İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ukraynaya qaz satdı: Rusiyada isterika başladı

Azərbaycanın Ukraynaya qaz tədarük etməyə başlaması Rusiyada böyük ajiotaja səbəb olub: hədə-qorxu gələn kim, “Azərbaycanın qazı yoxdur Ukraynaya verməyə” deyən kim... Halbuki ortada 20 ildən yuxarı bir müddətlik təcrübə var. Həmin təcrübə deyir ki, Azərbaycan heç vaxt üzərinə reallaşdıra bilməyəcəyi öhdəlik götürmür...

Xatırladaq ki, iyulun 28-də “Naftogaz” qrupuna daxil olan şirkətin ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı "SOCAR Group"un Ukraynadakı törəmə şirkəti - “SOCAR Energy Ukraine” ilə müqavilə imzaladığı aydın olub. Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli TransBalkan marşrutu üzrə - Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.

“Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski öz sosial şəbəkə hesabında prosesi təsvir edib: “Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”.

O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.

Məlumat ictimailəşəndən sonra Rusiyadan ilk açıqlama Azərbaycana qarşı açıq düşmənçiliyi ilə tanınan Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulindən gəlib. O hesab edir ki, Azərbaycan qazının Ukraynaya tədarükünə başlamaq qərarı açıq şəkildə Moskvanın müharibə apardığı Kiyevə dəstək məqsədi daşıyır: “Mənə elə gəlir ki, artıq bir müddətdir ki, hətta ən karlar və korlar da hiss etməyə başlayıblar ki, Azərbaycan öz xəttini yürüdür və bir sıra hallarda Rusiyanın maraqlarına düşmən münasibət bəsləyir. Bu, Bakının öz münasibətini nümayiş etdirmək üçün səbəb və fürsətlər axtardığının bir daha təsdiqidir. Ukraynaya qaz tədarükü ilə bağlı qərar birmənalı olaraq Rusiya Federasiyası ilə müharibə aparan Ukraynaya dəstək məqsədi daşıyır”.

Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi... - Baki-Xeber.com

Zatulinin fikrincə, Rusiya Mixail Qusmanı TASS rəhbərinin birinci müavini vəzifəsindən azad edən baş nazir Mixail Mişustinin yanaşmasını dəstəkləməlidir: “Çünki əks halda, apardığımız informasiya siyasəti nəticəsində məlum olur ki, İrana qarşı təcavüzün başlanmasında kinorejissorlarımızın İrandan çıxarılmasında Azərbaycanın çox böyük köməyi olub. Bunu hər yerdə hamıya çatdırıblar. Amma Azərbaycanın Buşəhrdəki AES işçilərinin ailələrini rusiyalı mütəxəssislərin yanına buraxmaması, bu barədə heç kimin xəbəri yoxdur”.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa isə fərqli fikirdədir. O, Pravda.Ru-ya bildirib ki, Ukrayna qazı sərfəli qiymətə satanlardan, o cümlədən Azərbaycandan alacaq. Deputatın sözlərinə görə, Ukrayna hakimiyyəti iqtisadi məqsədəuyğunluq prinsipi əsasında hərəkət edir və lazımi həcmdə yanacaq təklif etməyə hazır olan təchizatçılarla işləməyə məcburdur: “Onlar bizim qazımızı almırlar, çünki biz Ukraynaya qaz vermirik. Onlar isə haradan imkan varsa, haradan daha ucuzdur, haradan LNG və ya boru kəməri qazı ala bilərlər, oradan da alırlar”.

Qeyd edək ki, Ukrayna əvvəllər TransBalkan marşrutu ilə Yunanıstanda yenidən qazlaşdırılmış Amerika LNG-ni qəbul etməyi planlaşdırıb. Maye qaz Yunanıstan dəniz terminallarında təbii qaza çevrilərək kəmərlə Ukraynaya çatdırılmalıdır. 

“SOCAR Energy Ukraine” şirkətinin Ukraynanın 11 regionunda 58 yanacaqdoldurma məntəqəsi, həmçinin dörd neft anbarı (Kiyev, Odessa, Lvov və Xarkovda) və Odessada neft terminalı fəaliyyət göstərir. Bundan əlavə, Kiyev Bakıya öz yeraltı qaz anbarlarından beynəlxalq satış üçün istifadə etməyi də təklif edib.

Rusiya Hökuməti və Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov deyir ki, əvvəllər Rusiya Ukrayna, Dnestryanı, Moldova, Rumıniya və Bolqarıstan vasitəsilə Türkiyənin qərbinə qaz tədarük etmək üçün TransBalkan qaz kəmərindən istifadə edib. Qaz “Mavi axın” vasitəsilə Türkiyənin şərqinə gedirdi. “Türk axını” işə salındıqdan sonra Rusiyanın  alternativ güclərə ehtiyacı qalmayıb. Ukrayna TransBalkan kəmərindən Azərbaycan qazını əks istiqamətdə - Türkiyədən özünə bütün bu ölkələr vasitəsilə çatdırmaq üçün istifadə etməyə başlayır. Bu yolla Azərbaycandan qaz tədarükü ilə bağlı heç bir texniki problem yoxdur: “Lakin Azərbaycanın Ukraynaya bu marşrutla nə qədər qaz verə biləcəyi məlum deyil. Hazırda Azərbaycan Türkiyə və Avropanı ümumilikdə 16 milyard kubmetr qazla təmin edə bilər. Bu, Türkiyə ərazisindən keçən TANAP boru kəməri dəhlizinin, Avropa ərazisindən isə TAP-ın keçməsi nəticəsində mümkün olub. Azərbaycan bu həcmləri qarşılamaq üçün "Şahdəniz 2" yatağında da hasilatı genişləndirib. Nəticədə Türkiyə 6 milyard kubmetr, Bolqarıstan və Yunanıstan hər biri 1 milyard kubmetr, İtaliya isə 8 milyard kubmetr Azərbaycan qazı alır. Amma Azərbaycanın vaxtaşırı uzunmüddətli müqavilə həcmlərindən kənarda artıq qazı olur. Çünki bəzən Bakı planlaşdırdığından çox istehsal edir və bu izafiliyi bazara, ilk növbədə, Balkan regionuna satır. Bir qayda olaraq, bunlar uzunmüddətli deyil, qısamüddətli və ya ortamüddətli müqavilələrdir. Məsələn, 2024-cü ildə Azərbaycan Bolqarıstana bir deyil, uzunmüddətli müqaviləyə əsasən, mən hesab edirəm ki, 2 milyard kubmetr qaz satıb. Ukrayna ilə razılaşma birincisi, müntəzəm deyil, ikincisi, kiçik həcmdə yaranan bu profisitləri əhatə edir. Cənub Qaz Dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqlinin marşrutunu nəzərə alsaq, təbii ki, bunlar kiçik həcmlər olacaq. Bu kəmərlə nəqlin həcmi, Azərbaycanın malik olduğu resursların həcmi də məhduddur".

Milli Energetika İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov da iddia edir ki, “Azərbaycanın Ukraynaya ixracı kəskin şəkildə artırmaq imkanı yoxdur”. Buna görə də o, istisna etmir ki, söhbət hətta Türkiyə və ya Balkan ölkələrindəki LNG terminalına gələn və Azərbaycanın yenidən Ukraynaya satdığı qazın alınmasından da gedir: “Söhbət Ukraynanın "Naftoqaz" şirkəti ilə Azərbaycanın dövlət SOCAR şirkəti arasında bağlanan müqavilədən gedir. Və bu şirkət kifayət qədər iri avropalı treyder kimi fəaliyyət göstərməklə tanınır. Ona görə də mən istisna etmirəm ki, azərbaycanlı treyder qazı başqa təchizatçılardan alıb Ukraynaya satacaq. Bu, həm də Türkiyədə yenidən qazlaşdırılan LNG, hətta İran mənşəli qaz ola bilər.

Yuşkova görə, Ukrayna üçün yeni qaz tədarükçüsünün yaranmasının sırf iqtisadi səbəbləri də var: “Onun həqiqətən də idxal qazına ehtiyacı var və daimi əsasda, çünki son illərdə öz hasilatı azalıb, o cümlədən infrastrukturun dağıdılması və bir sıra köhnə yataqların itirilməsi, yataqların məhv olması nəticəsində Bundan əlavə, istilik mövsüm yaxınlaşır - istilik mövsümünün başlamasına cəmi bir neçə ay qalıb və Ukrayna yeraltı anbarlara vurmaq üçün əlavə qaz tapmalıdır. Avropanın Ukraynaya satmağa çoxlu qazı yoxdur, çünki onlar özləri istilik mövsümünə hazırlaşmalıdırlar. Ukraynada isə qışa hazırlıqla bağlı vəziyyət çətindir. Keçən qış istilik mövsümünün sonunda ölkə özünü tarixi minimumda gördü, yəni yeraltı anbarlardan mümkün olan bütün qaz həcmləri götürüldü. Buna görə də Kiyevin istilik mövsümünə hazırlıq üçün daha çox qaza ehtiyacı var”.

A.Frolov isə bildirir ki. 2024-2025-ci illərin ötən istilik mövsümünün əvvəlinə Ukraynada yeraltı anbarlarda 8,5 milyard kubmetr qaz toplanmışdı: “İstilik mövsümünün sonuna qədər ehtiyatların həcmi 700 milyon kubmetrdən aşağı düşüb. Yəni təxminən 7,8 milyard kubmetr qaz götürülüb. Bu, o deməkdir ki, ən azı eyni miqdarda, hətta daha çox qaz toplamaq lazımdır. Hazırda Ukraynanın anbarlarında 4,5 milyard kubmetrə yaxın ehtiyat var ki, bu, hələlik ehtiyatların həcminin yetərli olmadığını göstərir”.

İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə kifayətlənməyəcək -  Oxu.az

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Yeni Müsavat”a deyib ki, ötən il Avropa İttifaqı Azərbaycan qazının Rusiya üzərindən Ukraynya nəqli məsələsini gündəmə gətirib: “Onda da Rusiya şivən qopartdı. Bir xeyli müzakirələrdən sonra Ukrayna ilə Rusiya anlaşa bilmədiyinə görə təklif gündəmdən düşdü. İndi də kiçik həcmlərdə test çatdırılması həyata keçirilib. Azərbaycan öz imkanları daxilində bu həcmləri artıra da bilər. Bu, biznesdir, Rusiyanın hay-küyünə əsas yoxdur. Azərbaycan qazını Moldova da ala bilər. Azərbaycanın Moldovaya 500 milyon kubmetrə, Ukraynaya 1 milyard kubmetrə qədər qaz vermək imkanı ola bilər. Ukrayna ildə 18-19 milyard kubmetr qaz istehlak edir. Bunun bir hissəsini özü hasil edir, bir hissəsini isə xaricdən alır. Azərbaycanın verə biləcəyi 1 milyard kubmetr bunun qarşılığında çox kiçik həcmdir. Rusiyada bunu qəsdən şişirdirlər, sırf təbliğata hesablanmış kampaniyadır. Səbəbi də iyunun 27-də baş verən hadisələrdən sonra yaranan gərginlikdir”.

İ.Şabanın sözlərinə görə, Avropada Azərbaycandan qaz alan ölkələrin bir çoxu ilə uzunmüddətli müqavilələr yoxdur: “Onlar qazı daimi almırlar, ehtiyac duyduqları vaxtlarda alırlar. Bu baxımdan, eyni qaydada Ukraynaya da qaz satılması tam normal bir proses, ən əsası isə biznesdir. Rusiyada buna necə baxılmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR