Onlayn ictimai-siyasi qəzet
Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının Rusiya ilə əlaqələri mövzusu yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt “Handelsblatt” qəzetinə müsahibəsində AfD-nin fəaliyyətini kəskin tənqid edib. Nazir bildirib ki, partiyanın davranışları artıq sadəcə “siyasi simpatiya” səviyyəsini keçib və ölkənin milli təhlükəsizliyi üçün real risk yaradır.
“AfD açıq şəkildə Putinə yaxınlıq nümayiş etdirir və bu, Rusiyaya casusluqla bağlı şübhələri tamamilə əsaslandırır. Bu partiya artıq Putinin alman partiyası kimi davranır”, – deyə Dobrindt vurğulayıb.
Nazirin sözlərinə görə, AfD-nin bəzi üzvlərinin Rusiyanın maraqlarını müdafiə edən açıqlamaları Almaniyanın demokratik dəyərlərinə və müttəfiqlik öhdəliklərinə ziddir.
Bundan əvvəl Türingiya əyalətinin daxili işlər naziri Georg Mayer bildirmişdi ki, AfD nümayəndələri parlament sorğularından sui-istifadə edərək Almaniyanın nəqliyyat, rəqəmsal və enerji infrastrukturu barədə məlumat toplayırlar. Bu fakt partiyanın Moskva ilə əməkdaşlıq etdiyi ehtimallarını daha da gücləndirib.
Gərginliyi artıran daha bir məqam isə AfD fraksiyası sədrinin müavini Markus Fronmayerin Moskvaya “siyasi danışıqlar” üçün səfər etmək niyyəti olub.
Xristian-Sosial İttifaqının (CSU) baş katibi Martin Huber bu səfəri “dövlətə xəyanət aktı” adlandıraraq, onun rəsmi şəkildə qadağan olunmasını tələb edib.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ