Süleymaninin öldürülməsi əmrini verən Trampın və onu “qatil” elan edən Tehranın dialoqa girəcəyi gözlənilmirdi. Ən mühüm məsələ isə İranın illərdir “nüvə fəaliyyətlərimiz müzakirə mövzusu deyil” deməsinə baxmayaraq, ABŞ Prezidentinin “İran bütün nüvə fəaliyyətlərini sıfırlasa, dünya ilə qapılar açılacaq” bəyanatı oldu.

Bu sürətli irəliləyişi anlamaq üçün 2015-ci ildə P5+1 ölkələri ilə İran arasında imzalanmış Kapsamlı Ortak Əməliyyat Planı (KOEP) sonrasına nəzər salmaq lazımdır.

2015-ci il KOEP prosesi

IMG_8632.jpeg (276 KB)

2013-cü ildə İranda Həsən Ruhaninin hökumətə gəlməsindən əvvəl çıxmaza düşən nüvə danışıqları, həmin dövrdə Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin təşəbbüsü ilə canlanmışdı. Nəticədə, Vyanada ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin və Almaniyanın (P5+1) iştirakı ilə İranla saziş imzalanmışdı. Sazişə əsasən, İran uranın zənginləşdirilməsini müəyyən olunmuş səviyyəyə endirəcək, qarşılığında isə sanksiyalar qaldırılacaqdı.

İran, 1979-cu il İslam İnqilabından sonra tətbiq olunan embarqolar və İran-İraq müharibəsinin yaratdığı dağıntılar səbəbindən zəifləmişdi. Neft sənayesi modernləşdirilməmiş, aviasiya sektoru köhnəlmişdi. Embarqolar səbəbilə İran dünya bazarından məhsulları dolayı yolla və baha qiymətə alırdı. Neft satışına da embarqo tətbiq olunduğu üçün iqtisadiyyatı zərər görür, ölkə infrastrukturunu yeniləyə bilmirdi və bu da cəmiyyətdə narazılıqlara səbəb olurdu.

Lakin 2015-ci il KOEP razılaşması sonrası yaranan müsbət ab-hava uzun sürmədi. 2016-cı ildə ABŞ Prezidenti seçilən Tramp, KOEP-dən çıxdıqlarını elan etdi. Bu açıqlama, ümidlərin artdığı İranda böyük məyusluğa səbəb oldu.

Trampın razılaşmadan çıxmasının səbəbi sadə idi: İran P5+1 ölkələri ilə razılaşma imzalayıb sanksiyaların yumşaldılmasına nail olmuşdu, lakin bu prosesdən ABŞ faydalanmamışdı. ABŞ, embarqoları ləğv edərdisə, dünyanın İranla işləməsinə, neft almasına və ölkəyə sərmayə qoymasına maneə qalmayacaqdı. Bu isə ABŞ üçün zərər idi.
Üstəlik, İran lideri Ayətullah Əli Xamenei razılaşmadan sonra ABŞ məhsullarının idxalını qadağan etmişdi. Maraqlıdır ki, Barak Obama dövründə də ABŞ-ın İrana məhsul ixracına qismən məhdudiyyət qoyulmuşdu.

Qısası, bu razılaşma ABŞ üçün heç bir üstünlük yaratmamışdı. Trampı əsəbiləşdirən əsas məsələ də bu idi: ABŞ, böyük yeraltı sərvətlərə sahib İran iqtisadiyyatından faydalana bilməyəcəkdi.

Trampın digər bir narahatlığı isə, zənginləşəcək İranın bölgədəki bütün müttəfiq qüvvələrini daha da gücləndirəcəyindən qorxması idi. Tramp, Obama dövründə İranla imzalanmış sazişi “dünya tarixinin ən axmaq razılaşması” adlandırırdı.

İran iqtisadiyyatı bu gün hansı vəziyyətdədir?

c4f73d2a-8f2d-4a72-a248-53b8f16289d2.jpeg (30 KB)

ABŞ 2015-ci ildəki nüvə sazişindən çıxdıqdan sonra razılaşma faktiki olaraq qüvvədən düşdü. İmzacı ölkələr belə, İranla açıq və birbaşa əməkdaşlıq etmədilər.

Bu dövrdən sonra İrana qoyulan sərmayələr daha da azaldı, neft və təbii qaz ixracı çətinləşdi. Danışıqlar başlayarkən 1 dollar 30.000 rial idisə, bu gün 1 milyon rialı keçib.

İranın neft sənayesi, 1979-cu ildən bəri yenilənmədiyi üçün iflic vəziyyətinə düşüb. Avtomobil sənayesi isə əsasən ikinci dərəcəli Çin şirkətlərinin əlindədir.

İranın Maliyyə Fəaliyyəti Tapşırıq Qrupu (FATF) üzvü olmaması səbəbilə beynəlxalq bank sistemindən kənarda qalıb. İranda beynəlxalq bank kartları istifadə olunmur, İran vətəndaşlarının xaricdə bank kartı yoxdur.

90 milyonluq gənc əhalisi və strateji coğrafiyası olan İran üçün bu vəziyyət çox ağırdır. İctimaiyyət 2015-ci ildən bəri davam edən sanksiyaların aradan qalxmasını, dünya ticarətinə inteqrasiyanı və müasir texnologiyalara çıxışı gözləyir. Uçuş, gəmiçilik, avtomobil və bir çox sənaye sahələri tamamilə yenilənməyə ehtiyac duyur.

Trampın İrandan tələbləri

06b1003a-726f-483b-ba98-b3917d7e8577.jpeg (124 KB)

2024-cü ildə yenidən prezident seçilən Tramp İrana yeni təklif irəli sürdü. Əhəmiyyətli məqam ondan ibarətdir ki, Tramp bu danışıqlara rəsmi diplomatları deyil, iş adamı Stiv Vitkoffu göndərdi.

Bu addım Trampın açıq mesajıdır: “Dediklərimi yerinə yetir, ticarət qapılarını açım.”

12 aprel 2025-ci ildə başlayan danışıqların əsas qayəsi də budur.

Bir iş adamının İranla danışıqlarda iştirak etməsi Trampın məqsədini aydın göstərir: İranın iqtisadi potensialından birbaşa faydalanmaq. Avropa Birliyinin və digər ölkələrin prosesə daxil edilməməsi də Trampın İran bazarına təkbaşına hakim olmaq istəyindən irəli gəlir.
Trampın əsas şərti isə İranın nüvə proqramını tamamilə dayandırmasıdır.

İran iqtisadiyyatı isə artıq sanksiyaların və dünya ticarətindən təcridin yaratdığı çətinliklərdən yorulub. İran ictimaiyyəti ABŞ-ın “iş adamı” vasitəsilə danışıqlar aparmaq istəyinin səbəbini aydın görür. İran, mümkün razılaşmada böyük qazanc, razılaşmamaqda isə böyük zərər görəcəyinin fərqindədir.

Ən böyük qorxu isə budur: ABŞ-la bu qədər yaxın iqtisadi əməkdaşlıq, 1979-cu ildən bəri iddia etdikləri “böyük şeytan” ideologiyasını alt-üst edə bilər.

ABŞ, razılaşma baş tutarsa, İranın bütün sahələrində investisiya qoymaq niyyətindədir. İran rəhbərliyi isə ağır bir qərar qarşısındadır.

Türkiyə üçün yaranan fürsətlər

5663bc7f-2fa3-4d41-9065-30c94cad6301.jpeg (57 KB)

Hazırda İran iqtisadiyyatı bütün sahələrdə, xüsusilə aviasiya, gəmiçilik, neft sənayesi, avtomobil sənayesi, İKT və bankçılıq sahələrində yenidənqurmaya ehtiyac duyur.
İran Ticarət Palatası, tikinti, avtomobil, dəmir yolu və daşınmaz əmlak sahələrinin 1 trilyon dollarlıq sərmayəyə ehtiyac duyduğunu açıqlayıb.

Neft sahəsində isə təcili yenilənmə tələb olunur. İranda qaz və neft hasilatı üçün yeni texnologiyalara ehtiyac var. Enerji sektoru da modernləşməyə möhtacdır və 200-250 milyard dollarlıq sərmayəyə ehtiyac duyulduğu bildirilir. Bundan başqa, inşaat materialları, avtomobil yan sənayesi, tekstil, turizm və qida sektoru kimi sahələr də sərmayə gözləyir.

İranın böyük yeraltı sərvətləri, böyük bazarı və strateji mövqeyi, investorlar üçün böyük fürsətlər yaradır. Ticarət müharibələrinin sürətləndiyi bir dövrdə, 90 milyonluq İran bazarı bütün dünyanın diqqət mərkəzindədir.

ABŞ, hər nə qədər İranla təkbaşına işləmək istəsə də, texniki olaraq bütün sahələri əhatə edə bilməyəcək. ABŞ əsasən böyük sahələrdə (neft, aviasiya, bankçılıq) işləyəcək, orta və alt sahələrdə isə Türkiyə kimi ölkələr üçün fürsətlər açılacaq.

Bu nöqtədə Türkiyə ön plana çıxır. Tramp administrasiyası ilə yaxşı münasibətlərə malik olan Türkiyə bu fürsətlərdən ən çox qazanan ölkələrdən biri ola bilər.

Türkiyə İranda orta və alt sektorlarda investisiya imkanlarına sahibdir.

Türkiyənin İranla ticarət təcrübəsi çox genişdir. ABŞ-ın isə belə bir təcrübəsi yoxdur. Bu səbəbdən, ABŞ-ın İrana girişdə Türkiyədən istifadə etməsi qaçınılmazdır.

Digər bir üstünlük isə İranda böyük bir türk əhalisinin olmasıdır. Tehranda və bir çox böyük şəhərdə türk dilində ticarət aparmaq mümkündür.

Nəticə isə belədir: ABŞ-İran arasında başlanan son danışıqlar Türkiyə üçün böyük iqtisadi imkanlar yaradır. Türkiyə siyasət, ticarət və mədəniyyət sahəsində bütün institutları ilə bu prosesi diqqətlə izləməli, lazım gəldikdə istiqamət verməli və olası razılaşma halında sürətlə hərəkət etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR