İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Xəzərdə Qazaxıstanla Azərbaycanı birləşdirən dəhliz açacaq – Şok geosiyasi gediş  

Sabah ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Alyaskada görüşü olacaq. Görüşdə Ukraynanın torpaq güzəştləri hesabına atəşkəs elan olunması gözlənilir. Faktiki olaraq, təcavüzkarın mükafatlandırılması mənasına gələn bu addımlar hansı nəticələri doğura bilər? Ən əsası, Rusiya-Azərbaycan münasibətlərinin getdikcə pisləşdiyi dövrdə keçirilən bu görüşün ölkəmizə nə kimi təsirləri olacaq?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Avropanın yaxın tarixində təcavüzkarın mükafatlandırılmasının hansı ağır nəticələr doğurduğu məlumdur: “II Dünya müharibəsindən əvvəl Hitler də özünü indiki Putin kimi aparırdı. O da müxtəlif ölkələrdə məskunlaşan alman azlığın guya pozulan milli hüquqlarını bəhanə edib müxtəlif ölkələri ələ keçirirdi. Hitlerin “almanların milli hüquqlarının müdafiəsi” adı altında başlatdığı işğallar ilk əvvəl Avstriyadan başladı. Ardınca da Çexoslavakiyaya sıçradı. Xüsusilə Çexoslavakiyanın işğalı Avropanın digər ölkələri, o cümlədən Fransa və Böyük Britaniya tərəfinin də razılığı ilə baş verdi. Bu ölkələr düşünürdülər ki, Hitler Çexoslavakiyanı aldıqdan sonra dayanacaq və hər şey yenidən öz axarına qayıdacaq. Məhz buna görə də İngiltərə və Fransa Çexoslavakiyadan Hitlerin tələblərinə boyun əyməyi tələb edirdilər. Beləcə, faşist Almaniyasına ard-arda verdiyi güzəştlər nəticəsində Çexoslavakiyada hakimiyyətlər dəyişilir və bu proses II cümhuriyyət quruculuğuna qədər uzanırdı. Avropa nəhənglərinin güzəştlərindən cəsarətlənən Hitlerin yeni qurulmuş İkinci Çexoslavakiya Respublikasının prezidenti Emil Haçanın başına gətirdikləri Putinin Zelenskiyə yanaşmasından qətiyyən fərqlənmirdi. Məlumata görə, 1939-cu ilin 15 mart tarixində Haçanı təcili Berlinə çağıran Hitler onu “film seyr edirəm” bəhanəsi ilə saatlarla qapısının ağzında gözlətmiş və gecə saat 1.30-da onu qəbul edərək qarşısına öz tələblərini qoymuşdu: Çexoslavakiya təslim olacaq və kapitulyasiya aktına qol çəkəcəkdi, əks halda Praqa ağır şəkildə bombalanacaq, paytaxtda daş daş üstündə qalmayacaqdı. İddialara görə, bu ağır psixoloji basqılara duruş gətirməyən Haça həmin görüşdə infarkt keçirmiş, amma alman həkimlər onu kapitulyasiya aktını imzalamadan ölməyə belə qoymamışdılar. Qısası, ağır basqılardan sonra kapitulyasiya aktını imzalayan Haça yenə rahat buraxılmamış və Almaniyanın Çexoslavakiyadakı koloniyasının rəhbəri vəzifəsini davam etdirmək məcburiyyətində qalmışdır. Qeyd edim ki, II Dünya Müharibəsi bitdikdən bir neçə gün sonra Sovet ordusunun əlinə keçən Haça vəhşicəsinə döyülə-döyülə öldürülmüşdü.

Məsələ burasındadır ki, Böyük Britaniya və Fransanın təzyiqləri ilə Hitler Almaniyasına təslim olan Çexoslavakiyanın qurban verilməsi nəinki faşistləri sakitləşdirmiş, əksinə onu işğal hücumlarını genişləndirməyə həvəsləndirmişdi. Çexoslavakiyadan sonra Hitler ard-arda Polşa, Fransa, Norveç, Danimarka, Belçika, Hollandiya, Lüksemburq, Yuqoslaviya, Yunanıstanı hissələrini işğal edərək SSRİ sərhədlərinə yaxınlaşmışdı. SSRİ-ni işğal cəhdləri isə uğursuz alınmış və dünyanın digər super güclərinin də dəstəyi ilə darmadağın edilmişdi.

Bu gün Ukrayna prezidenti Zelenskini güzəştə getməyə məcbur etməyə çalışan Donald Tramp da eynilə Çexoslavakiyanı Hitlerə hədiyyə edən Böyük Britaniyanın o dövrdəki baş naziri Nevil Çemberleni xatırladır. Çemberlenin bu güzəşti sayəsində Avropa II Dünya savaşının döyüş poliqonuna çevrildi və 10 milyonlarla insanını itirdi. Məhz buna görə də Avropa ölkələri Donald Trampın Nobel mükafatı naminə girişdiyi sülh çalışmalarının 3-cü Dünya savaşına yol açacağından narahatdırlar və haqsız da deyillər. Müxtəlif yollarla ABŞ və Rusiya liderlərinin Alyaska sövdələşmələrinin qarşısını almağa çalışırlar”.

Bəs Avropa ölkələri buna nail olacaqlarmı?

Heydər Oğuzun fikrincə, bu sualın cavabı Donald Trampın qurmaq istədiyi yeni dünya düzəni planlarından asılıdır: “Əgər Putin Avropanı və Çini dünyanın idarə edilməsi layihəsindən tamamilə çıxarmağı qarşısına məqsəd qoyubsa, Rusiyadan bir alət kimi faydalanmağa çalışacaq. Təbii ki, bu məsələdə Putin də ABŞ-la Rusiya maraqlarını necə birləşdirə biləcəyi öz sözünü deyəcək. Putin əgər Trampın tələblərinə boyun əyib Çini zəiflədib hegemoniya savaşında təkləmək yolunu tutarsa və yaranacağını düşündüyüm Avropa-Çin ittifaqı ilə savaşı gözünə alacaqsa, bu planda yer alacaq. Yox, əgər Rusiyanı 3-cü dünya savaşının döyüş meydanına çevirmək istəməsə, ona yox deyəcək. Bu zaman isə ABŞ və Avropa ittifaqının hücumlarına sinə gərməli olacaq. Mənim şəxsin fikrimi öyrənmək istəyirsinizsə, Trampla Putinin Alyaska sövdələşməsinin baş tutacağına inanmıram. Ən azı ona görə ki, bu sövdələşmənin baş tutması Ukrayna prezidentindən də asılıdır. Zelenski isə açıq şəkildə bəyan edib ki, Ukraynanın ərazi itkisi hesabına əldə edilən razılaşmanı yaxına buraxmayacaq. Amma Zelenskinin bu mövqeyi Avropa tərəfindən də dəstəklənməli, dünyanın yenidən bölüşdürülməsinə qədər uzanacağını güman etdiyim bu prosesdə onlar da əlini daşın altına qoymalıdırlar. Söhbət təkcə Ukraynaya maddi və silah dəstəyi verməkdən də getmir. Avropa qollarını çırmalayıb Rusiyaya qarşı Ukraynanın yanında döyüşlərə girməlidir. Son zamanlar Almaniyanın Baltikyanı ölkələrə öz hərbi qüvvələrini göndərməsi bu ehtimalı gücləndirir. Amma alman hərbi qüvvələrinin Baltikyanı ölkələrə yerləşdirilməsi başqa ehtimalları da ağla gətirir. Sanki Almaniya və digər Avropa nəhəngləri Ukrayna sonrası müharibələrə hazırlaşır. Avropa ölkələrinin açıq şəkildə “Rusiya ilə müharibəyə hazırlaşmaq üçün ən azı 5 illik zamana ehtiyacımız var”, - deməsi də bu mənada təsadüfi deyil. Ümid edirəm ki, Almaniyanın bu təşəbbüsünə Fransa və Böyük Britaniya da ciddi şəkildə qoşulacaq və Rusiyaya müqavimət Baltikyanı ölkələrdən yox, birbaşa Ukraynadan başlayacaq.

Digər tərəfdən, Putin də Ukrayna savaşını Trampın təklif etdiyi şərtlərlə bitirmək niyyətində deyil. O, ən azı Ukraynanın 4 vilayətini və Krımı tamamilə ələ keçirməyə çalışır. Trampın təklifi isə yalnız 2 rayonun – Donetsklə Luqanskın və Krımın tamamilə Rusiyaya verilməsini, Zaporojye və Xersonun isə geri qaytarılmasını, yaxud işğal altındakı ərazilərlə kifayətlənməyi ehtifa edir. İnanmıram ki, Trampın bu təklifi Putin, Putinin iddiaları isə Tramp tərəfindən qəbul oluna. Dolayısıyla, Alyaska görüşündən hansısa razılığın çıxması ehtimalı azdır”.

Heydər Oğuzun fikrincə, Alyaska güzəştindən həvəslənən Rusiyanın Cənubi Qafqazı və Orta Asiyanı növbəti hədəf olaraq seçməsi də inandırıcı deyil: “Xüsusilə Zəngəzur dəhlizinin ABŞ-ın istismarına verilməsindən sonra Rusiyanın buna cəhd etməsi dünyanın super gücünü qarşısına almaq anlamına gəlir. Bu mənada Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə Zəngəzur dəhlizinin işlətməsini ABŞ-a verməklə onu Cənubi Qafqaz tənliyinin əsas məchuluna çevirmələri diplomatik uzaqgörənlik idi. Faktiki olaraq bu addım Cənubi Qafqazın təhlükəsizlik arxiterturasında yeni konfiqurasiya yaratdı və Rusiyanın bu regiona hərbi müdaxilə etməsini çətinləşdirdi”.

Heydər Oğuzun iddialarına inansaq, Zəngəzur dəhlizinə nəzarət ABŞ-ın yeni layihəsi deyil: “Hələ 44 günlük müharibə zamanı ABŞ-ın beynində bu strateji hədəf var idi. Sadəcə Trampın ikinci dəfə prezident seçilməsini əngələyən qlobalistlər bu planın da ləngiməsinə səbəb oldular.

Zəngəzur dəhlizinin açılması heç də bir çoxlarımızın düşündüyü kimi, Çinin “Bir yol, Bir kəmər” layihəsinin Orta dəhlizinin açılmasını hədəfləməyib. Əksinə, onun alternativi olan və ABŞ tərəfindən dəstəklənən “Qlobal Keçid” layihəsi var. Bu layihə Londondan başlayıb Orta Asiyada və Əfqanıstanda tamamlanır. Ötən il ABŞ-ın Dövlət Departamentinin Avropa və Avrasiya üzrə nümayəndəsi Ceyms O`Brayen Konqressdə keçirilən dinləmələrdə də bu faktı etiraf etmiş və Vaşinqtonun Rusiyanı və Çini yan keçən Orta dəhliz layihəsini dəstəklədiyini bildirmişdi. Eynilə Ermənistanla ABŞ arasında bağlanan TRİPP marşrutu sazişini dəstəklədiklərini bildirən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan mətbuat açıqlamasında bu dəhlizi birləşdirən coğrafiyalar arasında Çinin adını çəkmədən bunları söylədi: “Bu marşrut Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə təkcə Orta Asiyaya deyil, birbaşa türk dünyasına birləşdirəcək. Türk dünyasını Türkiyə vasitəsilə Avropaya birləşdirəcək. Türkiyə vasitəsilə Avropanı daha dərindən Asiyaya birləşdirəcək”. Fikrimcə, Hakan Fidanın çıxışında Çini “unutması” təsadüfi deyildi. Görünür, o da bu dəhlizin Çinə qədər uzanmayacağının fərqindədir və özəlliklə bu ölkənin adını “unutmuşdu””.

Heydər Oğuzun fikrincə, Zəngəzurdan sonra ABŞ-ın atacağı növbəti addım Xəzər üzərində Qazaxıstanla Azərbaycanı birləşdirən dəhliz açmaq olacaq: “Prinsipcə, Transxəzər dəhlizi adlandıra biləcəyimiz bu projeninin təməlləri Trampın ilk hakimiyyəti illərində atılıb. Xatırlayırsınızsa, 2018-ci ilin ilk aylarında ABŞ Qazaxıstana sanksiyalar tətbiq edib onun müxtəlif banklarda saxlanan 22 milyard dollarlıq aktivlərini dondurdu. Ardınca da Qazaxıstan prezidenti Nazarbayev Vaşinqtona səfər etdi. Səfər çərçivəsində Trampla Nazarbayev çox önəmli bir müqaviləyə imza atdılar. Müqavilədə ABŞ yarım-hərbi qüvvələrinin Xəzər dənizində yerləşdirilməsi nəzərdə tutulurdu. Nazarbayev ölkəsinə qayıtdıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində Trampla bağladığı bu önəmli sazişin məqsədlərinə belə aydınlıq gətirmişdi: “Bizim region ABŞ-ın bu istiqamətdə (Əfqanıstanda terrorizmlə mübarizə) işinə dəstək olmalıdır, çünki bu, bizim üçün çox vacibdir”.

 Göründüyü kimi, o dövrdə Transxəzər keçidinin açılması Əfqanıstana hərbi dəstəklə əlaqələndirilmişdi. Halbuki, o zaman Pakistan bu missiyanı qüsursuz yerinə yetirirdi. Hətta səhv etmirəmsə, Pakistanla ABŞ arasında bağlanan müqaviləyə görə, qardaş ölkə bu xidməti nəticəsində 10 il ərzində 33 milyard dollarlıq yardım alacaqdı. Bu qədər təhlükəsiz və qısa yol varkən, ABŞ-ın Xəzər dənizinə üstünlük verməsi anlaşılan deyildi. Görünən bu idi ki, ABŞ əslində Qazaxıstandan Əfqanıstan sərhədlərinə qədər Orta Asiyanı NATO silahları ilə təchiz etmək niyyətində idi. Marşrutun adı da bundan xəbər verirdi - “Şimal Təchizat Şəbəkəsi”.

Maraqlıdır ki, həmin vaxt Qazaxıstan və Özbəkistan hərbi rəhbərliyi Əfqanıstana səfər etmiş, ölkənin prezidenti Əşrəf Qani ilə görüşmüşdülər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Əşrəf Qani eynilə belə demişdi: "Mən Özbəkistan və Qazaxıstan ordularının rəhbərlərini qəbul etdim. Onların səfəri Əfqanıstan, Özbəkistan və Qazaxıstan orduları arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını göstərir. Biz həmçinin terrorizmlə mübarizə və üç ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik".

Bütün bunlar Trampın ilk hakimiyyəti illərində Orta Asiyanı Avropaya birləşdirən və “Qlobal Keçid” adlanan yeni layihənin üzərində ciddi işlərin getdiyini göstərir. Nə yazıq ki, Trampın bu gün düşmən elan etdiyi Demokratlar partiyası və onun beynəlxalq güc mərkəzləri seçki saxtakarlığı ilə faktiki olaraq hakimiyyət çevrilişi etdilər və onun ikinci dəfə seçilməsinin qarşısını aldılar. Ardınca isə Bayden hakimiyyəti Əfqanıstandan ABŞ qoşunlarını çıxararaq Əşrəf Qaninin devrilməsinin önünü açdılar. Yeri gəlmişkən, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılmasına ən çox qarşı çıxan da elə Tramp olmuş və bunu vətənə xəyanət kimi qiymətləndirmişdi. O, prezidentliyə namizdə kimi, 2024-cü ildə Detroitdə Milli Qvardiya Assosiasiyasının konfransında çıxış edərkən də ABŞ-ın Əfqanıstandan çıxdığı günü “ölkə tarixinin ən utanc verici günü” kimi qiymətləndirərək demişdi: "Rusiya məhz bundan sonra Ukraynanı işğal etdi. Oktyabrın 7-də İsrailə hücum da buna görə oldu. Ona görə ki, artıq bizə hörmət edilmir… Bəhram hava bazası heç vaxt tərk edilməməli idi. Bu, dünyanın ən böyük hava bazalarından biridir, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədədir. Biz oranı tərk etdik və hər şey Çinin ələ keçirdi”.

Maraqlıdır ki, Trampın qurmağa çalışdığı yeni dünya düzəninin itkiləri Əfqanıstanla da bitmədi. 2022-ci ildə Ukraynaya qarşı müharibəyə hazırlaşan Rusiya ondan əvvəl ilk zərbəni “ABŞ-ın feilinə uyan Qazaxıstan prezidenti Nazarbayevə vurdu. İlin ilk günlərində ABŞ-ın hərbi hissələrini yerləşdirmək istədiyi Xəzərin şimal-şərq hissəsində yalançı üsyan çıxaran Rusiya ordusu Qazaxıstana girdi, Nazarbayevi və ona yaxın hərbi kontingenti bir-bir vəzifədən uzaqlaşdırdı. Yerinə isə indiki president Tokayevi gətirdi. Sevindiricidir ki, Tokayev Rusiyanın tam arzuladığı adam çıxmadı. O, açıq şəkildə Rusiyanın Ukraynanı işğal etməsini qınayır və Türk dünyasının quruculuq fəaliyyətlərini dəstəkləyir.

Təxmin edirəm ki, Trampla Putinin Alyaska görüşündə “Şimal Təchizat Şəbəkəsi” dəhlizi də masaya yatırılacaq və Rusiya liderinin mövqeyindən asılı olmayaraq, bu layihənin də inşasına başlanacaq. Son zamanlar Tokayevin Rusiyanın asılılığından qurtulma cəhdləri, xüsusilə bu yaxınlarda Türkiyəyə səfəri çərçivəsində çox önəmli strateji sazişlərə imza atması da bu ümidlərimi dəstəkləyir.

Bir sözlə, Alyaska görüşünün Putinin arzuladığı kimi keçəcəyinə və Cənubi Qafqaz və Orta Asiyanın ona qurban veriləcəyinə inanmıram. Trampın Ukraynaya təzyiqlərinin əsas səbəbi Zelenskidən daha çox, onu dəstəkləyən qlobalist Avropa İttifaqı hakimiyyətlərinin nüfuzdan salmaq və istefalarına nail olmaqdır. Yəqin ki, Ukraynanın güzəştləri (əgər bu plan baş tutarsa) hesabına Avropa İttifaqında dərin böhranlar yaradacağı güman olunan Tramp düşmən hesab etdiyi qlobalistləri “qoca qitə”də bitirməyi planlaşdırır”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR