İnsanlara hürriyət, millətlərə istiqlal!

Ballıca növbəti sakinlərinə qovuşdu - 33 illik həsrət bitdi

Keçmiş köçkün: “Biz onların fədakarlığı sayəsində cənnət Qarabağa qayıdırıq...”

İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir. Bu dəfə növbəti köç karvanının üz tutduğu ünvan Xocalı rayonunun Ballıca kəndi olub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib ki, bu mərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürülüb: “Xocalının Ballıca kəndinə qayıdanlar, elinizə, evinizə xoş gəldiniz”.

Qeyd edək ki, yeni köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin açarlarını təqdim edib. Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib: “Bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. "Böyük Qayıdış" proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb - su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir".

Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə - 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.

Xocalı rayonunun Ballıca kəndinə qayıdan sakin Rövşən Əhmədov çox sevincli olduqlarını deyib. O, kəndə qayıdacaqları günü çox gözlədiklərini vurğulayıb: “Özüm Ballıca kəndində böyümüşəm, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək yaralanmışam. Şükür, otuz üç ildən sonra doğma kəndimizə geri dönürük. O vaxt kənddən çıxanda ailəmiz üç nəfərdən ibarət idi, indi yeddi nəfərlə geri qayıdırıq. Bütün kənd sakinləri üçün çox sevincli gündür. İnşallah, bütün keçmiş məcburi köçkünlər tezliklə öz yurdlarına dönərlər. Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ballıca kəndini bundan sonra öz fəaliyyətimizlə inkişaf etdirəcəyik”.

Xocalı rayonunun Ballıca kəndinə qayıdan daha bir keçmiş məcburi köçkün Kəmalə Əliyeva böyük fərəh hissi keçirdiklərini bildirib. O, doğma yurda qayıdacaqları haqda xəbəri inanılmaz sevinclə qarşıladıqlarını deyib: “Uzun müddət Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədə yaşadıqdan sonra yenidən doğma kəndimizə qayıtdığım üçün çox sevincliyəm. Bizə bu sevinci yaşadan şəhid qardaşlarımın ruhları qarşısında baş əyir, onlardan halallıq istəyirəm. Qazi qardaşlarıma cansağlığı diləyir, hər birindən halallıq istəyirəm. Çünki biz onların fədakarlığı sayəsində cənnət Qarabağa qayıdırıq”.

Ballıca kəndinə növbəti köç karvanı yola düşür | İCTİMAİ XƏBƏR

“Böyük Qayıdış” proqramı çərçivəsində 29 iyul 2025-ci il tarixi də boş keçməyib. Belə ki, bu tarixdə növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Bu mərhələdə kəndə ümumilikdə 60 ailə 236 nəfər köçürülüb ki, onlar Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər, Bakı şəhərindən 20 ailə 73 nəfər, Ağdam rayonundan 7 ailə 20 nəfər, Mingəçevir şəhərindən 4 ailə 14 nəfər, Yevlax rayonundan 3 ailə 5 nəfər, Sumqayıt şəhərindən 1 ailə 6 nəfər, Abşeron rayonundan 1 ailə 3 nəfər, Ağcabədi rayonundan 1 ailə 2 nəfər, Qəbələ rayonundan 1 ailə 2 nəfər yeni ev sahibi olacaq.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə indiyədək 130 ailə 512 nəfər köçürülüb.

Onu da bildirək ki, “Qarabağa Böyük Qayıdış” prosesini daha təhlükəsiz həyata keçirmək üçün görülən əsas işlərdən biri də mintəmizləmə prosesidir. Digərləri kimi, bu proses də sürətlə gedir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb. Bildirilir ki, iyulun 21-dən 27-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 Hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR