İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana hücum dilemması qarşısında  

ABŞ-ın İsrailin İrana mümkün hücumuna qoşulmaq və ya bu münaqişədən tamamilə uzaq durmaq məsələsi Donald Trampın tərəfdarları arasında ciddi fikir ayrılıqlarını gün üzünə çıxarıb. Tramp Ağ Evdə, "Böhran otağında" milli təhlükəsizlik müşavirləri ilə keçirdiyi qapalı müşavirədən sonra İranın nüvə obyektlərinə mümkün hücumda ABŞ-ın rolunu nəzərdən keçirdiyini təsdiqləyib. Seçki kampaniyasında isə dəfələrlə “sonsuz və axmaq müharibələrə” son qoyacağına vəd vermişdi. Lakin o, eyni zamanda bəyan etmişdi ki, İran heç bir halda nüvə silahı əldə etməməlidir. Hazırkı vəziyyət Trampın respublikaçı düşərgəsini iki qrupa bölüb: təcridçilik tərəfdarları və Yaxın Şərqdə müdaxiləni zəruri hesab edən "şahinlər".

Tramp administrasiyasının keçmiş milli kəşfiyyat direktoru Tulsi Qabbard bildirib ki, İranda zənginləşdirilmiş uranın miqdarı rekord səviyyəyə çatsa da, beynəlxalq ekspertlər bu ölkənin nüvə silahı hazırladığına dair sübut görmədiklərini bəyan ediblər. O, iyunun 10-da yaydığı videomüraciətdə ABŞ-ın ehtiyatsız siyasətinin dünya üçün “nüvə fəlakəti” riskini artırdığını vurğulayıb. Politico-ya əsasən, bu video Trampın ciddi narazılığına səbəb olub. Tramp jurnalistlərə açıqlamasında Qabbardın dediklərinin onu maraqlandırmadığını bildirib: "İran nüvə silahına çox yaxın idi".

Münaqişədən kənar qalmağı tələb edənlər arasında Kentukkidən respublikaçı Tomas Massi də var. O, Konqresin razılığı olmadan ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakına qadağa qoyan qanun layihəsini təqdim edib. Massi bəyan edib: “Bu, bizim müharibəmiz deyil. Konstitusiya Konqresə bu barədə qərar vermək səlahiyyəti verir”.

Öz növbəsində Trampın “Əvvəlcə Amerika” doktrinasının tərəfdarları, o cümlədən sabiq Fox News aparıcısı Taker Karlson ABŞ-ın bu münaqişəyə qarışmasına qarşı çıxıblar. Karlson Trampın bu mövzuda tərəddüd etdiyini və respublikaçı senator Ted Kruzla gərgin debat yaşadığını bildirib. O, Kruzun İranın daxili etnik tərkibi barədə məlumatsız olduğunu iddia edib. Trampın keçmiş strateji müşaviri Stiv Bannon isə xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı müharibəyə qoşulması Trampın MAGA koalisiyasının tam dağılmasına səbəb ola bilər: “Əgər bu müharibəyə girsək, həm siyasi birlik dağılacaq, həm də qeyri-qanuni miqrantların deportasiyası layihəsi çökəcək”. Lakin o, son çıxışında bildirib ki, Trampın qərarına sonda inam nümayiş etdirəcəklər.

Mühafizəkar publisist Çarli Kirk də qeyd edib ki, Tramp “realist və praqmatik mövqe” nümayiş etdirir və düşünülməmiş qərar verməz. Partiyanın digər üzvləri – senator Lindsey Graham və Ted Kruz – İrana qarşı sərt tədbirlərin vacibliyini qeyd ediblər. Graham deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq ABŞ-ın milli maraqlarındandır. Trampın vitse-prezident namizədi J.D. Vans isə sosial şəbəkədə qeyd edib ki, prezident “İranın zənginləşdirilmiş uran proqramına qarşı əlavə tədbirlər görə bilər”, amma bu qərarın prezidentin şəxsi səlahiyyətində olduğunu vurğulayıb. Son ictimai sorğular göstərib ki, ABŞ ictimaiyyətinin əksəriyyəti İsrailə hücum silahları verilməsini dəstəkləyir. 89 faiz rəyi soruşulan isə İranın nüvə bombası əldə etməsindən narahatdır.

Bununla belə, Trampın sosial media platforması Truth Socialda bir çox istifadəçi Yaxın Şərqdə yeni müharibəyə qarşı çıxıb. Onların fikrincə, belə addım Trampın “Əvvəlcə Amerika” doktrinasına ziddir və gələcək seçkilərdə Respublikaçılar üçün ağır nəticələr verə bilər. Sentyabrda Tramp Yaxın Şərqdə sabitliyi bərpa edəcəyini və dünyaya sülh gətirəcəyini bəyan etmişdi. İran-İsrail böhranının dərinləşməsi fonunda Ağ Evin mövqeyi tam aydın deyil. ABŞ təcrid siyasətinə üstünlük verəcək, yoxsa yeni müharibəyə qoşulacaq?

Siyasi şərhçi Kamran Məmmədlini fikrincə, Tramp bu dəfə də seçki öncəsi əsas vədlərindən geri çəkilməyəcək və ABŞ-ı genişmiqyaslı müharibədən kənarda saxlayacaq. Kamran Məmmədli Musavat.com-a deyib ki, bunun bir neçə ciddi səbəbi var: “Birinci səbəb daxili siyasət və seçki maraqlarıdır. Tramp “Əvvəlcə Amerika” doktrinasını bu qədər illər boyu formalaşdırıb və onun ətrafında MAGA hərəkatını qurub. O, dəfələrlə bəyan edib ki, Əfqanıstan və İraqda “sonsuz müharibələr” ABŞ-a milyardlarla dollar zərər vurub, minlərlə amerikalı hərbçinin həyatı bahasına başa gəlib. Tramp yeni müharibəyə başlasa, bu onun seçki strategiyasını, xüsusilə Respublikaçı elektoratı ciddi şəkildə zəiflədə bilər. Bunu Taker Karlson və Bannon kimi onun əsas informasiya dayaqları da açıq şəkildə bildiriblər. İkinci səbəb Konqresin və ictimaiyyətin müqavimətidir. ABŞ ictimaiyyətinin böyük hissəsi Yaxın Şərqdə yeni müharibə istəmir. Bunu son sorğular da sübut edir. İnsanlar İranın nüvə silahı əldə etməsindən qorxurlar, amma eyni zamanda ABŞ əsgərlərinin yeni münaqişəyə cəlb edilməsinə qarşıdırlar. Üstəlik, Tomas Massi və Tulsi Qabbard kimi siyasi fiqurlar Trampı xəbərdar ediblər ki, Konqresin razılığı olmadan belə bir avantüraya getmək qanunsuz olar. Daha bir real təhlükə səviyyəsidir. Hərbi və kəşfiyyat strukturları da hələlik İrandan birbaşa, dərhal nüvə hücumu təhlükəsi görmürlər. Tehran nüvə proqramının sivil xarakter daşıdığını bəyan edir. ABŞ strateqləri yaxşı bilirlər ki, İranla genişmiqyaslı müharibə Yaxın Şərqi partladacaq və nəticələri qeyri-müəyyən olacaq”.

Siyasi şərhçi deyib ki, Çin və Rusiya amili də ABŞ-ı müharibəyə qoşulmaqdan çəkindirir: “Tramp dəfələrlə bildirib ki, ABŞ-ın əsas geosiyasi rəqibləri Çin və Rusiyadır. İrana qarşı geniş əməliyyat Vaşinqtonu bu iki gücün əl-qolunu açmağa məcbur edə bilər. Tramp Çin iqtisadiyyatını boğmaq, Rusiyanı isə Ukraynada zəiflətmək xəttindən imtina etməyəcək”.

Siyasi şərhçi istisnaların da olduğunu qeyd edib: “İran İsrailə birbaşa hücum etsə və ya nüvə bombası sınağı keçirsə, Ağ Ev bu mövqeyi dəyişə bilər. Amma indiki situasiyada ABŞ yalnız texniki-logistika dəstəyi ilə kifayətlənəcək, özü savaş meydanına daxil olmayacaq. Bununla belə qeyd etmək lazımdır ki, Trampın xarici siyasətdəki davranışı həmişə qeyri-proqnozlaşdırılandır. Lakin daxili və beynəlxalq faktorlar onu bu dəfə real müharibədən çəkindirir. ABŞ təcrid siyasətinə üstünlük verəcək. Tramp yeni müharibəyə girmək istəmir, çünki bu onun daxili reytinqini, iqtisadi planlarını və MAGA koalisiyasının bütövlüyünü təhlükəyə atır. ABŞ maksimum dərəcədə dolayı dəstək verəcək, lakin ordusunu birbaşa İrana yönəltməyəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR