İnsanlara hürriyət, millətlərə istiqlal!

Ann Buayonun Şuşaya getməsi erməniləri yandırdı

Makrona Bakıdakı səfiri cəzalandırması üçün məktub göndərilib

Fransa səfirinin Şuşaya getməsi separatçıların həşir qoparmasına səbəb olub. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyan prezident Emmanuel Makrona qəzəbli   məktub göndərib.

Yada salaq ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon ötən ay Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi.

İndi isə separatçılar Makrona məktub yazaraq hansısa “tədbir” görülməsini xahiş edirlər.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP liderinin köməkçisi Əli Orucov Fransanın Azərbaycanın gücü qarşısında “ağıllandığını” söylədi: “Ermənilər və onun havadarı olan Fransa Azərbaycana qarşı hansısa çirkin niyyətlərini həyata keçirməyə çox cəhd göstərdi. 44 günlük müharibə dövründə Paris parlamenti qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qətnamə qəbul etdi. Fransa həmçinin təsir altında saxladığı beynəlxalq və regional təşkilatlar vasitəsilə də Azərbaycana davamlı təzyiqlər göstərdi. Ermənistanın sürətlənməsi üçün hər cür dəstəyini, o cümlədən hərbi, maliyyə, siyasi dəstəyini ifadə etdi. Ancaq bütün bunlar əks effekt verdi və Fransanın Cənubi Qafqazdakı nüfuzuna mənfi təsir göstərdi. Makron iqtidarının Ermənistan üzərindən regionda möhkəmlənmək planları iflasa uğradı. Çünki Azərbaycanla düşmənçilik edib, onun maraqlarını və mövqeyini nəzərə almadan bu geostrateji bölgədə möhkəmlənmək faktiki olaraq mümkün deyil. Bu günədək də edilən cəhdlər heç bir nəticə vermədiyindən Paris reallığı və Azərbaycanın gücünü qəbul etmək məcburiyyətində qaldı. Fransanın Azərbaycandakı səfiri Ann Buayanın Şuşaya nəhayətdə səfər etməsi və gördükləri barədə həqiqətləri səsləndirməsi Parisin Bakı ilə gərginliyi yumşaltmasının siqnalı kimi yozula bilər. Burada Azərbaycan diplomatiyasının uğuru da öz nəticəsini verir deyə bilərik. Ermənilərin cəhdlərinə və təxribatçı addımlarına baxmayaraq düşünmürəm ki, Fransa öz milli maraqlarını onların yersiz iddialarına və ambisiyalarına qurban versin”.

Niyaməddin Orduxanlı: Bəzi dairələri susdurduq

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı fransız səfirin açıqlamasının Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədiyini qeyd etdi: “Fransa səfirinin Şuşaya getməsi təsadüfi deyil. Nəzərə alsaq ki, Şuşa və Qarabağ 5 il idi ki, erməni işğalından azad olunmuşdu və bu günə qədər Fransa səfiri səfər etmirdi. Əlbəttə ki, burada əsas məsələnin kökündə Fransa-Azərbaycan münasibətləri dururdu. Fransanın açıq şəkildə Ermənistana verdiyi dəstək ortada var idi. Bu səbəbdən idi ki, Fransa haqsız olaraq və beynəlxalq hüququ pozaraq Azərbaycana qarşı ədalətsiz davranırdı. Azərbaycan dövlətinin inadı və prinsipial mövqeyindən sonra Fransa dövlətinin siyasətində yumşalma baş verdi. Hər kəs çox yaxşı bilir ki, Fransanın rəsmi tapşırığı olmasaydı, Azərbaycandakı Fransa səfiri Şuşaya səfər etməzdi. Ləğv edilmiş qondarma "artsax"ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyanın prezident Makrona qəzəbli məktubu heçnəyi dəyişdirməyəcək. Bütün hallarda Fransanın ermənilərə böyük sevgisi və dəstəyinin olmasına baxmayaraq, Fransa hər zaman Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Makron hansısa bir separatçının məktubu ilə səfirə nəsə edən deyil. Əslində ermənilər də çox yaxşı başa düşür ki, Fransa artıq Azərbaycanla normal münasibətlərin bərpasına çalışmaq üçün bir addım atıb. Biz də Fransa ilə əlaqələrin bərpasında maraqlı olmalıyıq. Ağıllı siyasət düşmənimin dostunu özümüzə dost etdirməkdir və ya düşmənimizə dəstəkdən məhrum etməkdir. Fransanın Azərbaycandakı səfiri Ann Buayonun “Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən şəhərdir. Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib”, deməsi bir daha sübut edir ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Buayon həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin gedişinə heyran qalıb. Bütün bunlar və verilən bəyanatlar onu deməyə əsas verir ki, Fransa Azərbaycana qarşı səhv mövqedə olduğunu başa düşməyə başlayıb və əlaqələrin bərpasında maraqlıdır. Separatçıların Makronun Azərbaycanla bağlı fikirlərinə heç bir təsiri olmayacaq. Ermənilər yaxşı başa düşürlər ki, tarix boyu böyük dövlətlər ermənilərdən öz məqsədləri üçün həm Azərbaycana, həm də Türkiyəyə qarşı istifadə ediblər. İstifadə müddəti bitdikdən sonra onları zibil yeşiyinə tullayıblar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR