Onlayn ictimai-siyasi qəzet
Nazirlər Kabineti ölkəmizdə ət istehsalını artırmaq üçün olduqca mühüm qərar qəbul etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilmişdir! Qərarı baş nazir Əli Əsədov imzalamışdır. İnstitut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaqdır.
Həqiqətən olduqca vacib, yerində, vaxtında verilmiş qərardır. İlk növbədə, sentyabr girib, xalqımız isə adında “r” hərfi olan aylarda balıq yeyir. Deməli, elmi-tədqiqat institutunun adına “balıqçılıq” əlavə olunması zəruri idi. Ümid edirəm gələn il mayda institutun adından balıq sözünü yenidən silməzlər. Buna ehtiyac yoxdur. Ona qalsa, biz heç işləmədikləri yay aylarında müəllimlərin maaşını saxlayırıq. Çünki müəllim peşəsi müqəddəsdir!
Qayıdaq heyvandarlığa. Necə deyərlər, “öz qoyunlarımızın yanına”.
NK-nın qərarı nəticəsində indən belə zəhmətkeşlərimizin süfrəsindən kütüm, osetrin, sazan, kefal, forel, qara və qırmızı kürü əskik olmayacaqdır. Axı nə qədər qoyun qabırğası, dana basdırma, cücə qızartması yeməliyik? Xalqa balıq da vacibdir. Çünki balıq yeyəndə göz yaxşı görür, iqtidarın, həmçinin NK-nın əməyini düzgün qiymətləndirə bilirik. Yəni haradan baxsan bu qərar xalqın gözünü açmağa xidmət edir.
İntəhası, mənə bir məsələ qaranlıq qaldı: balıq heyvan sayılmırmı? Əks halda, niyə institutun adı Heyvandarlıq və Balıqçılıq oldu? Eyni məntiqlə institut Heyvandarlıq, Quşçuluq, Balıqçılıq adlanmalı deyildirmi? Hələ qurbağa və ilbiz istehsalı da var, onlar hansı sinifə girir? Əlbəttə, kabinetdəkilər məndən çox bilirlər, yəqin nəsə məntiqli izahat vardır.
Əsas odur məmurlarımız xalq üçün çalışır, daim yeniliklər edirlər. Bunu deputatların da timsalında görürük. Təzəlikcə onlar Milli Məclisdə müzakirə açdılar, məktəblərə, küçələrə qəhrəmanlarımızın adlarının verilməsindən danışdılar. Siyavuş Novruzov dedi ki, bəzi kəndlərdə 5 şəhid, lakin 1 məktəb var, orada məktəbə kimin adının verilməsi çətinlik yaradır.
Gör nə qədər təvazökardır... Heç özünün Əfqanıstan, Qarabağ, Nikaraqua, Somali, Koreya savaşlarında göstərdiyi igidlikləri yada salmaq istəmir. Ancaq mən istəyirəm və indi toponimika komissiyasından xahiş edirəm, hansı bölgədə məktəbə ad verilməsində çətinlik törənsə, ora yerli qəhrəman deputatın adı qoyulsun. Elə Siyavuş müəllimin adına məktəbimizin olmağının vaxtı çoxdan çatmışdır. Hətta ötüb keçmişdir.
Yeri gəlmişkən, başqa deputatlar məlumat verdi, sən demə, bizim qanuna görə şəhidin adını məktəbə yalnız ən azı 2 ordeni olanda verirlər. Siyavuş müəllimin ordenləri isə, yaxşı yadımızdadır, bütün yaxasını örtmüşdü. Hətta kostyumda yer qalmamışdı, bir neçə medalı şalvardan asmışdı.
Deputatlarımızın adları küçələrə, işıqlı prospektlərə, müasir oturacaqlı parklara da verilsə yaxşı olar. Yoxsa misal üçün, Biləcəridə gedirsən, görürsən Füzuli küçəsi var. Bu, şəhərdəki digər Füzuli küçəsi ilə qarışıqlıq yaradır. Bakıda 2 İstiqlal, 4 Qara Qarayev küçəsini şəxsən görmüşəm. Niyə biz yer adlarımızda sui-istifadəyə yol veririk? Elə həmin Biləcəridəki küçəyə ərazinin keçmiş deputatı Hacı Madərin adını qoymaq olmazmı? Doğrudur, rəhmətlik heç vaxt deputat seçildiyi əraziyə gəlməzdi, ancaq guya Füzuli Biləcəridə olub ki? O da Kərkükdə yaşamışdır.
Milli Məclisdə sovetdənqalma yer adları da tənqid edildi. Lakin misal çəkilmədiyi üçün konkret hansı yerlərdən söhbət getdiyini bilmirəm. Yəqin hələ də bəzi şəhərlərimizdə Şaumyanın, Caparidzenin-filanın adına küçələr qalır. Bunları dəyişmək mümkündür. Lakin problemi həll etmir. Məsələn, 30 ildir dəyişilib, lakin xalq yenə də Bakıda “Azpetrol”a “Karl Marks” deyir. Basin, Sovetski kimi adları unutdurmaq üçün hətta şəhərin o hissəsini dağıtmağa məcbur olduq.
Bax, məncə, köhnəlikdən qurtuluş üçün dağıtmaq vacibdir. Küçəni sökürsən, problem həll olunur. İnqilabi yoldur. Güman edirəm xalqımız da balıq yeyə-yeyə uzun müddət institutun adını “Heyvandarlıq İnstitutu” kimi yadda saxlayacaqdır. Nədə unutqan olsaq da, pis işlərdə yaddaşımız bərkdir. Təklif edirəm institutu söksünlər.
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ