Onlayn ictimai-siyasi qəzet
Fransada 18 sentyabrda keçirilən kütləvi aksiyalar ölkəni siyasi və sosial böhrana sürükləyib.
Ümumilikdə bütün Fransa ərazisində 900 minədək insanın nümayiş keçirdiyi hesab edilir. Etirazların əsas səbəbi hökumətin uzun illərdir davam edən və xalq tərəfindən qəbul edilməyən büdcə layihəsidir. 18 sentyabr aksiyaları 10 sentyabrda keçirilmiş etirazların davamı kimi qiymətləndirilir. Fransa ərazisində 250-dən çox yerdə aksiyalar keçirilib.
Silsiləli şəkildə davam edən etiraz dalğası yalnız Fransa ərazisi ilə məhdudlaşmayıb. Aksiyalara Korsika, Mayot, Reyunyon, Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilər də qoşulub. Bu bölgələrdə keçirilən nümayişlərdə xüsusilə müstəmləkəçilik siyasətinə toxunularaq Paris hökumətinin ədalətsiz idarəçilik modeli tənqid olunub. Nümayişçilər eyni zamanda sosial-iqtisadi çətinliklərə, hökumətin uğursuz büdcə siyasətinə və müstəmləkəçi yanaşmaya qarşı çıxıblar. Dənizaşırı ərazilərə Fransa metropoliyasına nisbətən daha az büdcə vəsaiti ayrılması da bu aksiyaların əsas təkanverici səbəblərindən biri kimi qeyd edilir. Sözügedən bölgələrin əhalisi sosial-iqtisadi bərabərsizliyi və struktur problemləri qabardaraq etirazlarda fəal iştirak etmişdir.
Nümayişlər səbəbindən bir çox məktəb və iş yeri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Ölkə ərazisindəki magistral yollardan bəziləri isə etirazçılar tərəfindən bloklanıb.
Ekspertlər hesab edirlər ki, həm mərkəzdə, həm də Dənizaşırı ərazilərdə eyni vaxtda etirazların baş verməsi Fransanın müstəmləkəçi siyasətinin hələ də davam etdiyini və bunun ictimai narazılığı daha da gücləndirdiyini göstərir.
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ