Onlayn ictimai-siyasi qəzet
“İqtisadiyyatda aktivliyin artmasının, biznesin genişlənməsinin əsas elementlərindən biri də biznesin maliyyə resurslarına çıxışının asan və əlçatan olmasıdır.
Azərbaycan iqtisadiyyatı ilə Cənubi Qafqazın digər iki ölkəsinin iqtisadiyyatını müqayisə etsək, nəzərəçarpacaq böyüklüyü görə bilərik. Ancaq bu böyüklük bir sıra maliyyə göstəricilərində, o cümlədən kredit qoyuluşunun həcmində müşahidə edilmir. Halbuki illər əvvəl bu göstərici üzrə də lider ölkə idik”.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Samir Əliyev bildirib.
Bank sektorunun 2025-ci ilin birinci yarısı üzrə göstəricilərinin təhlilinə diqqət çəkən iqtisadçı qeyd edib ki, Gürcüstanın bank sektoru son illərdə olduğu kimi, kredit qoyuluşunun həcminə görə regionda liderliyini saxlayır:
“Belə ki, qonşumuzun bankları yola saldığımız yarım il ərzində kredit portfelini 4,3% artıraraq $22,6 milyarddan $24,3 milyarda çatdırmağa nail olub. Portfelin ən çox artımı – 10,3% digər qonşumuz olan Ermənistan banklarına məxsusdur. Bu ölkədə banklar kredit portfelinin həcmini $15,8 milyarddan $18 milyarda artırıblar.
Ən az artım (3,6%) Azərbaycan banklarında olub. Ölkəmizin bankları portfelin həcmini $16.2 milyarddan $16,7 milyarda yüksəldə biliblər. Bununla da kredit portfelinin həcminə görə ölkəmiz sonuncu yerə düşüb.
Hazırda kredit portfelinin bankların ümumi aktivlərində payı Ermənistanda 60%, Gürcüstanda 67,8%, Azərbaycanda 50,2%-dir.
Kredit qoyuluşunun ÜDM-də həcmi isə Gürcüstanda 72%, Ermənistanda 67,9%, Azərbaycanda 22,5% (qeyri-neft sektorunun ÜDM-də payı 37,8%) təşkil edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ