Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Konqresi Türkiyəyə 304 milyon dollar dəyərində “hava-hava” raketlərinin satışına rəsmi razılıq verilməsi barədə məlumatlandırıb. Satış paketinə 60 ədəd AIM-9X Sidewinder Block II və 53 ədəd AIM-120C-8 orta mənzilli raket daxildir.
ABŞ Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı açıqlamada bildirilir ki, bu satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqları ilə uzlaşır və NATO müttəfiqi olan Türkiyənin müdafiə qabiliyyətini gücləndirməyə yönəlib. Məlumatda həmçinin vurğulanır: “Bu təchizatlar Türkiyəyə öz hava məkanını və ABŞ-ın bölgədə yerləşdirilmiş şəxsi heyətini qorumaq üçün həyati əhəmiyyət daşıyan hava hücumundan müdafiə imkanları verəcək.”
Satış paketinin tərkibinə daxil olan AIM-9X Sidewinder raketi ABŞ-ın ən məşhur “hava-hava” silahlarından biridir. İnfraqırmızı tuşlama başlığına malik bu raket 1956-cı ildən ABŞ ordusunun silahlanmasında yer alır və dünyanın ilk kütləvi istehsal olunan idarəolunan “hava-hava” raketi kimi tarixə düşüb.
Digər mühüm silah – AIM-120C-8 AMRAAM isə istənilən hava şəraitində, hədəfi birbaşa görmədən belə, onu vurmaq imkanına malik olan orta mənzilli raketdir. Bu tip raketlər F-15, F-16, F/A-18 və F-22 kimi ABŞ və NATO döyüş təyyarələrinin əsas silah sistemlərini təşkil edir.
Bu satış ABŞ-Türkiyə münasibətlərində strateji dərinliyin bərpa olunması, NATO çərçivəsində hava təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi kimi qiymətləndirilir. Qeyd edək ki, bu, ABŞ-ın son illərdə Ankaraya silah ixracında yaşanan gərginliklərdən sonra ən iri rəsmi satışlarından biri hesab olunur.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ