İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev “qara kabusa” çevrilir - İlham İsmayıldan SENSASİON YAZI

Ağ Ev getdikcə dünya üçün “qara kabus” məkanına çevrilir. Trampın Ukrayna prezidenti Zelenskidən sonra Kanadanın yeni baş naziri Mark Karnini, dünən isə Cənubi Afrika Respublikasının prezidenti Ramafozanı Oval kabinetdə hamının gözü qarşısında tənqid etməsi, günahkar bilməsi, türk qardaşlarımız demişkən, “azarlaması” heç bir diplomatiya etikasına, protokoluna sığmır və bu sonuncu da deyil. Trampın hədəfində görünür hələ bir neçə dövlət başçısına Ağ Evdə qara gün yaşatmaq var. Bəs, Putin Vaşinqtona gələrsə, Tramp ona Oval kabinetdə hansı münasibəti göstərər? Əgər Tramp Albaniya Baş nazirinin İtaliya Baş naziri Melonini qarşıladığı kimi diz çökərsə (bu hərəkət bir xanıma olan centlmen jesti olduğu üçün təqdirəlayiqdir) təəccüblənməyin.

Adını da qoyacaq ki, “Baydenin başlatdığı müharibəni dayandırmaq üçün hər şeyə hazıram”. Bu jest hamıya keçər, amma Putinə keçməz. Putin ticarət müqaviləsi istəmir, əvvəlcə Ukraynanı, sonra da keçmiş SSRİ məkanını, bir az da qabağa gedib postsosialist ölkələrini də təsiri altına almağı istəyir. Tramp Nobel sülh mükafatını xəyalında canlandırır, Putin isə “Rusiyanın sərhədləri bitmir” deyib, tarixə Rusiya imperiyasını yenidən yaradan imperator kimi düşmək istəyir. Putini diplomatiya ilə, xoş təriflərlə fikrindən, planlarından döndərməyin mümkün olmadığını bu vaxtadək dərk etmək bu qədər çətindirmi? Zelenski Oval kabinetdə bu fikri söyləyəndə Ağ Evin sahibinin və qeyri peşəkar təsir bağışlayan komanda üzvlərinin üstünə düşüb demədikləri qalmadı. Nə oldu? Üç telefon danışığından sonra Putin müharibəni daha da qızışdırdı.

Rusiya müharibəni nə vaxt bitirəcək sualına, bu gün beynəlxalq səviyyəli analitiklər də cavab verməkdə, hətta ən azı ehtimal edilən proqnozları səsləndirməkdə çətinlik çəkirlər. Əgər Hindistan-Pakistan gərginliyinə şərh bildirən icmalçılar hərbi qarşıdurmanın qısa müddətdə aradan qalxacağını inamla söyləyə bilirdilərsə, Ukrayna müharibəsinə bu münasibəti sərgiləməkdən çəkinirlər. Səbəb, Putinin proqnozlaşdırılmayan gedişləri ilə bərabər, ABŞ prezidenti Donald Trampın Kreml sahibinə olan simpatiyasının (bəlkə də qorxusunun), Zelenskiyə olan antipatiyasının ehtimal edilməyən səviyyədə olmasıdır.

Rusiya qanunvericiliyində bu günlərdə qəbul edilən qərarlara baxanda dolayısı ilə Ukrayna müharibəsinin Trampın prezidentlik müddəti bitənədək davam edəcəyini təxmin etmək olar. O vaxta qədər Rusiya ən azı Ukraynanın 8 vilayətini işğal edəcəyini planlayır. Krım, Donetsk, Luqansk, Xerson, Zaporojyedən əlavə Sumı, Xarkov və Dnepropetrovsk vilayətləri də bu planın tərkib hissəsidir.

Rusiya Dövlət Duması mayın 20-si ərəfəsində Moskva və Moskva vilayətində 2025-ci ilin sentyabrın 1-dən 2029-cu ilin yanvarın 1-dək ölkəyə gələn əcnəbilərin izlənməsi və monitorinqi haqqında qanun qəbul edib. Gələnlər daktiloskopiya, biometrik foto, “xüsusiləşmiş mobil əlavə” qeydiyatından keçməlidirlər. Yəni, RF DİN xariciləri 24 saat izləmək imkanında olacaq. Bu qanun layihəsi Belarus vətəndaşlarından başqa vizasız gələn bütün xaricilərə şamil edilir. Qanun qəbul edilməzdən əvvəl RF DİN naziri artıq 685 min xaricinin bu yolla nəzarətə alındığını bildirib. Bu qanunun qüvvədə olması Trampın prezidentlik dövrünün bitməsinə qədərdir. Əlbəttə, bu bir detaldır, əsas deyil, amma düşünməyə dəyər. Hiss olunur ki, Tramp hakimiyyətdə olduğu müddətdə Putin işğal planlarını həyata keçirməklə yanaşı təhlükəsizlik tədbirlərini də unutmur.

Əslində isə, müharibəyə son verib, öncə atəşkəsə, sonra davamlı sülhə bu il və ya gələn il nail olmaq mümkündür. Yalnız, bunlar Ukraynanı uzunmüddətli perspektivdə silah, hərbi təlim, təchizat və maliyyə ilə təmin etmək üçün bir çox ölkələrin davamlı öhdəlikləri sayəsində baş tuta bilər. Ukraynalılarla birgə planlaşdırma, strateji və taktiki addımlar atmaq bu işdə zərurətdir. Ukraynanın sonadək müdafiəsində maraqlı olduqları təqdirdə ( hələlik buna şübhə yoxdur) Avropa dövlətlərindən kompleks siyasi təhlükəsizlik zəmanətlərinin səsləndirilməsi və buna uyğun işlər görülməsi vacib amillərdən biridir. Avropa kontingentinin Ukraynada yerləşdirilməsi və hərbi təlim, avadanlıq və hava hücumundan müdafiə sistemləri ilə təchizatı Putinin planlarını mümkünsüz edə bilər. Bir şərtlə ki, bu kontingentə ABŞ-ın aviasiya, logistika, texniki imkanlar, kəşfiyyat məlumatları ilə ciddi dəstəyi olsun. Əgər Donald Tramp sərt ritorika ilə ABŞ-nin hər cür dəstək verəcəyi barədə Putinə ünvanlanan bəyanatla çıxış edib sözünün də arxasında durarsa, hətta yayın sonunda müharibə dayana bilər. Zəif də olsa, belə bir ehtimalın mümkünlüyü var.

Rusiya lideri müharibə başlayandan bəri bir qarış belə mövqeyini dəyişməyib. Tramp və komandası Ukraynadakı döyüşləri bitirmək cəhdlərində o qədər sadəlövh davrandılar və məsələyə o qədər təkəbbürlə yanaşdılar ki, guya bu işi hər kəsdən daha yaxşı bilirlər. Daha anlamırlar ki, onlar biznesdə uğur qazananda, daşınmaz əmlaklarının sayını artıranda, Kremldəki tiran 2008-ci ildən başlayaraq Cənubi Osetiyanı, Abxaziyanı, 2014-də Krımı və Donbasın yarısını işğal etmişdi və dünyadan da ciddi bir təpki görməmişdi. Putin üçün diplomatiya keçmir, qan keçir. Ona görə də Kreml sahibi ilə yumşaq, stimulverici tonla danışmaqla Tramp hər şeyi ukraynalılar və Avropa üçün daha da pisləşdirdi. Dünya bu ilin yanvarın 20-dən bəri Trampdan ciddi mövqe gözlədiyi bir vaxtda, Putin Sovet İttifaqının sərhədlərini bərpa etmək planlarını həyata keçirir, Dövlət Dumasında SSRİ-nin varlığına son vermiş Belovejski razılaşmasının hüquqi əsası olmadığını müzakirə edirlər. Putin eyni zamanda onu da bilir ki, Kremldə uzun ömür sürməsi və sağ qalması üçün Ukraynanın ona tabe olması şərtdir.

Ağ Evin “qonaqpərvərliyi” ora səfər etməyə hazırlaşan bəzi dövlət başçıları üçün düşündürücü ola bilər: gedim, getməyim... Hər kəsdə bir “günah” axtaran Bəyaz Saray sahibi Ukraynaya münasibətdə ən böyük günah işlətdiyini dərk etməlidir. Günahı yumaq hələ gec deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR