İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrokuboklarda hələ belə uğurumuz olmamışdı

UEFA reytinqində Rusiyanı ötərək bir pillə irəliləyə bilərik

Builki avrokubok mövsümü müstəqillik qazandığımız 34 ilin ən uğurlu mövsümüdür. Azərbaycanın UEFA reytinqində xal ehtiyatı daha da artıb. Bu “Qarabağ” (Çempionlar Liqası), “Zirə”, “Sabah” və “Araz Naxçıvan”ın (Konfrans Liqası) ikinci təsnifat mərhələsindəki uğurlu oyunları sayəsində mümkün olub.

İlk matçlarında “Qarabağ” “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “”Sabah" “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib.

Buna görə də Azərbaycanın UEFA-da reytinqinə ümumən daha 0,875 xal əlavə olunub. Təsnifat mərhələsində hər qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir. Bu isə iştirakçı ölkələrin komandaları arasında bölünür. Beləliklə, Azərbaycan bu həftə 3,5 xal qazanıb ki, bu da 4 yerə bölünüb.

Qeyd edək ki, hazırda ölkəmiz əvvəlkitək UEFA reytinqində 29-cu olsa da (18,125 xal) artıq gələn həftə Rusiyanı (18,299 xal) ötərək bir pillə irəliləyə bilər.

Xatırladaq ki, 28-ci pillədəki Ukraynanın isə 18,475 xalı var. Azərbaycandan 1 pillə geridə - 30-cu yerdə olan Bolqarıstan 16,875 xala malikdir.

Livaya ilə Rakitiçin adını çəkmək kifayət edir" - Kənan Məstəliyev »  Football-plus.az

 Kənan Məstəliyev

İdman mütəxəssisi Kənan Məstəliyev “Yeni Müsavat”da 4 klubumuzun da oyunlarını bu cür dəyərləndirdi: ""Qarabağ" İrlandiya səfərindən turu demək olar ki, həll edərək qayıtdı. Fəlakət, fors-major, möcüzə baş verməsə, Ağdam təmsilçisi ardıcıl 12-ci dəfə avrokubokların qrup (hazırda liqa) mərhələsini təmin edəcək. İrlandiya təmsilçisi sürətli, atletik, çevik komandadır, ancaq oyunçularının keyfiyyəti “Qarabağ”la müqayisədə çox aşağıdır. Oyunun özünə gəlincə, Yankoviçin yoxluğu aşkar göründü. Bu itki həm müdafiə, həm də hücum potensialımızı zəiflətdi. Onsuz da irəlidə seçimimiz azdı, orada variativliyə ümid etmirik. Üstəlik də, Kadi dayaqda oynadı ki, bu da işin yaradıcılıq tərəfini axsatdı. Addai çalışqan olsa da, Borgesin məhsuldarlığına (2-ci qolumuzda azacıq boşluq əldə edən kimi assisti təmin etdi) yaxın düşə bilməz. Nəticədə rəqib müdafiəsinin mərkəzi nisbətən rahat oynadı. Əvəzində bizim müdafiənin ortasında çətinlik vardı. Fərdi səhvləri də bura əlavə etməliyik. Rəqib “Şelburn” yox, daha yaxşı komanda olsaydı, fasiləyə məğlub yollanacağımız şübhəsiz idi. İkinci hissədə meydan sahibləri bizi qapımıza sıxmağa, təxminən 30 dəqiqə ərzində heç nə edə bilməməyə məcbur etdi. Təlim-məşq toplanışını təzə bitirən “Qarabağ”ın hazırda davam edən ölkə çempionatında oynayan, iki də ÇL matçı keçirmiş rəqibindən forma baxımından bir qədər geridə qalmasını normal qiymətləndirmək olar. Həm də buna öyrəşmişik. “Qarabağ” həmişə belə başlayır, avqustun ortaları, bəzən sonuna yaxın daha yaxşı təsir bağışlayır. Ümumilikdə, yaxşı, haqq edilmiş və vacib qələbədi. Sezona yaxşı başlamaq, psixoloji üstünlük əldə etmək vacib idi".

Həmsöhbətimiz hesab edir ki, “Zirə” də yaxşı başlanğıc etdi: “Konfrans Liqasının 2-ci təsnifatının bəlkə də ən reytinqlisi olan "Hayduk", bu adı ortaya qoya bilmədi. Bunda bizim “qartallar”ın da əməyi az olmadı. Hətta deyərdim, “Hayduk”un bəxti gətirdi. “Zirə” birinci yarını əla keçirdi. Qonaqların heç nə ilə yadda qalmadığı 45 dəqiqədə meydan sahibləri dəqiq və dominant futbol oynadılar. Zədələnənə qədər ən yaxşı olan Konate və yoldaşları startadaca pressinq tətbiq edib “Hayduk”un mümkün kombinasiyalarını beşikdəcə boğa bildilər. İş o yer çatdı ki, bəzi epizodlarda Livaya top almaq üçün müdafiəyə qədər qayıtmalı oldu. Rəşad Sadıqov rəqibi yaxşı öyrənmiş, yetirmələrinə doğru tapşırıqlar verə bilmişdi. Renato müdafiədə, Junior və İssa isə orta xətt və hücumda aktiv idilər, keyfiyyətli futbol nümayiş etdirirdilər. Fasilədən sonra isə xorvatlar “ayıldılar”. Bəli, başlanğıcda Martins və Cibrilanın əldə etdiyi şanslar qola çevrilsəydi, vəziyyət başqa cür ola bilərdi. Amma vurmayana vurarlar prinsipi hələ də işləyir. “Hayduk” yavaş-yavaş həm sürəti, həm cinahlar, həm də mərkəzdəki keçidlər, epizodlarla üstünlüyünü artırırdı. Görünürdü ki, bir tədbir görülməsə, hesab bərabərləşəcək. Elə də oldu. Bundan sonra oyun sakitləşdi. Komandalar cəhdlərini dayandırmadılar, istəkli davrandılar, amma bu o qədər aşkar olmadı. Sadıqov da, Qarsiya da əvəzetmələrlə oyuna müdaxilə edərək müəyyən dəyişikliklərə getdilər. “Zirə”nin əks-hücum, qonaqların isə mövqe oyununa üstünlük verdiyi göründü. Sumanın yoxluğu və zədələrin çoxluğunun “Zirə”nin hücum potensialına zərbə vurduğunu söyləmək olar. Avrokuboklarda minimal şanslardan da istifadə etmək lazımdı. Ümumilikdə, həm oyun planında, həm də performansa görə “Zirə” qələbəyə daha layiq tərəf idi. “Hayduk” isə özünə bənzəmədi. Bəlkə də rəqib əsas gücünü cavab oyununa saxlamışdı və Bakıda müəyyən kəşfiyyatla məşğul oldu. Bunu bir həftə sonra biləcəyik. Yox, Splitdə də bugünkü “Hayduk”a şahidlik edəcəyiksə, “Zirə”nin turu keçmək şansı az deyil".

“Araz-Naxçıvan”ın Yunanıstan təmsilçisi “Aris”lə oyuna gəlincə, müsahibimiz deyib ki, hesab arasındakı fərq böyük də ola bilərdi: “Ancaq bu da pis deyil. Qarşılaşmanı "Araz" demək olar ki, eyni tempdə keçirdi. Qonaqların ikinci hissənin əvvəlindəki aktivliyini nəzərə almasaq, tam üstünlük bizdə idi. Naxçıvanlılardan belə oyunu gözləməyən yunanlar ara-sıra hücumlar təşkil etməyə nail olurdular. Bunlardan biri “Araz”ın təmiz penaltisinin verilmədiyi epizodla başladı. Komandamız bir anlıq sayıqlığını itirməsinin cəzasını çəkdi. Bundan sonra əzmkarlıq və mübarizliyin gözəlliyi başladı. Turun əldə getdiyini düşündüyümüz anda “Araz” əla bir geridönüş etdi. Santos və Andradenin qolları bizə ümidli danışmaq imkanı verdi. Keyta 100 faizlik şansı dəyərləndirsəydi, hər şey daha yaxşı olacaqdı. Ümumilikdə, Elmar Baxşıyevin yetirmələri çox yaxşı təsir bağışladılar. “Aris”in müdafiə xəttini alqışlamaq lazımdı. 70-75 dəqiqə ərzində rəqib basqısının qarşısını almağı bacardılar. Baxmayaraq ki, bu elə də asan deyildi. Çünki hücumumuzda müxtəliflik vardı, hava və yerlə ötürmələr, cinah və mərkəzdən keçidlər bir-birini əvəzləyirdi. Yaxşı fiziki hazırlıq da öz sözünü dedi və isti havaya rəğmən “Araz” son saniyələrə qədər irəlidə təzyiq yarada, qonaqları bərabərlik topunu vurmaq istəyinin qarşısını elə ordaca ala bildi. Baxşıyevin planı işlədi. Şansımız var. Bu tempi səfərdə də saxlaya bilsək, adlı-sanlı rəqibi üstələyə bilərik. Elə də dəhşətli, qorxulu, keçilməz deyillər".

Nəhayət, “Petrokub” “Sabah” oyunu haqda  Kənan Məstəliyev bunları deyib: “Onlar "Sabah"a bərabər rəqib deyillər. Moldovalılar xüsusi heç nəyi olmayan, xüsusi nə iləsə fərqlənməyən komanda idilər. Düzdü, 1-ci hissədə yaxşı oynadılar, epizodlar əldə etdilər. Amma oyun 90 dəqiqədi. Və səviyyə fərqi aşkardı. Dambrauskasın da oyuna yaxşı hazırlaşdığı, lazımi nöqtələri bağlamağı bacardığını gördük ki, masazırlılar bir az  dəqiq olsaydılar, üstünlük şübhəsiz daha böyük olacaqdı. Ustalıq da, istedad da, bacarıq da biz tərəfdə idi. “Sabah” daha yaxşı oyunçulardan təşkil olunub və onlara həm uyğunlaşma, həm də güclərini bərpa etmək üçün vaxt lazımdı. Getdikcə, daha yaxşı komanda görəcəyik. Buna şübhəm yoxdur. Turu keçəcəyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR