Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə Fələstin, İsrail, Suriya və Livanda artan hərbi-siyasi gərginliyin fonunda Fransa dövlətinin fəallaşması müşahidə olunur. Belə ki, ötən həftə İsrail parlamentinin İordançayının qərb sahili əraziləri, yəni Fələstin muxtariyyəti torpaqlarını İsrail hökuməti tərəfindən ilhaqına yol açan qərarının ardınca Fransa prezidenti Emmanuel Makron sentyabrda Fələstini rəsmi olaraq tanıyacağını elan edib.
Qərar İsraildə sərt etiraz doğurub. ABŞ isə Makronun qərarını “ehtiyatsızlıq” adlandırıb. Lakin eyni zamanda bu qərar ərəb ölkələrində, xüsusən də Fələstində böyük dəstək qazanıb.
Müşahidəçilər Fransa prezidentinin Fələstinlə bağlı qərarını 2 ay sonraya ertələməsi ilə bağlı bir sıra “sui-qəsd” nəzəriyyələri irəli sürsələr də, aydın məsələdir ki, bu addım Parisin regionda yaranmış vəziyyətdə siyasi ağırlığını ortaya qoymaq cəhdi kimi qiymətləndirilir.
Yeri gəlmişkən, ötən həftənin əvvəlində Parisdə Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer arasında, ABŞ-ın Suriya üzrə xüsusi elçisi olaraq fəaliyyət göstərən Ankaradakı səfiri Tom Barrakın iştirakı ilə görüş keçirilmişdi. Bu görüşdən sonra Barrak və Şeybani Fransa xarici işlər naziri ilə bir araya gəlmişdi.
İki gün əvvəl isə Fransa prezidenti Makron Suriya prezidenti Əhməd əş-Şara ilə telefonla danışaraq ölkəsinin Suriyanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini bildirərək tərəfləri dialoqa dəvət edib.
Əlbəttə, prezident Makronun və hökumətinin Fələstin və Suriya mövzusundakı bu fəallaşması təkcə bölgədəki gərginliklə izah oluna bilməz. Hər kəsə aydındır ki, Yaxın Şərq artıq 100 ildən çoxdur ki, bu şəkildə müharibə və zorakılıq məkanı olaraq qalır.
Məsələ ondadır ki, Fransa 1916-cı il “Sykes-Pikot” anlaşması ilə ələ keçirdiyi bugünkü Suriya və Livan torpaqları üzərində siyasi təsirini ötən 100 ildə böyük ölçüdə qoruyub saxlamağa çalışıb. Paris vətəndaş müharibəsi illərində Livanda siyasi-diplomatik fəallıq nümayiş etdirib. Lakin “ərəb baharı” və Suriyada başlayan vətəndaş müharibəsi dövründə Parisin Suriya üzərində təsiri azalıb. Livanda isə gücü əlində saxlayan Hizbullahla soyuq münasibətlər səbəbi ilə Fransanın keçmiş müstəmləkə ərazisində ciddi təsiri qalmayıb. 2017-ci ildə Səudiyyə Ərəbistanında girov saxlanılan Livan baş naziri Səəd Həririni şəxsən öz təyyarəsində ər-Riyaddan Parisə aparmaqla Livandakı siyasi böhranın həllində ciddi addım atan Fransa prezidenti ölkəsinin “Levant”dakı keçmiş rolunu bərpa etmək üçün çalışdığını nümayiş etdirdi. Keçən ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəsdə də Fransanın ABŞ-la birgə təminatçı rolu olsa da, Paris müəyyən mənada ABŞ-ın kölgəsində qalıb.
Suriyada hakimiyyət dəyişikliyindən sonra Paris keçmiş mandatlıq ərazisində nüfuzunu bərpa etmək üçün bir sıra ciddi cəhdlər edib. Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranı ilk dəfə Avropa ölkəsinə rəsmi olaraq dəvət edən və Yelisey sarayında qəbul edən Makron Parisdə Suriya və Aİ arasında birgə konfransın keçirilməsinə ev sahibliyi edib.
Fransa prezidentinin son addımlarının arxasında isə bir neçə xüsusi səbəb dayanır. Birincisi, ABŞ-ın hazırkı hakimiyyətinin açıq şəkildə İsraili dəstəkləməsi bölgədə daha tərəfsiz və güclü Qərb ölkəsinin ortaya çıxması üçün zəmin yaradır. Belə bir ölkə Fransa ola bilər.
İkincisi, xüsusən də Suriyada Fransanın Yaxın Şərq və Şimali Afrikadakı əsas rəqibi Türkiyənin Vaşinqtonla ittifaq daxilində qurucu rol alması Parisi narahat edir. Fransa rəhbərliyi düşünür ki, Türkiyə və İsrail arasında artan gərginlik (Bakı görüşündən sonra İsrail və Suriya nazirlərinin Parisi seçməsində Türkiyə amilinin rolu vardır – K.R.), habelə kürd məsələsində Ankaranın tərəf olması Parisin meydana çıxması üçün zəmin yarada bilər.
Digər tərəfdən, Parisin tarixi olaraq Suriyadakı etnik və dini qruplarla əlaqələri qalır. Paris bu əlaqələrdən istifadə etməklə Suriyada keçmiş nüfuzunu və təsirini geri qazanmaq istəyir. Oxşar hərbi-siyasi situasiya Livanda da mövcuddur. Hizbullahın sıxışdırılması və İranın bu ölkədə təsirinin azalması Fransanın yenidən öz rolunu gücləndirməsi üçün zəmin yaradır.
Lakin Parisin fəallığının nəticəsi iki mühüm amildən asılı olacaq. Birincisi, Fransa hakimiyyəti bölgədəki rolunu gücləndirmək üçün Fələstin dövlətini tanımaqla bağlı qərarına sadiq olduğunu göstərməli və sentyabrda Fələstin dövlətini tanımalıdır. Bu isə elə də asan deyil, çünki bu qərara həm Fransanın daxilində, ümumilikdə Qərbdə ciddi müxaliflər var.
İkinci amil isə Parisin bölgədəki rəqibləridir. Vaşinqton yeni Suriyanı öz “əlində” saxlamağa çalışır. Bu məsələdə Parisə güzəşt etməsi o qədər də real deyil. Digər tərəfdən, Vaşinqton tərəfindən Suriyada “mandat” alan Türkiyə və Livanda mandat almış Səudiyyə Ərəbistanının rahatlıqla geri çəkiləcəyi gözlənilən deyil. Yəni Parisin artıq indidən bölgədə güclü rəqibləri var. Fransa isə son illərdə bölgədə siyasi cazibəsini itirir. Bu mənada Makronun Yaxın Şərq fəallığının uğurlu nəticə verəcəyi ciddi suallar doğurur.
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ