İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyanı “boz siyahı”ya salacaq

Avropa İttifaqı Rusiyanı çirkli pulların yuyulmasına nəzarəti zəif olan ölkələrin "boz siyahısı"na əlavə etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı Brüsseldəki mənbələrə istinadən "Financial Times" yayıb.

Avropa Komissiyasının rəsmiləri Avropa Parlamenti üzvlərinin əksəriyyətinin dəstəklədiyi belə bir addımın mümkünlüyünü nəzərdən keçirdiklərini bildiriblər. Amma hələ ki, qərar verilməyib.

AK sözçüsü bildirib ki, ölkələrin tam “boz siyahısı” bu həftə dərc edilməli idi, lakin komissiya son anda onun qəbulunu “inzibati/prosessual səbəblərə” görə gələn həftənin əvvəlinə təxirə salıb.

Qeyd edək ki, “boz siyahıya” daxil edilməsi ölkənin reputasiyasına xələl gətirir: maliyyə institutlarından siyahıdakı ölkələrdən olan qurumlar və ya fiziki şəxslərlə əməliyyatların icrası zamanı əlavə lazımi yoxlama aparmağı tələb edir ki, bu da daha yüksək xərclərlə nəticələnir.

Aİ-nin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə boz siyahısı adətən Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) siyahısı ilə tam uyğunlaşdırılır.

FT-nin tanış olduğu Komissiyanın ilkin siyahısı FATF tərəfindən verilmiş son versiyanın eyni olub: Əlcəzair, Anqola, Keniya, Fil Dişi Sahili, Laos, Livan, Monako, Namibiya, Nepal və Venesuela boz siyahıya əlavə edilir, Barbados, Cəbəllütariq, Yamayka, Panama, Seneqal, Uqanda və BƏƏ çıxarılır.

FATF 2024-cü ildə BƏƏ və Cəbəllütariqi siyahıdan çıxarıb, lakin keçən il Avropa Parlamentinin üzvlərinin əksəriyyəti bu addımı rədd etdikdən sonra Aİ-nin buna əməl etmək cəhdi iflasa uğrayıb. Sosial Demokratlar, Yaşıllar və Liberal deputatlar Körfəz dövlətinin çıxarılmasına etiraz ediblər, ispan mühafizəkarları isə Madridin iddia etdiyi Britaniyanın xarici ərazisi olan Cəbəllütariqə qarşı çıxıb.

Müxtəlif parlament qruplarının nümayəndələri bildiriblər ki, Rusiyanın da daxil olması Avropa Parlamentinin deputatlarını siyahıya dəstək verməyə inandırmağa kömək edəcək, çünki onlar yalnız onu təsdiq edə və ya rədd edə bilər, ona düzəliş edə bilməz.

FATF 24 fevral 2023-cü ildə Rusiyanı qrupdan çıxarıb. Daha sonra 2023-cü ilin iyununda, 2024-cü ilin oktyabrında və 2025-ci ilin fevralında Rusiyanın bu statusu saxlanılıb. Eyni zamanda ölkə təşkilatın nə “boz”, nə də “qara” (yüksək riskli yurisdiksiyalar) siyahısında yer almayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR