Onlayn ictimai-siyasi qəzet
18 sentyabrda Fransada keçirilən kütləvi aksiyalar təkcə daxili siyasi narazılıq deyil, həm də Parisin beynəlxalq mövqelərinə ciddi zərbə vuran hadisədir.
Musavat.com xəbər verir ki, 900 minə yaxın insanın küçələrə çıxması, 250-dən çox bölgədə həyatın iflic olması və dənizaşırı ərazilərdəki nümayişlər Fransa üçün “daxili böhran”dan daha böyük mənzərəni ortaya qoydu: bu, ölkənin xarici siyasətində və qlobal nüfuzunda da sarsıntılar yarada bilər.
***
Fransa uzun illər Afrikada – xüsusilə Sahel bölgəsində – hərbi-siyasi mövcudluq saxlayırdı. Mali, Burkina Faso və Niger kimi ölkələrdə Parisin nüfuzu son illərdə ciddi şəkildə geriləyib. Anti-fransız əhval-ruhiyyəsi güclənib, Rusiya və Çin kimi güclər regionda təsirlərini artırıblar.
İndi isə daxildə baş verən kütləvi etirazlar Afrikadakı prosesləri daha da sürətləndirə bilər. Parisin zəifləməsi Afrikadakı keçmiş müstəmləkələrinin Fransa ilə əməkdaşlıqdan daha da uzaqlaşmasına, alternativ tərəfdaşlara – Moskva və Pekinə üz tutmasına səbəb ola bilər.
Yaxın Şərqdə etimad böhranı
Fransa Yaxın Şərqdə də mühüm rol oynamağa çalışır – həm Fələstin məsələsində, həm də Livan, Suriya və digər ölkələrlə bağlı. Lakin daxildə baş verən böhran Parisin “arbitrajçı” mövqeyini zəiflədir.
Etirazların xüsusilə də müstəmləkəçilik siyasətinə etiraz fonunda baş qaldırması, Yaxın Şərqdəki ictimaiyyət üçün də simvolik əhəmiyyət daşıyır. Bu, Fransanın bölgədəki “müstəqil və ədalətli oyunçu” imicinə ciddi zərbə vurur. Parisin Qəzza və Livanla bağlı balanslı mövqe iddiaları xalqın gözündə etibarsız görünməyə başlayır.
Ekspertlərin rəyinə görə, Fransa daxilindəki böhran Parisin beynəlxalq münasibətlərdəki dayaqlarını zəiflədir. Avropa İttifaqı və NATO daxilindəki güc balansı Fransa olmadan tamamilə dəyişə bilər. Bu boşluq isə digər güclərin – Rusiya, Çin və Türkiyənin həm Afrikada, həm də Yaxın Şərqdə mövqelərini möhkəmləndirməsi üçün geniş imkan açır.
Fransada baş verən etiraz dalğası, ilk baxışda büdcə layihəsinə qarşı sosial narazılıq təsiri bağışlasa da, əslində ölkənin geosiyasi mövqelərinə uzanan bir təsir zənciri yaradır. Afrikada nüfuz itkisi, Yaxın Şərqdə etimad böhranı və Avropa daxilində siyasi sabitliyin zəifləməsi Parisin üzləşdiyi real təhlükələrdir. Əgər hökumət bu böhranı idarə edə bilməsə, Fransa təkcə daxildə deyil, qlobal siyasətdə də “ikinci dərəcəli oyunçuya” çevrilə bilər.
Əli Rais,
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ